MƏKTƏBƏ PİYADA GETMƏK YADDAŞI GÜCLƏNDİRİR




Hazırda şagird və tələbələrin əksəriyyəti oxuduqlarını yadda saxlaya bilmədiklərindən şikayətlənirlər. Onlar imtahanlarda və ya gündəlik dərslərdə istədikləri nəticəni əldə edə bilmirlər. Güclü yaddaşın daha çox beyinin sağlamlığı ilə bağlı olduğunu deyən alimlər yaddaşı gücləndirmək üçün şagird və tələbələrə bir çox tövsiyələrini açıqlayıblar. Onların fikrincə, yaddaşın təkmilləşdirilməsi üsullarından istifadə etməklə dərslərdə uğuru artırmaq mümkündür.

Alimlər deyir ki, bədən əzələlərini möhkəmləndirmək məqsədilə fiziki hərəkətlər edildiyi kimi, beyini gücləndirmək üçün də ardıcıl məşq etmək lazımdır. Beyin nə qədər çox məşq etsə, məlumatları daha sürətli emal edə və yadda saxlaya bilər. Bu məşqlər üçün beyinə indiyədək tanış olmadığı və rahatlıq zonasından kənara çıxan tapşırıqlar verilməlidir. Məsələn, daha çətin, yeni musiqi parçasını ifa etməyi öyrənmək əzbərlənmiş əsəri ifa etməkdən daha təsirli olur.

Hansısa musiqi alətində çalmağı, dulusçuluğu, rəssamlığı, şahmat oynamağı, yeni dil və ya rəqs etməyi öyrənmək yaddaşınızı yaxşılaşdırmağa kömək edə bilər.

Helthline.com saytının bu mövzudakı məqalələrində qeyd olunur ki, güclü yaddaş üçün zehni məşqlərlə yanaşı, fiziki məşqlər də vacibdir. Fiziki fəaliyyət beyinə gedən oksigenin miqdarını artıraraq yaddaş problemləri riskini azaldır. Bu isə həm bədən, həm də yaddaş və beyinin güclənməsi üçün son dərəcə faydalıdır. Uşaqların məktəbədək olan yolu piyada getməsi, qısa bir gəzinti və ya yerində atılıb-düşməsi belə beyini aktivləşdirmək üçün kifayət edə bilər.

Uşaq sağlamlığını araşdıran institutlar yuxu və qida qəbulunun da beyinin fəaliyyətinə təsir etdiyini bildirirlər. Yuxusuzluq və qeyri-sağlam qidalanma uşaqların yaddaş, yaradıcılıq, problem həll etmə qabiliyyəti və tənqidi düşünmə bacarıqlarını pozur.

Problemi araşdıran mütəxəssislər uşaqların öyrəndiklərini daha asan yadda saxlaması üçün bir çox texnikalar təklif edirlər.

Oxunan mətnlə bağlı qısa qeydlərin aparılması, fasilələrlə təkrar etmək məlumatların daha tez və uzun müddət yadda qalmasına kömək edir. Təkrarlama neyronlar arasındakı əlaqələri gücləndirməklə yaddaşı aktivləşdirir. Amma iş tək bununla bitmir. Tədqiqatlar göstərir ki, təkrarlama təkbaşına istifadə edilərsə, səmərəsiz öyrənmə vasitəsi olaraq qalacaq. Bunun üçün onu digər texnikalarla birlikdə istifadə etmək zəruridir.

Uşaqların dost və yaşıdları ilə keçirdiyi vaxt da əslində onun öyrəndiklərini mənimsəməsinə təsir edir. Beyinin stimullaşdırılmasında sosial əlaqələrin də böyük rolu var.

Yadda saxlamağı asanlaşdırmaq üçün mnemonika, abbreviatura, mahnılar və ya qafiyələrdən istifadə də faydalıdır.

Mnemonika 1960-cı illərdən təhsilalanlar üçün səmərəli strategiya kimi sınaqdan keçirilir. Mnemonika (yunan dilindən tərcümədə - yaddasaxlama məharəti) — yadda saxlamağı asanlaşdırmaq üçün süni assosiasiyalar, xüsusi sxem və şərti işarələr sistemindən ibarətdir.

Mütəxəssislər müəyyən bir mövzunu araşdıranda texnologiyadan qabaq beyinə müraciət etməyi məsləhət görürlər. Təəssüf ki, həyatınızın bir parçası olan texnoloji qurğular “zehni tənbəlləşdirir”. Siri və ya Google-dan hansısa məsələni soruşmazdan əvvəl sual beyinə yönəldilməlidir. Bu proses beyindəki sinir əlaqələrini gücləndirməyə kömək edir.

Daim bir işlə məşğul olmağa çalışmaq da yaddaşı və beyin fəaliyyətini gücləndirir. Əslində gərgin iş qrafiki beyinin epizodik yaddaşını qorumaqda faydalıdır. Araşdırmalara görə, cədvəl və rəqəmlərlə işləyənlərin qavrama və yadda saxlama funksiyası daha aktivdir.

Rejimə görə yatıb oyanmağın da yaddaşa təsiri var. Hətta həftə sonlarında belə bu rutinə əməl etmək yuxu keyfiyyətini və dolayısı ilə beyinin daha yaxşı çalışmasını təmin edə bilər.

Valideynlər övladlarının daha keyfiyyətli yuxusu üçün yatmazdan əvvəl onların ekranlardan uzaq durmasına nail olmalıdır.

Cib telefonu, televizor və kompüter ekranlarından yayılan mavi işıq yuxu-oyanma dövrünü idarə edən hormon olan melatonin istehsalının qarşısını alır. Yuxusunu almayan və istirahət etməyən beyin neyronları məlumatları əlaqələndirə bilmir, hafizə və yaddaşa daxil olmaqda çətinlik çəkir. Odur ki, uşaqları yatmazdan bir saat əvvəl elektronik cihazlardan uzaqlaşdırmaq lazımdır.

Yaddaşın aktivliyinə təsir edən amillərdən biri də qidalanmadır. Mütəxəssislər sağlam həyat tərzi və daha güclü beyin fəaliyyəti üçün bitki əsaslı qidalara üstünlük verilməsini təklif edirlər. Tövsiyə olunan qidalara göyərtilər, tərəvəz və giləmeyvə, paxlalı bitkilər, qoz-fındıq kimi çərəzlər, toyuq və ya hinduşka əti, faydalı yağlar, otlar və ədviyyatlar, yağlı dəniz balıqları daxildir. Omeqa-3 yağ turşularının mənbəyi olan balıqlar uşaq qidaları arasında xüsusi yer tutur. Bu yağ beyin və sinir hüceyrələrinin qurulması, öyrənmə prosesi və yaddaş üçün vacibdir .

Healthline.com saytının məqaləsində qeyd olunur ki, yuxarıda göstərilən üsullardan bir neçəsini gündəlik həyat tərzinə əlavə etmək həm fiziki sağlamlığı qorumağa, həm də beyinin öz funksiyalarını daha yaxşı yerinə yetirməsinə kömək edə bilər.