ŞAGİRDİ ÖYRƏNMƏK VƏ ONA PEDAQOJİ XARAKTERİSTİKA TƏRTİB ETMƏK HAQQINDA


MƏMMƏDƏLI MƏHƏRRƏMOV




İnsan həyatının ilk günlərindən başlayaraq yaşadığı cəmiyyətdə müəyyən ictimai fəaliyyət göstərə biləcək inkişaf etmiş bir şəxsiyyət olana qədər çox mürəkkəb psixi inkişaf yolu keçir. Körpəlik, məktəbə qədər və məktəb dövrünün müxtəlif mərhələlərində və nəhayət, daha sonrakı yaşlarda uşaq və gənclərin, həmçinin yaşlı adamların psixi həyatını diqqətlə öyrənərkən bu inkişaf özünün bütün müxtəlif keyfiyyət və çoxcəhətliliyi ilə aydın surətdə nəzərə çarpır. Uşaq inkişaf edib yaşa dolduqca onun psixi xüsusiyyətləri də inkişaf edir, psixoloji siması təşəkkül tapır və bir müəyyənlik kəsb edir; onda daha yüksək yeni keyfiyyətlər əmələ gəlir. Bu inkişaf yeni ilə köhnənin gərgin mübarizəsi şəraitində cərəyan edir. İnkişaf prosesində, vaxtilə əmələ gəlmiş bəzi xüsusiyyətlər öz mövqeyini yenilərinə verir. Bu yeni xüsusiyyətlər də inkişaf edir, yeni keyfiyyətlər kəsb edərək kamala yetir və bütün bunlar məktəblinin psixoloji simasını dəyişdirir, ona getdikcə genişlənən və yüksələn, artan və mürəkkəbləşən məzmun verir. İnsan psixolojisinin müəyyən dövrlərini əhatə edən bu inkişafda ciddi bir qanunauyğunluq vardır. Bu dövrlər bir-birini təsadüfi deyil, qanunauyğun surətdə əvəz edir. İnkişafın hər bir mərhələsi ondan qabaqkı dövrün daxilində əmələ gəlir, sonrakı daha yüksək mərhələyə keçid sıçrayış yolu ilə olur.

Lakin uşağın inkişafını özbaşına buraxmaq ciddi səhv olardı. Uşağın psixi inkişafı tərbiyə və təlim prosesində, tərbiyəçinin – müəllimin ciddi düşünülmüş rəhbərliyi altında getməlidir. Müəllim uşağın inkişafına şüurlu surətdə istiqamət verir, buna nəzarət və rəhbərlik edir. Bu isə böyük bacarıq və ustalıq tələb edən məsul bir vəzifədir. Bu vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün müəllim uşaq psixolojisini dərindən bilməli, onda baş verən hər bir dəyişikliyi görməyi bacarmalıdır. Lakin uşaq psixolojisini bilmək azdır. Uşağın inkişafına fəal surətdə təsir göstərmək, ona istiqamət verməyi bacarmaq da xüsusilə zəruridir. 

Bunun üçün şagirdin bütün xüsusiyyətlərini, onun psixologiyasında baş verən dəyişiklikləri bütün incəlikləri ilə bilmək lazımdır. Tərbiyə işinin müvəffəqiyyəti çoxcəhətli uşaq psixologiyasını mükəmməl bilməkdən xeyli asılıdır. Bunu hər bir təcrübəli müəllim öz pedaqoji fəaliyyətində dəfələrlə hiss etmişdir. Buradan pedaqogikanın əsas tələblərindən biri olan şagirdlərdə fərdi yanaşmanın böyük əhəmiyyəti aydın olur. Təlimdə olduğu kimi, tərbiyə işində də uşağa fərdi yanaşmağın böyük əhəmiyyəti vardır. Pedaqoji ustalığın “sirri də” məhz bundadır. Müxtəlif xüsusiyyətləri ilə bir-birindən fərqlənən məktəblilərə fərdi yanaşmadan onları öyrənmək və düzgün tərbiyə etmək mümkün deyildir. Bu fərdi yanaşma sayəsində müəllim ayrı-ayrı şagirdləri ətraflı öyrənə bilir, tərbiyəçi ilə tərbiyə olunan arasında səmimiyyət yaranır və nəticədə uzun-uzadı yorucu nəsihətə, cansıxıcı, yeknəsək sözçülüyə yer qalmır.

Müəllim şagirdin çoxcəhətli xüsusiyyətlərindən əsas olanları, onun rəftar və münasibətlərinə iz buraxan və möhkəmlənməyə başlayanları görməyi bacarmalıdır. Əsas və tipik olan bu fərdi xüsusiyyətlər şagirdin təşəkkül etməkdə olan səciyyə əlamətləridir. Bütün bunları dərk etmək və öyrənmək şagirdin fərdi xüsusiyyətlərini öyrənmək deməkdir ki, bunun da uşağın tərbiyəsinə düzgün istiqamət vermək və ona təsir göstərmək üçün çox böyük əhəmiyyəti vardır.

Fərdi yanaşma müəllimdən psixoloji məlumatla bərabər məktəblinin psixolojisini öyrənmək üsullarını bilməyi və bunlardan bacarıqla istifadə etməyi də tələb edir. Bunsuz şagirdin şəxsiyyətini öyrənmək və ona təsir göstərmək işində səhvlər olacağı şübhəsizdir.

Şagirdin səciyyəvi xüsusiyyətlərini öyrənmək və təlim-tərbiyə işində bundan məharətlə istifadə etmək üçün, hər şeydən əvvəl, səciyyənin psixoloji məna və təbiətini anlamaq lazımdır. Biz səciyyə dedikdə, adətən, şəxsiyyətin bütün həyat fəaliyyəti və təzahürlərinə möhkəm iz buraxan, xarici aləmə, hər şeydən əvvəl, başqa adamlara olan münasibətində onun özünə məxsus bir müəyyənlik ifadə edən fərdi xüsusiyyətlərini nəzərdə tuturuq. Demək, şagirdin səciyyəsini öyrənmək – onun gerçək aləmin müxtəlif amillərinə, əməyə, başqa adamlara, həmçinin öz-özünə münasibətində təzahür edən əsas, möhkəmlənmiş əlamət və xüsusiyyətləri öyrənmək deməkdir. Bununla birlikdə, onun hissi, iradi və əqli keyfiyyətlərini əks etdirən səciyyə əlamətlərini xüsusi diqqətlə öyrənmək lazım gəlir.

Burada bir cəhət xüsusilə əhəmiyyətlidir. Şəxsiyyət yaşadığı cəmiyyətin ictimai həyatını və tarixi dövrün xüsusiyyətlərini əks etdirir. Başqa sözlə, insanın subyektiv həyatı, yaşadığı cəmiyyətin həyatı, burada göstərdiyi ictimai fəaliyyət və münasibətlər əsasında təşəkkül edir. Müəyyən dövrdə yaşayan adamlar, bir sıra fərdi səciyyə əlamətlərilə bir-birindən fərqlənirlər. Bununla birlikdə onlar həmin dövrün müəyyən sinfinə mənsub olan adamlar üçün tipik səciyyəvi xüsusiyyətlərə də malikdirlər. Demək, şəxsiyyət, onun psixi proses və xüsusiyyətləri, səciyyəvi əlamətləri həyatda, təlim-tərbiyə prosesində, əmək və mübarizədə, işdə, ictimai-siyasi fəaliyyətdə təşəkkül edir və kamala yetir. İnsanın bu psixoloji xüsusiyyətləri, hər şeydən əvvəl, fəaliyyətdə təzahür edir.

Şagirdin əsas fəaliyyət növü təlimdir. Biz təlim-tərbiyə prosesini düzgün qurmaqla şagirdi düzgün tərbiyə edir, eyni zamanda onu bu prosesdə də öyrənirik. Çünki uşağın malik olduğu səciyyə əlamətlərinin rüşeymləri burada, təlim-tərbiyə prosesində inkişaf edir və möhkəmlənir. Digər tərəfdən, burada özünə yer etməyə başlayan mənfi əlamətlər də ola bilər. Mənfi əlamətləri vaxtında görməyi bacarmaq və təmkinli, ardıcıl tərbiyəvi təsirlər vasitəsilə tədriclə aradan qaldırmaq, yox etmək lazım gəlir. Buradan, uşağı məktəbə qədəm qoyduğu ilk günlərdən öyrənməyə başlamaq zərurəti meydana çıxır.

Tərbiyə prosesində şagirdin passiv qalacağını zənn etmək səhv olardı. Bacarıqlı müəllim, məktəblinin yaş xüsusiyyətlərini nəzərə alaraq,
tədriclə onu öz-özünü tərbiyə işinə cəlb edir, onda, iradə və səciyyənin inkişafı ilə əlaqədar olan özünütərbiyə bacarığı əmələ gətirir. Bu da şagirddə özünüdərketmə qabiliyyətinin yaranması ilə bağlıdır. Sinif və məktəb kollektivinin üzvü olan şagird, müəllimin təsiri və rəhbərliyi sayəsində, malik olduğu müsbət və mənfi cəhətlərini getdikcə daha artıq dərk edir, yaxşı xüsusiyyətlərinin möhkəmlənməsinə, mənfi xüsusiyyətlərin isə ləğv edilməsinə çalışır. Bütün bunlar şagirdi öyrənmək üçün istifadə edilən üsullarda nəzərə alınmalı, bu üsullar uşağın səciyyəvi əlamətlərini üzə çıxarmağa, onun tərbiyə və yenidən tərbiyə olunmasına xidmət etməlidir.

Şagirdi yalnız bu və ya başqa bir üsul vasitəsilə hərtərəfli və tam öyrənmək mümkün deyildir. Bunun üçün müxtəlif üsullardan qarşılıqlı surətdə istifadə etmək lazım gəlir. Müəllim bu üsullar vasitəsilə məktəblidə olan müsbət və mənfi səciyyə əlamətlərini aydınlaşdırır, bu və
ya digər məktəbliyə hansı üsul, tərz və vasitələrlə yanaşmaq lazım gəldiyini müəyyənləşdirir.

Həmin üsulların bəzi səciyyəvi xüsusiyyətlərini müxtəsər qeyd edək.

Müşahidə üsulu. Şagirdi birdən-birə, bir neçə gün müddətində hərtərəfli öyrənmək mümkün deyildir. Psixologiyada çox geniş yayılmış müşahidə üsulundan istifadə etdikdə, müəllim şagirdi ətraflı öyrənmək imkanına malik olur. Müəllim şagirdi öyrənmək üçün dərsdə, tənəffüsdə, ictimai işdə, sinifdən və məktəbdən xaric işlərdə, ailədə, bir sözlə, təlim və tərbiyə prosesində müşahidə edir. Müşahidə əsnasında şagirdin işinə müdaxilə edilməməlidir.

Müşahidə uzun müddətli və ya dövri ola bilər. Şagirdi mümkün qədər daha ətraflı və tam öyrənmək üçün uzun müddətli müşahidə daha əlverişlidir. Müəllim bunun sayəsində məktəbli haqqında dəyərli məlumat əldə edir. Lakin yeri gəldikcə ayrı-ayrı cəhətləri öyrənmək üçün dövri müşahidələrdən istifadə etmək lazım gəlir.

Müşahidənin nəticəsi ona ciddi hazırlaşmaqdan çox asılıdır. Bu, hər şeydən əvvəl, müşahidənin məqsədini dürüst müəyyən etməyi tələb edir. Məqsəd müəyyənləşdirildikdən sonra ətraflı düşünülmüş plan tərtib edilir. Burada şagirdin hansı sinifdə oxuduğu, onun yaş xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Planda həmçinin nəyi, hansı cəhətləri müşahidə etməyin gərəkdiyi xüsusilə göstərməlidir. Çünki
“ümumiyyətlə, müşahidə” müəllimin diqqətini əsas cəhətlərdən yayındıra bilər. Müşahidə dəqiq olmalı və şagirdi öyrənmək nöqteyi-nəzərindən səciyyəvi olan dəlillər, “müşahidə dəftəri” adlandırılan xüsusi gündəliyə qeyd edilməlidir. Bu dəlillərin düzgün və obyektiv surətdə təsvir edilməsi, sonra bunlardan nəticə çıxarmaq üçün çox mühümdür. Lakin müəlllim nəticə çıxarmağa tələsməməli, mümkün qədər daha artıq müşahidə etməyə, şagirdi daha ətraflı öyrənməyə çalışmalıdır. Müşahidəni çox uzatmaq da düzgün deyildir. Çünki əldə etdiyimiz müəyyən nəticədən gələcək tərbiyə işinin yaxşılaşması üçün istifadə etməliyik. Bundan başqa, hələ yenicə təşəkkül etməyə başlayan uşaq səciyyəsi dəyişkəndir. Əgər müşahidələrdən nəticə çıxarmaq gecikdirilərsə, şagirdin xarakteristikasında yazdığımız bəzi cəhətlər köhnələr, öz əhəmiyyətini itirə bilər. Hər iş öz vaxtında görülməlidir.

Müəllimi maraqlandıran cəhətləri şagirdin yalnız zahiri rəftar və fəaliyyətində axtarmaq o qədər də düzgün deyildir. Odur ki, xarici təzahürlərə və psixoloji hallara əsasən şagirdin daxili aləmini açmaq və müəyyən etmək üçün həssas müşahidəçilik qabiliyyəti lazımdır. Lakin bu qabiliyyət anadangəlmə deyildir. Bunu müəllim özündə tərbiyə və inkişaf etdirməlidir. Bu da, müəllimin öz üzərində müntəzəm və təkidli surətdə çalışması, pedaqoji fəaliyyətinə yaradıcılıqla yanaşması sayəsində, tədriclə əldə edilir.

Müşahidələr vasitəsilə əldə edilən nəticələri, şagirdin psixoloji xüsusiyyətlərini öyrənmək üçün istifadə edilən başqa üsulların yardımı ilə yoxlamaq və tamamlamaq lazımdır.

Təcrübə üsulu. Bu üsuldan istifadə edərkən qarşıya qoyulmuş məqsədə müvafiq olaraq istənilən psixi proses qəsdən əmələ gətirilir və tədqiq edilir. Təcrübə üsulunda müxtəlif cihazlardan da istifadə etmək mümkün və məcburi deyildir.

Psixologiyada təcrübə üsulunun tətbiqi mühüm rol oynayır. Müşahidəyə görə, bu üsulun üstünlükləri, şübhəsiz, böyükdür. Təcrübə üsulu vasitəsilə tədqiqat aparılarkən istənilən psixi proses yaradılır və istənilən qədər təkrar etdirilir. Bunun üçün nisbətən az vaxt tələb olunur. Müşahidə zamanı isə müşahidəçi bu və ya başqa prosesin təbii cərəyanını gözləməlidir ki, bu da çox vaxt aparır. Təcrübə üsulu ilə aparılan tədqiqat zamanı əldə edilən nəticə daha dərin və doğru olur, çünki bu nəticələri dəfələrlə yoxlamaq və təshih etmək imkanı vardır.

Bütün bunlarla yanaşı olaraq mürəkkəb və çoxcəhətli səciyyə təzahürlərini yalnız təcrübə üsulu vasitəsilə tam surətdə öyrənmək olmaz. Həm də təcrübə zamanı laboratoriya və ya bu məqsədlə ayrılmış xüsusi otağın süni şəraiti proseslərin təbii cərəyanına mane olur, alınan
nəticələrin düzgünlüyünə mənfi təsir göstərir. 

Görkəmli rus psixoloqu A.F.Lazurski (1874-1917) təcrübə üsulundakı bu süniliyi aradan qaldırmaq məqsədilə “təbii təcrübə” adlandırdığı üsulu yaratmış və məktəblilərin səciyyəsini öyrənərkən, müşahidə ilə birlikdə bu üsuldan da geniş istifadə etmişdir. A.F.Lazurski təbii təcrübə üsulu vasitəsilə şagirdlərin səciyyəsini öyrəndikdə bu mərhələlərdən istifadə edirdi:

1. Şagirdlər qrupu üzərində müşahidə aparmaq və toplanmış məlumata əsasən ilk xarakteristika tərtib etmək;

2. Şagirdlərin psixoloji xüsusiyyətləri haqqında müşahidə vasitəsilə əldə edilmiş məlumatı yoxlamaq və dürüstləşdirmək, yeni xüsusiyyətləri aydınlaşdırmaq məqsədilə təcrübə dərsləri təşkil etmək;

3. Şagird haqqında son, mükəmməl xarakteristika tərtib etmək.

Şagird haqqında tam və mükəmməl nəticələrə gəlmək üçün onu yalnız dərs prosesində öyrənmək kifayət deyil. Bu vasitə ilə şagirdi öyrənmək birtərəflidir. Onu, həmçinin ictimai işlərdə, sinifdən və məktəbdənkənar məşğələlərdə, ailədə və s. bu kimi təbii şəraitdə də öyrənmək lazımdır.

Müsahibə üsulu. Müəllim müsahibə vasitəsilə bir tərəfdən şagirdin daxili aləmini açmağa səy edir, o biri tərəfdən də ona tərbiyəvi təsir göstərir. Müəllim şagirdin müsbət və mənfi cəhətlərini hiss edərək, müsbət cəhətlərin inkişafı və möhkəmlənməsinə, mənfi cəhətlərin isə aradan qaldırılmasına çalışmalı və məktəblinin özünü bu prosesə cəlb etməlidir.

Müsahibə müəyyən məqsəd daşımalıdır. Şagirdə veriləcək suallar, müsahibənin aparılacağı vaxt və şərait əvvəlcədən ətraflı surətdə düşünülməli və müəyyənləşdirilməlidir.

Müsahibə səmimi olmalıdır. Şagirdin nəzərində müəllimin həqiqi nüfuza malik olması şagirdin verdiyi cavabların səmimi olmasına xeyli müsbət təsir göstərir.

Müsahibə zamanı şagirdlərin verdiyi cavablar, müsahibə qurtaran kimi qeyd edilsə yaxşı olar. Bu qeydləri şagirdin yanında yazmaq yaxşı
deyil, çünki şagird, müsahibənin onu öyrənmək məqsədilə aparıldığını bilməməlidir. Yoxsa, verilən cavablar qəsdən dəyişdirilə bilər. Belə
olduqda isə istənilən nəticəni əldə etmək olmaz. Müsahibə zamanı alınan cavabların qeydini ləngitmək də olmaz, çünki cavabların müəyyən hissəsi unudula bilər. Sonra bu qeydlərdən lazımi nəticələr çıxarılmalıdır.

Müsahibə, bəzən müşahidə əsasında əldə edilmiş məlumatı, bəzən də təcrübənin nəticələrini yoxlamaq və daha dəqiqləşdirmək məqsədilə də aparıla bilər.

Tərcümeyi-halı öyrənmə. Şəxsiyyətin səciyyəsini öyrənərkən onun keçdiyi həyat yolunu diqqətlə nəzərdən keçirmək lazımdır. İlk dəfə gözlərini ailədə açan uşaq, ailə üzvləri arasında mövcud olan gerçək münasibətlərin qüvvətli təsirinə məruz qalır. Bu təsir öz inikasını uşağın səciyyəsində tapır. Tərcümeyi-halın öyrənilməsi, şagirdin səciyyəsinin təşəkkülünü və buna təsir edən amilləri müəyyən etməyə kömək göstərir. Şagirdin tərcümeyi-halını obyektiv surətdə öyrənməyə, ailə üzvləri ilə uşağın qarşılıqlı rəftar və münasibətlərini düzgün aydınlaşdırmağa xüsusilə diqqət vermək lazımdır. Burada şagirdin ailə həyatı ilə bilavasitə tanış olmaq, yeri gəldikcə müsahibədən istifadə etmək lazım gəlir. Göstərdiyimiz üsullardan qarşılıqlı surətdə istifadə edərək, şagirdin psixolojisini öyrənmək sahəsində əldə edilmiş məlumatı səliqə və sistemlə “müşahidə dəftəri”, yaxud “sinif rəhbərinin qeydləri” adlandırılan xüsusi dəftərə yazmalı, sonra bunun üzərində diqqətlə işləyib lazımi nəticələr çıxarılmalıdır. Bu qeydlərin, həmin sinifdə dərs deyən müəllimlərlə birlikdə müzakirə olunması və lazımi dəyişiklik və əlavələr edilməsi çox yaxşı nəticə verir.

Bütün bunların nəticəsində şagirdə mümkün qədər dürüst və müəyyən xarakteristika tərtib edilməlidir. Xarakteristika tərtib edərkən bu və ya başqa səciyyə əlamətinin əmələ gəlməsinə təsir edən amilləri, şagirddə özünü göstərən müsbət və mənfi xüsusiyyətləri dürüst qeyd etməklə bərabər, gələcək tərbiyə işlərinin düzgün davam etdirilməsinə yardım edən pedaqoji nəticə və tədbirləri göstərməlidir. Lakin bununla iş bitmir. Şagirdi öyrənmək və onu tərbiyə etmək sahəsindəki bu iş hər il davam etdirilməlidir. Müəllim şagird haqqındakı məlumatını getdikcə genişləndirir və dərinləşdirir. Müəllim şagirdi inkişaf prosesində öyrənməlidir. O, şagirddə əmələ gələn dəyişiklikləri görməli və bunu hər tədris ilində şagird üçün tərtib olunan xarakteristikada əks etdirməlidir. Hər il şagird üçün tərtib edilən və şəxsi işində saxlanan xarakteristikaları son sinifdə nəzərdən keçirdikdə, şagirdin keçdiyi ümumi inkişaf yolu, onun yetişməsində məktəb və müəllimlərin xidməti aydın olur. Bütün bunlar əsasında məktəbi bitirən hər bir şagirdə, müəyyən, aydın və dürüst xarakteristika yazmaq imkanı əldə edilir. Digər tərəfdən, işin bu növ təşkili müəllimlər kollektivinə yaxşı iş təcrübəsini ümumiləşdirmək və geniş yaymaq imkanı da verir.