Kompüter kodlaşdırması ilə toxuculuq arasında əlaqə var

 

Alimlər bu qənaətə gəliblər ki, toxuculuq və əl işləri hər yaşda olan insanların psixi və fiziki sağlamlığı üçün faydalıdır. Xüsusilə şagirdlər üçün toxuculuq çox vacib bir öyrənmə vasitəsidir.

Papaq və ya oyuncaq pişik toxuyan uşaq ortaya öz əlləri ilə gözəl bir məhsul çıxardığının şahidi olur, konseptlərin necə reallaşdığını təcrübədən keçirir.

Waldorf təhsilinin yaradıcısı Rudolf Steiner təxminən 100 il öncə tələbələr üçün öyrənmə vasitəsinin nə qədər vacib olduğunu belə təsvir etmişdi:

“Oyun, yaradıcılıq və iş - təhsil üçün qızıl yoldur. Əgər uşaqlıqda bu qızıl yolla gedilərsə, həyatın sonrakı mərhələlərində qarşılaşacağınız ən mücərrəd tapşırıqlar və ya ən çətin texnikalar belə sizdə istəksizliyə səbəb olmayacaq”.

Toxuculuq isə bizə iradəni sənət əsərinə çevirmək və ya konkret işlər həyata keçirməkdən daha çox şey öyrədir və təklif edir. Yəni əlavə olaraq sadə və mürəkkəb riyaziyyat; əl, göz və beyin koordinasiyası, sensor inteqrasiya və möhkəmliyi aşılayır. Üstəlik, bütün bunları öyrətməklə yanaşı, bizə həm də rahatlıq verir...

 

Riyaziyyat

 

Toxuculuqda  say bacarığı  vacibdir. Şagirdlər toxuculuqda ilgək və sıraları saymalı və bunu tez-tez çaşdırıcı üsullarla etməlidirlər. Trikotajdan asılı olaraq müxtəlif rənglər və sıra uzunluqlarından istifadə etmək lazımdır ki, bu da uşaqlara yaranan və formasını dəyişən naxışlar haqqında çevik düşünməyə imkan verir.

Bu nümunələr və onlar haqqında düşüncə tərzi Londondakı Queen Mary Universitetinin elektrik mühəndisliyi professoru Doktor Karen Şopu heyran edib. İlk toxuculuq dərsindən sonra Şop kompüter kodlaşdırması ilə toxuculuq arasında əlaqə olduğunu başa düşüb.

“Biz xarici dünyamızda da “kodlaşdırma” edirik. Kompüterlər, qismən buşon (Bouchon) və jakarlı dəzgahlardan, yəni toxuculuqdan ilhamlanıb. Toxuculuq təlimi, adətən,  ikili hesablama sisteminə (kompüterlərdə olduğu kimi) əsaslanır və  kodlaşdırmada olduğu kimi, toxuculuqda da rəqəm və sim məzmununu idarə etmək üçün istifadə olunan müntəzəm ifadələr öyrədilir.

Karthage Universitetinin riyaziyyat professoru Sara Jensenin sözlərinə görə, toxuculuq təkcə kodlaşdırmaya deyil, həm də ən mürəkkəb formada həndəsəyə bənzəyir. Həndəsədəki mücərrəd və məkanyönlü  topologiya konsepsiyası toxunma ilə qüsursuz şəkildə nümayiş etdirilir.

Papaq və əlcək kimi dairəvi əşyaları toxumağın bir yolu ikitərəfli xüsusi toxuculuq iynələridir. Papaq toxunarkən üç millə formaya salınır və buna görə də üçbucağı xatırladır. Bununla belə, millər çıxdıqdan sonra iplər uzanır və toxuculuq bir dairə şəklini alır, onu tipik papağa çevirir. Həndəsənin topologiya sahəsi məhz budur. Topologiyada bütün çoxbucaqlılar nəticədə dairələrə çevrilir”.

Jensenə görə, “Toxuculuq həm də mücərrəd cəbr və topologiya anlayışlarını öyrədir ki, bu da tez-tez kollec riyaziyyatının birinci və yuxarı kurs tələbələri üçün əsas predmetlər olur. Bununla belə, bu fənlərin fəlsəfələri hər yaşda olan insanlar üçün anlaşılandır, bir şərtlə ki, düzgün öyrənmə vasitələri təmin olunsun”.

 

Nəhayət, vacib məqamlardan biri də riyaziyyatda əllə işləməyin daha yaxşı öyrənmə nəticələrinə gətirib çıxarmasıdır. Tədqiqatlar göstərir ki, fiziki materiallardan istifadə riyaziyyatı mənimsəməyə yardım edir.

 

Əl, göz və beyin koordinasiyası

 

Uşaqlar toxuculuq və ya digər sənətkarlıq işləri ilə məşğul olarkən onlara bir çox əsas inkişaf bacarıqları lazım olur. Bu bacarıqlara incə motor bacarıqlarının aktivləşdirilməsi, gözlə izləmə, əl və göz koordinasiyası, bədənin hər iki tərəfindən eyni anda  istifadə edilməsi və məkan düşüncəsi daxildir.

Simli alətdə ifa etmək Waldorf məktəblərində tədris proqramının standart hissəsidir. Bu, beyini təkmilləşdirən fəaliyyətlərlə bağlı araşdırmalarda da tez-tez öyrənilən bir mövzudur. Eynilə, toxuculuqda olduğu kimi, burada da eyni koordinasiya, motor bacarıqları və beyinin həm sağ, həm də sol yarımkürələrinin istifadəsini tələb edən multisensor təcrübə var. Yəni hansısa musiqi alətində ifa etməyin faydası şübhəsizdir.

 

Toxuculuq şagirdlərə müxtəlif parça və rənglər təklif etməklə həm də vizual qavrayışları inkişaf etdirir.

 

Vərdişin gücü

 

Toxuculuqla məşğul olan tələbələr diqqətlərini qarşılarında duran tapşırığa cəmləməli və günlərlə bununla məşğul olmalıdırlar. Ancaq sonda onlar hiss olunan gözəlliklə mükafatlandırılırlar - sıfırdan nəsə yaratmağı, zəhmətin, sənətkarlığın dəyərini öyrənirlər.

Rudolf Steiner bu vəziyyəti belə izah edir: “Belə bir məşğuliyyət insanı texniki dünya ilə tanış və səfərbər edir, digər tərəfdən isə diqqət gücünü öyrədir.”

 

Xoşbəxtlik və özünə hörmət

 

Və nəhayət, toxuculuq ruh üçün faydalıdır və özünə hörmətin inkişafına kömək edir.

Waldorf məktəblərində sənətkarlıq və təsviri incəsənət müəllimi Nikol Nikola deyir: “Əllərlə işləmək riyazi bacarıqları artırır. O, beyinin müəyyən sahələrini inkişaf etdirir ki, bu da başqa öyrənmə növlərinin ortaya çıxmasına kömək edir. Bütün bunlar elmi cəhətdən sübut edilib. Bununla belə, toxuculuğun başqa bir faydası da var. Bu, indiki gənclik və təhsil zehniyyətində çox çatışmayan xüsusiyyət olan özünə hörməti inkişaf etdirir”.

Araşdırmalar göstərir ki, toxuculuq idrak və yaddaş üçün faydaları ilə yanaşı, narahatlıq və stress hislərini azaldır, xroniki ağrıları aradan qaldırır, xoşbəxtlik və özünə inamı artırmaqla müsbət emosiyalar yaradır.

Toxuculuq, istirahət, oyun, sosial və emosional öyrənmə, musiqi və ya rəsm kimi  gün ərzində vaxt ayıra bilməyəcəyiniz  bir məşğuliyyət təəssüratı yarada bilər. Lakin, xüsusən də STEMyönlü (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) dünyamızda bunun məktəbdə uşaqlara  əsas bacarıqları öyrətmək üçün gözəl alət olduğu aydındır.