Yeni sözlər kəşf edin

Səlis danışmaq və məzmunlu yazmaq bacarığı antik dövrdən üzü bəri həmişə yüksək qiymətləndirilib.  Folklorumuzda “dili ilə ilanı yuvasından çıxaran”lar həmişə məharətli insan sayılıblar. İnsanın zəngin leksikonu ona öz fikirlərini, münasibətini aydın ifadə etməyə, həm dinləyicidə, həm də oxucuda maraq və heyranlıq yaratmağa  səbəb olur.  Dilin lüğət ehtiyatı özünüifadə ilə yanaşı insanların ünsiyyət bacarıqlarını gücləndirmək üçün də çox vacibdir.

 

Lüğət ehtiyatı, ya da leksikon insanın başa düşdüyü və nitqində istifadə etdiyi sözlərin məcmusudur.

Bu ehtiyat adətən iki növə bölünür: aktiv və passiv.

Aktiv söz ehtiyatı insanın nitq və yazıda müntəzəm olaraq istifadə etdiyi sözlərdir.

Passiv lüğət - insanın eşidərkən və ya oxuyarkən bildiyi və anladığı, lakin özünün istifadə etmədiyi sözlər toplusudur.

Aktiv söz ehtiyatı kasıb olan insanlar iş və şəxsi həyatında özünü ifadədə, hiss və düşüncələrini qarşı tərəfə çatdırmaqda çətinlik çəkirlər. Lüğəti zəngin insanlar isə debat və polemikalarda fərqlənməklə öz fikirlərini daha aydın, səlis və korrekt ifadə edə bilirlər. Bu onların təhsil və karyera həyatına müsbət təsir göstərir.

Müxtəlif yaş kateqoriyasından olan insanlar üçün  söz ehtiyatını zənginləşdirməyin müxtəlif yol və qaydaları var.

Uşaqlar üçün özünü təsdiqləmiş əsas vasitələrdən  biri onun kiçik yaşlardan mütaliə vərdişinə yiyələnməsidir. Müxtəlif janrlarda kitab oxumaq uşağın gündəlik həyatında rast gəlmədiyi, leksikonunda olmayan  sözləri öyrənməsinə kömək edir. Akademik təhsil və təlim prosesini bitirmək insanların yeni biliklər öyrənməsi prosesinin başa çatması demək deyil. Mütaliə vərdişi bütün yaşlarda lüğətimizi və dünyagörüşümüzü genişləndirmək üçün çox faydalıdır.

Dili zənginləşdirmək üçün müxtəlif və bir-birinə bənzəməyən insanlarla ünsiyyətdə olmaq da faydalıdır. Bura tanışlar, dostlar, sinif yoldaşları, iaşə müəssisələrində, ictimai nəqliyyatda çalışan insanlar, sosial şəbəkələrdə və forumlardakı virtual “dostlar”  daxildir. Başqa sözlə, söz ehtiyatının həcmi həm də ünsiyyət dairəsinin genişliyindən asılıdır.

Digər bir yol isə audiokitabları dinləməkdir. Bu rahat və təsirli vasitə sizdən demək olar ki, heç bir zəhmət tələb etmir. Dərsə və ya  işə gedərkən yolda, evdə  maraqlı audiokitablar dinləməklə həm mütaliə dairənizi genişləndirə, həm də söz ehtiyatınızı artıra bilərsiniz.

Frazeoloji lüğətləri oxumaq da yeni sözlər öyrənmək  üçün təsirlidir. Gün ərzində yeni bir söz eşitdiyiniz zaman onun mənasını lüğətdə axtara və  ya kompüterinizdə öz lüğətinizi də yarada bilərsiniz.

Yeni dil öyrənmək, müxtəlif sözləri yadda saxlamaq, cümlələrdə istifadə etmək, mənalarını yazmaq söz ehtiyatını genişləndirmək üçün ideal üsuldur.

Dili zənginləşdirməyin əyləncəli yolları da var.

Krossvord və skanvordlar, söz oyunları belə vasitələrdən sayılır. Qəzet və jurnallarda təqdim olunan tapmacaların həlli ilə beyninizi məşq etdirə və müxtəlif sözləri yaddaşınıza yaza bilərsiniz. Planşet, kompüter, telefon kimi ağıllı cihazlardakı söz oyunları proqramından istifadə etməklə fərqli sözlərin mənalarını araşdıra bilərsiniz.

 

Ailə tədbirlərində əyləncəli vaxt keçirmək üçün sinonimlər oyunu da maraqlıdır. Bildiyiniz sözlərin yerinə sinonimlərdən istifadə etməyə çalışmaq və bu şəkildə qısa hekayə yaratmaq ünsiyyət bacarıqlarınıza da müsbət təsir edir.

Dil dəyişməyə və zənginləşməyə davam edən canlı məfhumdur. Bu səbəbdən yeni sözləri öyrənmək üçün aktual xəbərləri, qəzet və jurnalları oxumaq, rəqəmsal nəşrləri izləmək faydalıdır. Yaşadığımız dövrün hadisələri bizə fərqli söz və ifadələr təqdim edir, yeni sözlər kəşf etməyə imkan yaradır.

Və ən son məsləhət -  unutmayın ki, biliklərinizin həcmi ilə söz ehtiyatınızın birbaşa bağlılığı var. Siz nə qədər hərtərəfli inkişaf etmiş insan olsanız nitqinizin zənginliyi, düşüncə və danışıq mədəniyyətiniz də o qədər yüksələcək.