“UŞAQLIĞIN SON GECƏSİ” BİR MÜƏLLİMDİR




1968-ci ildə Sovet Azərbaycanında çəkilmiş “Uşaqlığın son gecəsi” filmi çoxumuza tanışdır. Əvvəlki təhlil yazılarımızda müəllimlərin xüsusi roluna diqqət çəkirdik, bu dəfə isə müəllim rolunda məhz film özü, yəni veriləsi qərardır. Bu qərara keçməzdən öncə obrazların öz daxili aləmlərinə baxaq. Müxtəlif insan xarakterlərinin ortaq bir nöqtədə kəsişməsi bizə sonun başlanğıcına aparan yolu göstərir. Filmdə, əsasən, açıq və üstü örtülü şəkildə bu məsələlərə diqqət yönəltməyə səy göstərilib:

  • Qərar və seçimlərin nəticələri;
  • Uşaqlıqda formalaşan dəyərlər və yetkinlik;
  • Təhsil və maddiyyatın uşaq psixologiyasında yeri;
  • Cəmiyyətin mental dəyərlərinin insan inkişafında rolu;
  • Obrazların hərəkətlərində idarə edilən və idarə edilə bilməyən şüuraltı davranış mexanizmləri.

Filmin əvvəlində və sonunda Murad xarakterinin üz cizgiləri arasındakı fərq onun yaşadığı dəyişikliyi əks etdirir. Əvvəldəki məsum sima və düz xətlər sonlara doğru gərginlik və təlaş dolu bir üzə çevrilir, uşaqlıq dövrü sona çatır və yetkinlər üçün olan həyat başlayır. O, təməlində maddiyyat olan bir neçə çətinliklə üz-üzədir. Murad üçün Rüstəm həyatda özünə örnək olaraq götürə biləcəyi ən uyğun obrazdır. Rüstəm ali təhsilli, intizamlı, çətin anlarda düzgün qərar verə bilən biridir.

Rüstəmlə Muradı müqayisə etdikdə bir-birindən 180 dərəcə fərqli insan təsiri bağışlasa da, onlar əsas etibarilə eynidirlər. Hər ikisi ağıllı, bacarıqlı və bənzər ailə tərbiyəsi görmüş insanlardır. Bir-birlərilə olan münasibətdə də çətinliklər yaşayırlar. Murad yeniyetməliyin təsirində olan və məsuliyyətdən uzaq, Rüstəm isə Muradın da məsuliyyətsizliyinin yükünü çəkməli olan insandır. Bu cəhətdən onların bir-birinə gizli bir həsəd hissi ilə yanaşması hiss olunur. Həsədin qaynağını belə təsvir etmək olar:

Murad üçün Rüstəm ali təhsillidir və fiziki cəhətdən qüvvətlidir.

Rüstəm üçün Murad məsuliyyət yükündən azad və cəmiyyətin mental dəyərlərinin təsirindən uzaqdır.

Onların bu “özünü təsdiq yarışı” da iki məsələ əsasında əks etdirilib:

  • Qadınlarla münasibət;
  • Pula qarşı münasibət.

Bu iki faktor yaşından və sosial statusundan asılı olmayaraq doğulandan etibarən kişi cinsi nümayəndələrinin əsas yarışı və mükafatıdır.

Rüstəm ali təhsil alaraq daha yüksək gəlir imkanı əldə edir, Muradın isə belə bir imkanı yoxdur. Davud ilə olan qısa dialoqlarında da onun universitetə qəbul ola bilməməsindən duyduğu əziyyət adi vaxtlardakı şən səs tonunun dəyişməsi ilə hiss olunur. Deməli, Murad əksər səhnələrdə göründüyü kimi “vecsiz” bir obraz deyil. Əksinə, hər şeyi başa düşür və öz çatışmazlıqlarını bu cür davranışla ört-basdır etməyə çalışır. Rüstəmin pulunu xərcləməsi də Muradın ondan almağa çalışdığı gizli intiqamı əks etdirir. O, maddi çatışmazlıqlarının təsirini hər kəsə “maddi cəza” olaraq tətbiq edir. Özünü Rüstəmlə müqayisədə daha aşağı gördüyü üçün onu digərlərindən daha çox cəzalandırır. Rüstəmlə Muradın istər tramvaydakı, istər ət kombinatındakı və digər epizodlardakı dialoqlarından Muradın hər şeyi Rüstəmə qarşı psixoloji və mənəvi təzyiq mexanizmi olaraq istifadə etməsi hiss edilir. Əksər səhnələrdə onun öz niyyətinə çatdığını da görmək mümkündür. Muradın ifadələri və davranışları Rüstəmə mənfi təsir edir və onda daxili bir qıcıq yaradır. Rüstəm Murad üçün ideal model olsa da, Murada mənəvi dəstək ola bilmir, onu özündən uzaqlaşdırır. Muradın istədiyi emosional dəstəkdir, amma Rüstəm çalışır ki, o öz məsuliyyətini başa düşsün. Epizodlardan birində Murad Rüstəmə “yaxşı dostluq” ilə bağlı bir məsəl çəkir, amma fikrinin başa düşülməməsindən yaranan aqressiya və təəssüf görürük. Filmin üzərində durduğu əsas mövzu da burada dalana dirənir. Əlbəttə, Rüfətlə dəstəsinin etdiyi oğurluq və Muradın təsadüfən buna şahidlik etməsi onun üçün dönüş nöqtəsidir. Qəhrəmanımız artıq sual qarşısındadır: etiraf etmək, yoxsa gizlətmək?

Bu seçim onun xarakterinin yönələcəyi tipi müəyyən edəcək. Gizlətsə, Rüfətə, etiraf etsə, Rüstəmə çevriləcək. Bu, çətin bir dilemma kimi görünsə də, əslində özünü sübut etmək və altında əzildiyi yüklərdən qurtulmaq üçün həyatın ona bəxş etdiyi bir fürsətdir.

Filmdə ətrafdakı böyüklər və Rüstəm Murad üçün müəllim funksiyasını daşıyır, oğurluq hadisəsi isə onun imtahanıdır. Filmdə epizodik də olsa, bir müəllim və ya təhsil işçisi görünmür və bəlkə də, rejissor bilərək, ya da bilməyərək təhsilin və müəllimlərin o dövr üçün insan həyatındakı rolunu və ya “rolsuzluğunu” bu şəkildə ifadə edir.

Proses Murad üçün nə qədər ağrılı olsa da, o bu imtahandan uğurla keçə bilir, uşaqlıqdan məzun olub yetkinliyə daxil olur. Bu prosesdən ən az zərərlə keçməsindəki əsas pay isə, heç şübhəsiz, Murada verdiyi dəstəyi sona kimi qoruyan Rüstəmindir. Valideynlərdən məhrum olan Muradın şıltaqlıqları və emosional ehtiyaclarına biganə olmasına rəğmən Rüstəm Muradın yeganə yaxın dostu, həm də davranışları və tərzi ilə həyat müəllimidir.

Filmdə ən çox diqqətdən kənar qalan isə “pis insan” rolunu oynayan Rüfətin varlığı və psixologiyasıdır. Onun keçmişi, ailə bağları və təhsil həyatı ilə bağlı ətraflı məlumat olmadığı üçün, təəssüf ki, bu barədə geniş danışmaq mümkün deyil. Ətrafındakılara və özünə münasibətdə davranışlarını şüuraltı səviyyəsində təhlil etdikdə isə etdiyi naxələf əməllərin fərqində olduğu və hətta hadisələrə həddən artıq diqqətlə yanaşdığı, daxilən iztirab hissi keçirdiyi anlaşılır. Bu onun durğun və yumordan uzaq xarakterində də hiss edilməkdədir. Film boyu adama elə gəlir ki, dindirsən, “cinayətlərin üstünün açılmasından çox qorxuram, kaş ki, mənim də Rüstəm kimi örnək ala biləcəyim biri olardı, axı belə olmağı mən seçməmişəm” deyəcək. Kim bilir, bəlkə, Muradda olan seçim imkanı Rüfətdə olmayıb, bəlkə də, özü belə seçim edib və yalnış qərarının əziyyətini çəkir, yaxud da özünə düzgün örnək kimi götürə biləcəyi birinin yoxluğunu Murad və Rüstəmin timsalında yaşayır. Buna cavab vermək çətindir. Hər halda bütün uşaqlar böyüyür, onlara seçim imkanı vermək, seçim edə biləcəkləri bir şəraitdə böyütmək, çətin olsa da, vacibdir. Ailə və cəmiyyət üçün Murad, yoxsa Rüfət yetişdirmək, bu bizlərin, Rüstəmlərin əlindədir.

Qasım Qurbanov