“Yaradıcı kainat”da tədris haqqında




Bu günlərdə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Estoniyanın Karyera Təhsil Akademiyasının tərəfdaşlığı ilə baş tutan "Təhsildə beynəlxalq uğur: Estoniya, Latviya və İsveç" təcrübə proqramı çərçivəsində bir qrup azərbaycanlı təhsil işçisi ilə birlikdə Riqa Dövlət Klassik Gimnaziyasında olduq.

 “Nosce te ipsum” (latın dilindən tərcümədə: özünü tanı) sloqanı ilə fəaliyyət göstərən bu müasir təhsil kompleksi  Baltikyanı ölkələrdə olan ən böyük gimnaziyadır. Bu barədə gimnaziyanın direktoru, fəlsəfə elməri namizədi, həmyerlimiz Roman Əliyev məlumat verdi.

Məktəb muxtariyyətinin geniş vüsət aldığı digər Baltikyanı ölkələrdə olduğu kimi, burada da tədris xüsusi proqram və dərsliklər əsasında aparılır. Bu yaxınlarda 25 illiyini qeyd edəcək gimnaziyaya şagirdlər 7 və 10-cu siniflərdən imtahanla qəbul olunurlar. Bununla yanaşı, gimnaziyanın öz ibtidai məktəbi də var. İbtidai məktəbdə tədris proqramını ən azı 60 faiz yerinə yetirənlər imtahana buraxılır. İmtahana buraxılmayanlara isə müəllimlərdən əlavə dəstək alıb hazırlaşmaq üçün qısa vaxt verilir. İmtahana buraxılmayanlar və eləcə də imtahandan keçməyənlər gimnaziyaya qəbul olunmur.

Şagirdlər gimnaziyada müxtəlif fənlərlə yanaşı, ingilis, alman, fransız və latın dillərini öyrənirlər. Dərs proqramının unikallığı həm də ondadır ki, cədvəl hər həftə təkrar olunmur. Bir gündə 4 və ya 6 dərs dalbadal tarix, yaxud riyaziyyat dərsi ola bilər. Dərslər 80 dəqiqə davam edir. Hər bir dərs bloku təxminən 3 ay sürür və sonda şagirdlər yoxlama işlərinə cəlb olunurlar ki, proqramı nə qədər mənimsədikləri məlum olsun. Bununla yanaşı, şagirdlər müxtəlif fənlərlə bağlı elmi araşdırmalara da yönləndirilirlər. Qeyd edim ki, gimnaziyada geyim forması sərbəstdir.  Təhsil ödənişsizdir və hər gün şagirdlərə isti yemək verilir. Hazırda burada 1960 şagird təhsil alır.

Biz məktəb rəhbərliyinin təşəbbüsü ilə sinif otaqlarını ziyarət edib bəzi dərslərdə iştirak etdik. Sinif otaqlarının fərqli dizaynı, hər otaqda mütləq su kranının, partalarla yanaşı, istirahət guşəsinin, fənn siniflərində xüsusi avadanlıqların olması diqqət çəkir.

Azərbaycan nümayəndə heyətinin hər bir üzvü müxtəlif dərslərə qatıldı. Mən 10-cu sinifdə tədris olunan “Mədəniyyətin əsasları” dərsində iştirak etdim. Sinifdə 16 şagird vardı ( Ümumiyyətlə, gimnaziyada hər sinifdə ən çoxu 24 şagird olduğunu dedilər). Müəllim Mudrite Ştrausa ağıllı lövhədə latış dilində mədəni mirasla bağlı təqdimat edirdi. Müəllim şagirdləri 4 qrupa bölüb onlara doldurmaq üçün xüsusi formalar payladı. Daha sonra hər qrupa bir qədim əşya verdi. Şagirdlərə tapşırığını verib mənə yaxınlaşdı.

Biz sinfin bir kənarında qoyulmuş, üzərində nərgiz çiçəkləri olan dəyirmi masanın arxasında oturub rus dilində söhbət etdik. Xanım Ştrausa izah etdi ki, şagirdlərə əllərindəki qədim əşyaları təhlil edib formanı doldurmağı tapşırıb. Hər qrup əşyanın hansı materialdan hazırlandığını, tarixi dəyərini, mədəni miras kimi mahiyyətini, harada istehsal olunduğunu, bədii və praktik əhəmiyyətini müəyyənləşdirib müvafiq qrafalara yazmalıdır.

Xanım  Ştrausa “Mədəniyyətin əsasları” fənninin şagirdlərin istəyinə uyğun olaraq 10 və ya 11-ci siniflərdə keçildiyini dedi. Burada mədəniyyət tarixi, mədəni irslə yanaşı, ailə dəyərləri, insanlararası münasibətlər, şəxsi inkişaf məsələlərinə də diqqət ayrılır.

Ondan şagirdlərə verdiyi qədimi əşyaları haradan gətirdiyini soruşdum. Dedi ki, mənim bir dayəm vardı. Keçən əsrin 30-cu illərində gəmidə aşpaz işləmişdi. Müxtəlif ölkələrə səfər etmiş, hər yerdən maraqlı əşyalar gətirmişdi. Gəmidəki işindən ayrılandan sonra isə mənim dayəm olmuşdu. Dünyadan köçəndə bütün əşyalarını mənə vəsiyyət etmişdi. Mən də evdəki əşyaları məktəbə gətirib şagirdlərimə tanıdıram.

Nəhayət, qrupların təqdimatları başladı. 1-ci qrup Ukraynadan gətirilmiş bir daş plitənin, 2-ci qrup Avstriyadan gətirilmiş çini fincanın, 3-cü qrup gümüş sikkələrin, 4-cü qrup isə 1925-ci ildə Sankt-Peterburqda çapdan çıxmış Bibliyanın xüsusiyyətlərindən danışdı. Qruplar bir-birlərinə suallar verdilər. Sonra müəllim izahatlar verdi.

Dərsin sonunda şagirdlər bizi xanım Ştrausanın hazırladığı milli Latviya şirniyyatına qonaq etdilər.

Sinifləri ziyarət edəndən sonra yenidən məktəbin direktoru Roman Əliyev və onun müavinləri ilə dəyirmi masa arxasında görüşdük. İngilis dili, latış dili, alman dili, riyaziyyat, fizika, coğrafiya, sosial fənlər və tarix, dizayn və texnologiyalar fənlərinin tədrisi olunduğu sinifləri ziyarət etmiş azərbaycanlı təhsil işçilərinin təəssüratları güclü idi. Gimnaziya rəhbərliyi bizim suallarımız əsasında təlim-tərbiyə, metodiki iş, qiymətləndirmə, müəllimlərin peşəkar inkişafı, liderlik, strateji planlaşdırma, tədrisdə innovasiya, gələcəyin peşələrinə hazırlıq və digər mövzularda təcrübələrini paylaşdılar.

Yaddaqalan həm də o oldu ki, həmyerlimiz, Riqa Dövlət Klassik Gimnaziyasının direktoru Roman Əliyev öz məktəbini və buradakı tədris prosesini qürurla “yaradıcı kainat” adlandırır.

Arzu Soltan