TƏCRÜBƏSİ OLMAYANLAR TƏCRÜBƏNİ HARADA QAZANMALIDIR?




Universiteti bitirəndən sonra iş həyatına başlamaq önəmli, bir o qədər də çətin prosesdir. Bu keçid dövrü bir çox gənclər üçün həm qeyri-müəyyənlik, həm də stress yaradır. Onlar yeni mühitə uyğunlaşmaqda çətinlik çəkirlər. Tədqiqatlar göstərir ki, bu çətinliklərin əsas səbəbləri təcrübə çatışmazlığı, əmək bazarının tələblərinə uyğun bacarıqların olmaması və psixoloji amillərdir. Ali təhsil müəssisələrində tələbələr, əsasən, nəzəri biliklər əldə etdiklərinə görə real iş mühitində onları tətbiq etmək imkanları məhdud olur. Bu isə məzunların əmək bazarında rəqabət qabiliyyətini azaldır. Digər əsas çətinlik əmək bazarının tələbləri ilə məzunların bacarıqları arasındakı fərqlərdir.

2023-cü ildə Dünya İqtisadi Forumunun apardığı tədqiqatlar göstərir ki, məzunların 60 faizindən çoxu universitetdə əmək bazarında tələb olunan əsas bacarıqların öyrədilmədiyini bildirir. Bu da onların iş tapmağını çətinləşdirir və əlavə təlimlərə ehtiyac yaradır. Odur ki, tələbələrin universitetdə aldıqları təhsilin daha çox təcrübəyönlü olması üçün yeni metodologiyaların tətbiqi təklif olunur.

Bu mərhələdə psixoloji faktorların da böyük əhəmiyyəti var. “Amerika Psixoloqlar Assosiasiyası”nın 2021-ci ildə apardığı araşdırmalar göstərir ki, məzunların 50 faizindən çoxu iş axtarışı prosesində böyük stress keçirir və bu, onların motivasiyasına mənfi təsir göstərir. Özlərinə inamın olmaması və uğursuzluq qorxusu da onların motivasiyasını azaldan amillərdir. Azərbaycanda keçirilən oxşar bir tədqiqat göstərib ki, yeni məzunların 45 faizi iş tapmaqda çətinlik çəkdiyi üçün depressiya və narahatlıq halları yaşayır. Bəzi psixoloqlar qeyd edirlər ki, keçid mərhələsində tələbələrə karyera məsləhətləri və psixoloji dəstək proqramlarının verilməsi onların uğur qazanmasına kömək edə bilər.

Oksford Universitetinin Təhsil və Karyera İnkişafı Mərkəzinin son illər apardığı tədqiqatın nəticələrinə əsasən universitetlərdə tətbiq edilən mentorluq proqramları məzunların 30 faizinin iş tapma müddətini əhəmiyyətli dərəcədə qısaldıb. Tədqiqat çərçivəsində universitet məzunları arasında sorğular keçirilib və onların əmək bazarına inteqrasiyasını sürətləndirən əsas amillər araşdırılıb. Mərkəzin direktoru Jonatan Blek problemi həll etmək üçün bir neçə yanaşma təklif edir:

  • Təcrübəyönlü tədris metodları – universitetlər tədris prosesində nəzəri biliklərlə yanaşı, tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasını təmin edən praktiki tapşırıqlara və layihələrə üstünlük verməlidir;
  • Staj və təcrübə proqramlarının genişləndirilməsi – tədqiqatların nəticələri göstərir ki, tələbələrin real iş mühitində təcrübə keçməsi onların peşəkar bacarıqlarını və iş tapmaq ehtimalını artırır;
  • Universitetlər və şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi – şirkətlərlə birgə layihələr və təcrübə imkanları tələbələrin iş dünyasına daha sürətli və səmərəli qoşulmasını təmin edir.

Tədqiqatçılar bildirir ki, bu tədbirlər məzunların əmək bazarında daha uğurlu olmasına və işsizlik səviyyəsinin azalmasına töhfə verə bilər. Bununla yanaşı, tələbələr də öz üzərində işləməli, müxtəlif sahələrdə bacarıqlarını inkişaf etdirməlidirlər. Könüllülük fəaliyyətləri, layihələrdə iştirak və fərdi təşəbbüslər onların həm təcrübə qazanmalarına, həm də özlərini işəgötürənlərə daha yaxşı təqdim etmələrinə kömək edə bilər.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2022-ci il üzrə hesabatına görə, yeni məzunların təxminən 70 faizi iş tapmaq üçün altı aydan çox vaxt sərf edir. İşəgötürənlərin iş təcrübəsi tələb etməsi isə əsas maneələrdən biri kimi qeyd olunur. Yerli və beynəlxalq şirkətlər arasında aparılan sorğular göstərir ki, işə qəbul prosesində namizədlərin peşəkar təcrübəyə malik olması əsas prioritetlərdəndir.

Avropa Təhsil Fondunun apardığı araşdırmalara görə, tələbələrin 65 faizi staj proqramlarının məcburi olmasının onların iş həyatına hazırlığını artıracağını düşünür. Avropa Birliyinin bu istiqamətdə apardığı tədqiqatlar göstərir ki, belə təcrübə imkanlarının artırılması tələbələrin iş həyatına keçidini sürətləndirir. Bundan əlavə, təhsil proqramlarına daha çox praktiki bacarıq qazandıran kursların daxil edilməsi onların iş bazarına daha hazırlıqlı çıxmasına imkan yaradır. Məsələn, Almaniyanın ikili təhsil modeli bu sahədə uğurlu nümunələrdəndir. Bu sistem tələbələrə həm akademik biliklər, həm də iş təcrübəsi qazandıraraq onların iş tapmaq şanslarını artırır. Tədris müddətində onlar müxtəlif müəssisələrdə çalışır, əmək bazarının tələblərinə uyğun bacarıqlar mənimsəyir və çox vaxt məzun olduqdan dərhal sonra iş tapmaq imkanı qazanırlar. Bu yanaşma, xüsusilə texniki sahələrdə yüksək effektivlik göstərir və Almaniyada peşəkar kadrların yetişdirilməsində mühüm rol oynayır. Bu modelin uğurlu olmasının səbəbi onun məzunlara iş dünyasına adaptasiya üçün geniş imkanlar yaratmasıdır.

İnkişaf etmiş ölkələrdə tətbiq edilən digər bir metod isə işə hazırlıq proqramlarıdır. ABŞ-nin “Workforce Readiness Program”ı çərçivəsində tələbələrə iş tapmaq, CV tərtib etmək və müsahibələrə hazırlaşmaqla bağlı təlimlər keçirilir. 2020-ci ildə Kanadada aparılan araşdırmalar göstərib ki, bu cür proqramlarda iştirak edən tələbələrin 75 faizi məzun olduqdan sonra ilk altı ay ərzində iş tapıblar. Bu proqramlar müxtəlif formalarda həyata keçirilir:

  • Gənclərə ünsiyyət, problem həlli, liderlik, komandada işləmək kimi yumşaq bacarıqlar (soft skills) qazandırılır;
  • Məzunların seçdikləri sahəyə uyğun texniki bacarıqları inkişaf etdirmək üçün xüsusi kurslar təşkil olunur;
  • Şirkətlərin nümayəndələri tələbələrlə görüşlər keçirir, onlara karyera məsləhətləri verir və mentorluq dəstəyi göstərir;
  • Real iş şəraitini əks etdirən tapşırıqlar və simulyasiya proqramları vasitəsilə tələbələrə təcrübə qazandırılır;
  • İşə hazırlıq proqramlarının bir hissəsi olaraq, tələbələr müxtəlif şirkətlərdə staj keçmək və real iş mühitində təcrübə toplamaq imkanı əldə edirlər.

Bəzi ölkələrdə yeni məzunlar üçün xüsusi əmək yarmarkaları təşkil edilir və dövlət tərəfindən maliyyələşdirilən təcrübə proqramları həyata keçirilir. Məsələn, Finlandiyada dövlətin dəstəklədiyi “Gənc peşəkarlar” proqramı sayəsində məzunların iş tapmaq göstəricisi 60 faizə yüksəlib.

Bu tendensiyanın təsiri artıq ölkəmizdə də hiss olunmaqdadır. Son illər Azərbaycanda da əmək yarmarkaları və tələbələr üçün xüsusi təcrübə proqramları keçirilir. Ölkəmizdə bir neçə universitetin aparıcı şirkətlərlə birgə reallaşdırdığı təcrübə proqramlarının sayı və onlara maraq getdikcə artır.

Ağca Talıbova