“Təbiət dedektivləri” ola bilərikmi?

Müasir təhsil sistemində “sinif” anlayışı artıq dörd divarla məhdudlaşmır. Xüsusilə ibtidai sinif səviyyəsində uşaqların dünyanı duyğuları ilə kəşf etməyə olan təbii ehtiyacı açıq havada STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) təhsilini seçim deyil, zərurət halına gətirir.
Açıq havada keçirilən STEM dərslərinin effektivliyi bir neçə amillə izah olunur. Birincisi, “yaşayaraq öyrənmə” metodologiyası burada özünü daha qabarıq göstərir. Şagird bir bitkinin fotosintez prosesi haqqında məlumatı kitabdan oxuyanda bu onun üçün mücərrəd konsepsiya olaraq qalır. Lakin günəşli bir gündə yarpağın teksturasına toxunmaq, onun rəngini müşahidə etmək və ətrafındakı rütubəti hiss etmək öyrəndiklərini qalıcı yaddaşa köçürür.
İkincisi, açıq havada dərslər diqqət bərpası nəzəriyyəsi əsasında işləyir. Qapalı məkanlarda uşaqların diqqəti tez dağılır, lakin təbii mühit “yumşaq maraq” yaradaraq beyini yormadan öyrənməyə imkan verir. Bu, xüsusilə ADHD (diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu) olan şagirdlər üçün əvəzolunmaz fürsətdir. Dərsə başlamazdan əvvəl “səssiz müşahidə” dəqiqəsi (məsələn, 1 dəqiqə ərzində neçə fərqli səs eşidirlər) keçirərək onları sakitləşdirmək vacibdir.
“Edutopia” saytı müəllimlərə aşağıdakı tövsiyələri verir:
- Ekosistemlərin təhlilinə fikir verin: məktəb həyətindəki bir kvadrat metrlik ərazini “tədqiqat zonası” elan edin. Şagirdlər burada neçə növ canlının (qarışqalar, soxulcanlar, otlar, mamırlar və s.) yaşadığını saysınlar.
- Hava müşahidələri də vacibdir: şagirdlər gündəlik temperaturu, küləyin istiqamətini və bulud tiplərini qeyd edərək öz “meteoroloji stansiyalarını” qura bilərlər.
Çox vaxt texnologiyanı yalnız kompüterlərlə əlaqələndiririk. Lakin açıq havada problemi həll etmək üçün istifadə olunan hər bir alət texnologiya sayıla bilər.
- Böyüdücü cihazlar: rəqəmsal mikroskoplar və ya sadə böyüdücü şüşələr vasitəsilə uşaqlar təbiətin mikro-mühəndisliyini (məsələn, bir arının qanad quruluşunu) görə bilərlər.
- İdentifikasiya tətbiqləri: Planşet və ya smartfonlardan istifadə edərək bitki və quş növlərini tanıyan proqramlarla (məsələn, İNaturalist, Seek və ya Merlin Bird ID) “təbiət detektivi” oyunları keçirmək olar.

“Edutopia” bildrir ki, mühəndislik bölməsi təbiətdə şagirdlərin yaradıcılığına daha çox təsir edir. Uşaqlara təbiətin ən böyük mühəndis olduğunu və bizim ondan öyrənməli olduğumuzu tez-tez xatırlatmaq lazımdır. Uşaqlarda mühəndislik bacarığını formalaşdıran tapşırıqlardan da istifadə etmək faydalı olar:
- Yuva qurmaq yarışı. Şagirdlərə yalnız ətrafdan tapdıqları materiallarla (çöp, palçıq, quru ot) bir quş yuvası düzəltməyi tapşırın. Onun, həm dözümlü olmasına, həm də daxili temperaturu qorumasına diqqət etsinlər.
- Su filtrləmə sistemləri. Təbii materiallardan (daş, qum, kömür, yarpaq) istifadə edərək çirkli suyun təmizlənməsi üçün filtr dizayn etmək də başqa bir tapşırıq ola bilər.
- “Yağış sularının torpağı yumaması üçün hansı növ bəndlər qura bilərik?” Belə tapşırıqlar şagirdlərin biomimetika (təbiətdən ilhamlanan texnologiya) anlayışını dərk etməsinə kömək edəcək.
Müəllimlərə ən maraqlı tövsiyələrdən biri riyaziyyatı kağız üzərindən çıxarıb torpaq üzərinə keçirməklə bağlıdır.
- Fraktallar və nümunələr: şam qozalarında, çiçəklərin ləçəklərində və yarpaq damarlarında Fibonaççi ardıcıllığını və simmetriyanı axtarın.
- Ölçmə və statistika: ağacların gövdəsinin diametrini ölçmək, kölgənin gün ərzindəki uzunluq dəyişməsini qrafikə köçürmək kimi tapşırıqlar riyazi biliklərin daha qalıcı olmasına imkan yaradır.
Açıq havada dərs keçmək xaos demək deyil. Bunun üçün düzgün struktur lazımdır:
Dərsdən əvvəl ərazini mütləq ziyarət etmək, təhlükəli bitkilər, arı yuvaları və ya dərsə mane ola biləcək kənar səsləri yoxlamaq vacibdir. “Öyrənmə zonası”nın sərhədlərini fiziki olaraq müəyyənləşdirin (məsələn, “bu böyük palıd ağacından uzağa getmək olmaz”).
Hər bir şagirdin öz müşahidə dəftəri olmalıdır. Bu dəftər həm rəsm albomu, həm riyazi qeyd dəftəri, həm də esse yazmaq üçün bir platformadır. Şagird gördüklərini çəkməli, ölçməli və hisslərini yazmalıdır.
Açıq havada çoxlu kağızdan istifadə etmək əlverişsizdir (külək apara bilər). Bunun əvəzinə:
- Sərt altlıqlar,
- Laminasiya olunmuş identifikasiya kartları,
- Vedrə və ya qutular (nümunə toplamaq üçün) istifadə olunmalıdır.
Təsəvvür edin ki, məktəbin həyətində boş və baxımsız bir künc var. Bu küncü STEM layihəsinə necə çevirmək olar?
Şagirdlərdən “Bu ərazidə biomüxtəlifliyi necə artıra bilərik?” sualının cavabını araşdırmalarını istəyin. Şagirdlər torpağın keyfiyyətini (pH səviyyəsini), günəş düşmə saatlarını və ərazidəki mövcud böcəkləri öyrənəcəklər. Hansı bitkilərin əkilməli olduğunu, suyun haradan gələcəyini və tozlandırıcıları (arılar, kəpənəklər) necə cəlb edəcəklərini planlaşdıracaqlar. Toxumların əkilməsi, suvarma sisteminin qurulmasından sonra növbəti mərhələ qiymətləndirmədir. Bir neçə aydan sonra ərazidəki canlı növlərinin artımı ölçülür və təqdimat hazırlanır.
Müəllimlər açıq havada dərs keçməyin çətinliklərini bilməli və onların həllinə öncədən hazırlaşmalıdır.
“Pis hava yoxdur, yanlış geyim var”. Yağışlı hava su dövranını və torpaq eroziyasını öyrənmək üçün mükəmməl zamandır. Hava şəraiti ilə bağlı problemləri yerində öyrənmək üçün şagirdlərin uyğun geyimlə gəlməsinə çalışın.
Müəllimlər çox vaxt proqramdan geri qalmaqdan qorxurlar. Lakin açıq hava dərsləri proqramdan “kənar” deyil, proqramın “içində” olmalıdır. Mövcud dərslikdəki mövzuları təbiətə adaptasiya etmək olduqca faydalıdır.
STEM təhsili yalnız məktəblə bitmir. Həftə sonlarında valideynlər park gəzintilərini bir elmi ekspedisiyaya çevirə bilərlər. Uşağa “Bu nədir?” sualı əvəzinə, “Səncə bu niyə belədir?” sualı vermək onun tənqidi təfəkkürünü işə salmaq üçün daha yaxşı variantdır.
İbtidai sinif şagirdləri üçün açıq havada STEM dərsləri sadəcə elmi faktları öyrənmək deyil. Bu, onlara maraqlanmağı, sual verməyi, uğursuzluqdan qorxmamağı (məsələn, qurduğu bənd dağılanda yenisini sınaqdan keçirməyi) və ən əsası, ətraf aləmlə bağ qurmağı öyrətmək üçün lazımdır.
Əlçatan və sonsuz biliklərlə dolu təbiət hər zaman yaxınlığımızdadır. Müəllimlərin işi isə sadəcə qapını açıb şagirdləri o möhtəşəm laboratoriyaya dəvət etməkdir. Bu metodla yetişən nəsil iqlim dəyişikliyi kimi qlobal problemləri həll etmək üçün lazım olan elmi bazaya da, təbiət sevgisinə də sahib olacaq.

