İntellektual, yoxsa emosional zəka vacibdir?




Zəka anlayışına insanın ünsiyyət, qavrama, yaddaş, yaradıcılıq, problem həlletmə, emosional bilik və özünüdərk baxımından sahib olduğu qabiliyyətlər daxildir. İllər əvvəl intellekt əmsalı - IQ həmişə ön planda olsa da, sonradan emosional zəkanın – EQ-nin əhəmiyyəti ilə bağlı araşdırmalar ortaya maraqlı nəticələr çıxarıb. "Bu iki zəka növündən hansı daha vacibdir?" və ya "IQ və EQ arasında hansı fərqlər var?" sualı məşhur universitetlərin araşdırma mövzusu olmaqda davam edir.

IQ termini əslində Intelligence Quotient-in abbreviaturudur və bir sıra standartlaşdırılmış araşdırma testlərinin nəticəsi kimi ortaya çıxıb. Bu testlər riyaziyyat, dil, yaddaş, məntiq və informasiyanın emal sürəti kimi sahələri araşdırmaqla sizin IQ-nüzü müəyyən edir.

EQ termini emosional intellekt göstəricisi mənasını verən Emotional Quotient-in abbreviaturudur. Emosional intellekt insanın duyğularını anlamaq, idarə etmək, qiymətləndirmək və ifadə etmək qabiliyyətidir.

 

EQ və IQ arasındakı fərqlər

 

Yüksək IQ balları olan fərdlər “biliyi” öyrənmək, anlamaq və tətbiq etməkdə daha bacarıqlı, yüksək EQ-lü şəxslər isə “emosiyaları” duymaq, empatiya qurmaq, duyğuları ifadə etmək və qiymətləndirməkdə məharətlidirlər.

Stanford Binet, WISC-R kimi standart testlərlə IQ balı riyazi olaraq asanlıqla hesablansa da, EQ səviyyəsini ölçmək üçün belə bir standart test olmaması çətinlik yaradır.

Alimlər qeyd edirlər ki, IQ göstəricisi beynin hər iki hissəsini əhatə etsə də, bu, beynin sol hissəsinin, EQ səviyyəsi isə beynin sağ hissəsinin daha aktiv olduğunu göstərir.

IQ ətraf mühit faktorlarından təsirlənsə də, əsasən irsidir, genlər vasitəsilə fərdlərə ötürülür; EQ isə ətraf mühitlə əlaqəlidir və xarici amilləri yaxşılaşdırmaqla təkmilləşdirilə bilər.

Yüksək IQ balları olan fərdlər diqqəti daha çox çətin tapşırıqlar, problemlərin təhlili və əlaqələndirilməsi, tədqiqat və inkişafı ehtiva edən, yüksək EQ balları olan şəxslər isə liderlik, komanda işi, əməkdaşlıq, həmrəylik, sahibkarlıq və uğurlu əlaqələri əhatə edən peşələrə yetirirlər.

İşə qəbul olmaq üçün IQ balı vacib olsa da, iş prosesi EQ səviyyəsinin yüksək olmasını tələb edir.

Araşdırmalar göstərir ki, fərd intellektli, amma uğursuz ola bilər. Bunun səbəbi onun yüksək IQ-ya, lakin aşağı EQ-ya malik olması, ətrafı ilə effektiv ünsiyyət qura bilməməsidir. Bunun əksi də mümkündür, fərd intellektli olmadan da uğur qazana bilər, çünki onun EQ səviyyəsi yüksəkdir. Amma hər iki göstəricisi yüksək olub uğur qazana bilməyənlərin psixoloji sahədə bəzi problemlərlə üzləşdiyini söyləmək olar.

Yüksək IQ balı akademik uğur üçün, yüksək EQ isə həyat uğuru üçün vacibdir. Bununla belə, yüksək intellekt həmişə uğurlu və stabil həyat demək deyil və özlüyündə yetərli olmur. Bəzi psixoloqlar, o cümlədən V. Bressert IQ səviyyəsinin müvəffəqiyyətə təsirinin təqribən 10, EQ səviyyəsinin isə 90 faiz olduğunu bildirirlər. Onların izahına görə, duyğular insanlar üçün əsas motivasiya vasitəsidir. Yüksək IQ-li şəxslərdən fərqli olaraq, yüksək EQ-lülər öz bacarıqlarından sui-istifadə edə bilərlər. Psixoloqlar bunu emosional intellektin qaranlıq tərəfi adlandırırlar. Onlar insanların emosiyalarını başa düşə və onları öz mənfəətləri üçün manipulyasiya edə bilərlər. Məsələn, Hitler yüksək emosional zəkaya malik lider idi və dünyada fəlakətlərə səbəb oldu.

IQ və EQ fərqli amillərə istinad etsə də, son araşdırmalar göstərir ki, düşüncələr və hisslər bir-biri ilə bağlıdır. Alimlər deyir ki, başqa fərdlərlə mənalı əlaqələr qurmadan təhlillər aparmaq , məntiqi nəticəni hesablamadan yalnız emosiyaları nəzərə almaqla irəliləmək mümkün deyil.