İNSAN OLMAĞI ARZULAYAN OYUNCAQDAN ÖYRƏNDİKLƏRİMİZ

İtalyan yazıçısı Karlo Kollodinin “Pinokyonun macəraları” (“Le avventure di Pinocchio”) əsəri 1881-1883-cü illərdə əvvəlcə uşaq jurnalında silsilə şəklində dərc olunub. Daha sonra kitab kimi nəşr edilən bu əsər dünya uşaq ədəbiyyatının ən tanınmış nümunələrindəndir.
Taxtadan oyulan Pinokyo insan olmağı arzulayan oyuncaqdır. Onun yaradıcısı kasıb, amma mehriban dülgər Gepetto bu oyuncağı öz övladı kimi sevir. Lakin Pinokyo azadlıq, macəra və asan həyat sevdası ilə atasının sözündən çıxaraq çoxsaylı sınaqlardan keçir.
“Pinokyo” mövzusu 1940-cı ildən bu günədək çoxsaylı film və animasiya versiyalarında işlənib. Bu fərqli adaptasiyalarda ümumi ideya eynidir - insanlıq sadəcə bədən məsələsi deyil, vicdan, sevgi və məsuliyyət daşımaq bacarığıdır.
Əsərdə Pinokyonun hər dəfə yalan danışdıqda burnunun uzanması əslində simvolik cəzadır. Bu, “hər yalan səni özündən uzaqlaşdırır” mesajını çatdırır. Bu metafora böyüklərə də yönəlib. Vicdanın səsinin susdurulması tədricən insanlığın itirilməsinə səbəb olur.
Pinokyonun əsas istəyi azad olmaqdır. Burada o, Səməd Behrənginin “Qara balığ”ını xatırladır. Hər ikisi azadlıq axtarışındadır və bu yolda müxtəlif sınaqlardan keçirlər. Pinokyo çıxdığı yolda aldanmaq və yanlış seçimlər nəticəsində acı təcrübələr yaşayır.
Müəllifin çatdırmaq istədiyi əsas mesaj budur ki, “Azadlıq yalnız seçmək deyil, seçimin nəticəsinə cavabdeh olmaqdır”. Yəni “böyümək” fiziki prosesdən daha çox mənəvi yetkinlik yoludur.
Əsərdəki Gepetto obrazı övladını şərtsiz sevən atanın simvoludur. O, səhvlərinə baxmayaraq, Pinokyonu heç vaxt tərk etmir. Bu sevgi və əfv etmək hissi nəticəsində Pinokyo dəyişir və sonda “əsl oğlan” olur. Burada müəllif göstərir ki: “İnsanı dəyişdirən tənqid deyil, sevgi və inamdır”.
Pinokyo çıxdığı yolda çoxlu obrazlarla rastlaşır, kimi onu aldadır, kimi ona yardım edir. Məsələn, tülkü və pişik insanları asan qazanc vədləri ilə yoldan çıxaran saxtakarları təmsil edir. Mavi Pəri (Blue Fairy) isə vicdan və mərhəmət simvoludur. Obrazlar arasındakı bu qarşıdurma uşaqlara və gənclərə göstərir ki, “hər parlayan qızıl deyil”. Doğru qərar vermək üçün daxili səsə qulaq asmaq lazımdır.
Guillermo del Toronun 2022-ci ildə “Netflix” üçün çəkdiyi müasir və simvolik yozumlu versiya müharibə, itaət və insanlıq dəyərlərinə daha dərindən işıq salıb. Bu versiyada hadisələr faşist İtaliyasında baş verir və azadlıq, itaət, fərqlilik kimi mövzular ön plandadır. Burada müəllifin ötürmək istədiyi mesaj daha aydındır: Hər bir “kukla” itaət edən, düşünmədən davranan insanı simvolizə edir. Əsl “insanlıq” isə müstəqil düşünmək, vicdanla seçim etmək deməkdir.

Del Toro filmin emosional çərçivəsini Gepettonun itkisi üzərində qurur. Oğlu Karlonun ölümündən sonra onun yerini doldurmaq üçün yaratdığı Pinokyo, əslində, atanın yaşadığı yas prosesinin simvoludur. Bu münasibət təkcə ata-övlad hekayəsi deyil, həm də insanın itki qarşısında dəyişməyə məcbur qalan psixoloji vəziyyətinə dair bənzətmədir. Gepetto Pinokyonun oğlundan fərqliliyini qəbul etməkdə çətinlik çəkərkən, del Toro tamaşaçıya valideynlərin bəzən fərqliliyi qəbul etməkdə yaşadığı anlaşılmazlıqları göstərir.
Filmin əsas ideyası Pinokyonun “düzgün davranmağı öyrənməsi”nə deyil, onun fərqliliyinin qəbul olunmasına fokuslanıb. Klassik versiyada Pinokyo səhvlərini düzəldərək “həqiqi oğlan” olmağa çalışır. Del Toro isə bu ideyanın özünü sual altına alır: niyə bir uşaq mütləq əvvəlcədən müəyyən edilmiş “mükəmməl” qəlibə uyğunlaşmalıdır? Pinokyo bu filmdə heç vaxt insan olmaq üçün öz mahiyyətindən imtina etmir, əksinə, insanlığı onu sevənlərin gözündə qazanır. Burada insanlıq bioloji forma deyil, sevgi, vicdan və azad seçim kimi anlayışlarla ölçülür. Pinokyo tədricən öyrənir ki, sevgini qazanmaq üçün bir başqasına bənzəməsinə ehtiyac yoxdur, hər kəs öz varlığı ilə dəyər qazanmalıdır.
“Pinokyo” həm kitabda, həm də filmdə mənəvi yüksəliş hekayəsidir. Bu animasiya klassik uşaq nağılının sərbəst, lakin dərin fəlsəfi yozumudur. Del Toro hekayəni sadəcə “canlanan taxta oğlan” macərası kimi deyil, insan olmağın mahiyyəti, sevginin ağrısı, ata-oğul münasibətinin mürəkkəbliyi və ölümün qaçılmazlığı üzərində qurur. Bu versiya həm vizual, həm emosional, həm də ideoloji baxımdan orijinal Pinokyodan kəskin şəkildə fərqlənir və tamaşaçıya narahat, qaranlıq, lakin səmimi dünya təqdim edir.
Filmin qaranlıq və sosial-siyasi fonu da diqqət çəkir. Del Toro hekayənin faşist İtaliyasında baş verdiyini göstərməklə özünəməxsus əlavə edir: Pinokyonun itaətə məcbur edilən, “mükəmməl vətəndaş” olmaq üçün modelləşdirilən faşist uşaqlardan fərqli olması məhz insanlıq və fərdiyyət mesajını gücləndirir. Bu əsərin özünün fövqündə duran tənqidi mövqedir: sistemləşmiş itaətkarlığın qarşısında sadəlövh dürüstlük və itaətsizlik dayanır.
Filmdə rejissorun diqqət yetirdiyi əsas mövzularından biri də ölümdür. Bu, uşaqlar üçün qorxulu görünsə də, rejissor bunu poetik və ustalıqla işləyib. Pinokyonun ölüm və “meşə ruhunun” yardımı ilə yenidən dirilməyə münasibəti, onun faniliyi anlaması və sonda Gepettonu xilas etmək üçün özünü qurban verməsi indiyə qədər çəkilən versiyalardan fərqləndirən məqamlardandır. Burada ölüm həyatın təbii hissəsi kimi qəbul olunur, ölümsüzlük isə inkişafın qarşısını alan vəziyyət kimi təqdim edilir.
Guillermo del Toronun “Pinokyo”su nağılın ənənəvi məzmunundan uzaqlaşaraq psixoloji hekayə yaradır. Bu film tamaşaçını sadəcə əyləndirmir; onu insanlıq, itki və sevgi haqqında düşünməyə məcbur edir. Del Toro Pinokyonu “mükəmməl oğlan”a çevirmir, onun qeyri-mükəmməlliyini gözəlliyə çevirir və bununla demək istəyir ki, insan olmaq üçün dəyişmək deyil, sevmək və sevilmək bəs edir.
Zemfira Məmmədqızı

