MƏKTƏB NƏ ÖYRƏTMƏLİDİR?

Sürətlə dəyişən dünyada “uğurlu həyat” anlayışı öz ilkin məzmununu müəyyən qədər itirib. Əgər keçmişdə sabit iş yeri, diplom və uzunmüddətli karyera uğurun əsas göstəricisi sayılırdısa, bu gün çeviklik, ömürboyu öyrənmə və çoxşaxəli bacarıqlar daha çox ön plana çıxır. Xarici mətbuatda tez-tez vurğulanır ki, məktəblər hələ də sənaye dövrünün tələblərinə uyğun model əsasında fəaliyyət göstərir, halbuki müasir dünya tamamilə fərqli bacarıqlar tələb edir.
The Guardian və Forbes kimi nəşrlərdə dəfələrlə qeyd olunur ki, gələcək iş yerlərinin əhəmiyyətli hissəsi ya hələ mövcud deyil, ya da sürətlə avtomatlaşdırılır. Bu şəraitdə məktəbin əsas missiyası uşaqları konkret peşəyə deyil, dəyişən şəraitə uyğunlaşa bilən fərdlər kimi yetişdirmək olmalıdır. Mövcud təhsil proqramları çox vaxt uşaqları düzgün cavabı tapmağa yönəldir, halbuki real həyatda düzgün sual vermək daha vacibdir.
Xarici təhsil tənqidçilərinin xüsusi vurğuladığı məsələlərdən biri də məktəblərdəki qiymətləndirmə sistemidir. Standart testlər və imtahanlar, əsasən, yaddaşı, qısa müddətli biliyi və qaydalara uyğunluğu ölçür. Həyatda uğur qazanmaq üçün vacib olan risk almaq, səhvlərdən öyrənmək, alternativ yollar tapmaq kimi bacarıqlar bu sistemdə demək olar ki, nəzərə alınmır.
Bir çox məqalələrdə qeyd edilir ki, uşaqlar məktəbdə səhv etməkdən qorxmağa öyrəşirlər. Bu qorxu isə sonradan təşəbbüskarlığın və yenilikçiliyin qarşısını alır. Uğurlu həyat isə çox vaxt məhz səhvlərdən nəticə çıxarmaq və çətinliklər qarşısında dura bilmək bacarığı ilə formalaşır. Bu baxımdan məktəblərin yalnız nəticəyə deyil, prosesə və inkişaf dinamikasına diqqət yetirməsi vacibdir.
Xarici mətbuatdakı məqalələr və araşdırmalar məktəblərin uşaqları gələcək iş dünyasına, gündəlik həyata və dəyişən cəmiyyətə hazırlamaq üçün bəzi həyati bacarıqları kifayət qədər öyrətmədiyini vurğulayırlar. Böyük Britaniyada aparılan sorğuya görə, respondentlərin yalnız 10 faizi məktəblərin uşaqları gələcək həyat üçün lazım olan bacarıqlarla təmin etdiyini düşünür. Bəs britaniyalılar lazımi bacarıqlar sırasına nəyi daxil edirlər?
Maliyyə savadlılığı
Uşağın öz büdcəsini idarə etmək bacarığı bu sahənin yalnız başlanğıcıdır. Xarici respondentlər məktəblərdə uşaqlara öyrədir:
- bank hesabı açmaq və idarə etmək,
- kredit və borcun riskləri,
- faiz anlayışı,
- vergi və sosial ödənişlərin əsasları,
- qənaət və uzunmüddətli maliyyə planlaması.
Onların fikrincə bu bacarıqlar olmadan gənclər əmək bazarına daxil olduqda ciddi çətinliklərlə üzləşə bilərlər.
Qida savadlılığı və sağlam həyat tərzi
Artıq təsdiqlənib ki, yemək bişirmək təkcə məişət bacarığı deyil. Bura həm də
- sağlam və balanslı qidalanma,
- etiket oxuma və məhsul seçimi,
- qida təhlükəsizliyi və gigiyena,
- minimal büdcə ilə sağlam menyu hazırlamaq da daxildir.
Britaniyalı mütəxəssislərin məqalələrində vurğulanır ki, bu biliklər uzunmüddətli sağlamlığa birbaşa təsir edir:
Ev təsərrüfatının idarə edilməsinə kommunal xərclərin planlaşdırılması, evdə təmir və sadə texniki işlər, kirayə müqaviləsi anlayışı, vaxtın və gündəlik işlərin təşkili daxildir.
Xarici ekspertlərə görə, müasir həyatda emosional və psixoloji stabillik də ən azı riyaziyyat qədər vacibdir. Bura stresslə mübarizə üsulları, emosiyaların idarə edilməsi, konfliktlərin sivil həlli, psixi sağlamlıq barədə ilkin biliklər aiddir.
Bu bacarıqlar gənclərin təkcə işdə yox, şəxsi həyatda da uğurlu olmasına kömək edir.
Hüquqi və vətəndaş savadlılığı
Xarici ekspertlər vurğulayır ki, yeniyetmələr müstəqil həyata qədəm qoymamış hüquq və vəzifələrini bilməlidirlər. Bura, əsasən, əmək hüququ, istehlakçı hüquqları, müqavilələri oxumaq və anlamaq bacarığı, onlayn hüquqlar və məsuliyyət daxildir.
Britaniyalı valideynlərin məktəbdə şagirdlərə səmərəli kommunikasiya bacarıqlarının öyrədilməsinə də tərəfdardırlar. Onların fikrincə, şagirdlər məktəbdə həm müəllimlə, həm də yoldaşları ilə ünsiyyət quraraq effektiv kommunikasiya bacarıqlarını inkişaf etdirməlidirlər. Bu bacarıq iş həyatı, şəxsi münasibətlər və komanda işi üçün üçün həyati əhəmiyyət daşıyır.
Valideynlər məktəbdən uşaqlarda tənqidi düşüncə və yaradıcılığı da inkişaf etdirməsini gözləyirlər. Bura məlumatı analiz etmək, qərar vermək və fikir formalaşdırmaq qabiliyyəti daxildir. Bu bacarıq uşaqların təkcə dərs suallarını yox, real həyat problemlərini də həll etməsinə yardım göstərir. Belə bacarıqlar həm akademik, həm də şəxsi səviyyədə uğura təsir edir.
Yaradıcılıq yalnız sənət və musiqi kimi sahələrlə məhdudlaşmamalı, riyaziyyat, elm, gündəlik problemlərin həllində stimul verən hal kimi tədris olunmalıdır. Sorğular göstərir ki, uşaqların çoxu öz yaradıcılığını gücləndirən fəaliyyətlər nəticəsində özünəinam və problemləri həll etmək bacarıqlarını daha yaxşı inkişaf etdirir.
Xarici mətbuatda xüsusi yer tutan mövzulardan biri də şagirdlərin rəqəmsal savadlılığıdır. Müasir uşaqlar informasiya bolluğu içində böyüyürlər, lakin məlumatı seçmək, yoxlamaq və düzgün şərh etmək bacarığı çox vaxt sistemli şəkildə öyrədilmir. Məktəb proqramlarında texnologiyadan istifadə edilsə də, onun tənqidi və etik istifadəsi kifayət qədər vurğulanmır. Sosial şəbəkələr, süni intellekt alətləri və onlayn platformalar həm böyük imkanlar, həm də risklər yaradır. Buna görə də məktəb uşaqlara yalnız texniki bacarıqlar deyil, eyni zamanda media savadlılığı, məlumatın etibarlılığını yoxlamaq, rəqəmsal təhlükəsizlik və onlayn etik davranış qaydalarını da öyrətməlidir. Bu bacarıqlar olmadan müasir dünyada uğurlu və təhlükəsiz həyat qurmaq çətindir.
Xarici ekspertlərin ümumi qənaəti ondan ibarətdir ki, uğurlu həyata hazırlıqda məktəb başlanğıc nöqtəsi olmalıdır, son dayanacaq yox. Məktəb uşağa öyrənməyi öyrətməli, sual verməyi təşviq etməli və onu öz potensialını kəşf etməyə yönəltməlidir. Bu zaman müəllim yalnız bilik ötürən deyil, həm də bələdçi və mentor rolunu oynamalıdır. Uğurlu həyat üçün məktəb proqramları insan mərkəzli, çevik və həyatla sıx bağlı olmalı, uşaqlara həm düşünməyi, həm də yaşamağı öyrətməlidir.
Zemfira Məmmədqızı

