ƏLİNİZDƏKİ İŞİ KƏNARA QOYUN
Mütəxəssislər deyirlər ki, ümumiyətlə, uşaqların 16 faizində davranış pozuntuları müşahidə olunur. Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır?
ABŞ Uşaq və Yeniyetmə Psixiatriya Akademiyası müəllim və valideynlər üçün müxalif davranış pozuntuları (Oppositional Defiant Disorder - ODD) olan uşaqlarla ünsiyyət qaydaları ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb. “Edutopia” saytı akademiyanın araşdırmalarına əsaslanaraq yazır ki, məktəbdə və ailədə belə uşaqları ayırd etmək üçün onların davranışlarını nəzarətdə saxlamaq lazımdır. Yazıda davranış pozuntuları olan uşaqların hərəkətlərinin altında bəzən bioloji, psixoloji və sosial amillərin rolunun olduğu vurğulanır.
Davranış pozuntusu olan uşaqlar onlara mane olmaq istəyən avtoritet fiqurlara qarşı meydan oxumağa və müxalif davranışlar göstərməyə meyilli olurlar. Bu pozuntuların simptomları aşağıdakılar ola bilər:
- Əsəb gərginliyi;
- Böyüklərlə mübahisəyə həddindən artıq meyillilik;
- Qaydalara qarşı çıxmaq;
- Aktiv itaətsizlik, böyüklərin tələblərinə və qaydalarına əməl etməkdən imtina;
- Qəsdən insanları qıcıqlandırmaq və ya incitmək üçün edilən cəhdlər;
- Öz səhvləri və ya yanlış davranışlarına görə başqalarını günahlandırmaq;
- Tez-tez qəzəb və inciklik nümayişi;
- Əsəbiləşəndə nifrət dolu ifadələr işlətmək;
- Kədərlənmək və intiqam fürsəti axtarmaq;
Hər birimiz cəmiyyətdə fərqli yerlərdə bu davranışlarla rastlaşsaq da, məktəbdə və evdə bunlar daha çox nəzərə çarpır.
Mütəxəssislər bildirirlər ki, davranış pozuntusu simptomları müşahidə olunan uşaq hərtərəfli müayinədən keçməlidir. Onda diqqət çatışmazlığı, hiperaktivlik, öyrənməyə çətinlik çəkmək, depressiya və narahatlıq kimi pozuntular da özünü göstərə bilər.
Belə uşaqların əksəriyyəti bəzən mübahisəyə meyilləri ilə sərhəd və limitləri keçməyə çalışırlar. Bəziləri isə o qədər itaətkar və mütidirlər ki, bu onların gündəlik həyatına mane olur. Araşdırma müəllifləri “davranış pozuntusu olan şagirdlərin həm öz, həm də ətrafdakıların həyatlarını çətinləşdirdiyini” vurğulayırlar. Mütəxəssislərin fikrincə, müəllimlərin ODD-yə ilk reaksiyası müdafiə xarakterli ola bilər, bu, əks nəticə verdikdə isə şagird ilə mübarizə mərhələsinə keçə bilər. Buna görə də Akademiya belə şagirdlərlə işləyən müəllimlər üçün çətin davranışları həll edən, normal əlaqələr qurmağa yardım göstərən bir sıra strategiyalar tövsiyə edir: "Düzgün alətlər və mühit seçilməlidir. Bu zaman problemli davranışı olan şagirdlərin başqaları ilə müsbət və effektli əlaqə qurmasına kömək edən strategiyalar öyrənməsi mümkündür".
Müəllimlərə tövsiyələr:
- Sakit və ardıcıl olmaq. ODD-li şagirdlərin hərəkətinə qarşı qəzəbli reaksiyaların onların davranışını daha da pisləşdirdiyini, “böyükləri incitməyə həvəsləndirdiyini” göstərib. Bunun əvəzinə, səsinizi yumşaq tonda saxlamağı, neytral bədən dilindən istifadə etməyi, "şagirdə yaxınlaşmaq və ya onun şəxsi məkanına girməklə bağlı ehtiyatlı olmağı" tövsiyə edir. Bu halda vəziyyəti yüngülləşdirmək olar.
- Müsbət davranışı gücləndirin. Bütün uşaqlar, xüsusilə də ODD problemlilər üçün “müsbət davranış nümayiş etdirməyə çalışmaq” vacibdir. Şagirdlərə müəyyən imtiyazlar qazanmaq fürsəti verin. “WeAreTeachers” platforması təklif edir ki, uşaqlar bir az elektron qurğularla oynamaq və ya müəllimlə birlikdə nahar etmək imkanı kimi hədiyyələrlə mükafatlandırıla bilər.
- Baş verənləri araşdırın. ODD-li şagirdləri anlamağa kömək edən amilləri müəyyənləşdirmək, onların sinifdəki çətin davranışlarını həll etmək üçün bir plan hazırlamaq vacibdir.
Şagirdin duyğularını, onların verdiyi siqnalları izləmək lazımdır. Çikaqo Universitetinin dosenti M.Kiels yazır ki, travma alan şagird əsəbiləşməyə başlayanda sıxıntılarının fiziki əlamətlərini görmək mümkündür: uşağın yumruqlarını sıxması, sinifdə ünsiyyətdən uzaqlaşması, dişlərini qıcaması təcrübəli pedaqoqa çox məlumat verir. Bəzən bir çox pedaqoqlar şagirdlərin artan təşviş əlamətlərinə məhəl qoymur, onların onsuz da sakitləşəcəklərinə ümid edirlər. Lakin ilkin reaksiyalar nəzərə alınmadıqda, bu kiçik davranışlar daha böyük və ağır formaya keçir.
- Təhlükəsiz məkan yaradın. Davranış pozuntulu uşaqlar “özlərinin həddən artıq sıxıldığını hiss etdikdə meydan oxumağa hazırlaşa bilərlər". Onlara sakitləşmək və düşünmək üçün təhlükəsiz məkan yaratmaq faydalı ola bilər.
- Seçimlər təklif edin. “Gərginliyin azalması üçün şagirdlərinizə seçim verməklə onların azadlığını və muxtariyyətini təsdiqləmək” vacibdir. Uşaqlar özünə qarşı hörmət hiss etdikdə, onların əhval-ruhiyyəsi dərhal yaxşılaşır. “Edutopia” müəlimlərə ultimatumlardan çəkinməyi tövsiyə edir. “Mübahisədən qaçmaq vacibdir, onlara seçimləri olduğunu bildirin, sonra uzaqlaşın. İşləmək və seçim qərarı üçün vaxt verin. Seçimləri bəyənmirlərsə, onlara əhəmiyyət verməyin. Mübahisəyə cəhd etdikdə, seçimləri təkrarlayın və yenidən uzaqlaşın. Şagird anlamalıdır ki, seçim etməsə, üstünlük verdiyi fəaliyyətdə iştirak edə bilməyəcək”.
- Əlaqələr qurun. Çox vaxt belə uşaqlar problemlərin öhdəsindən təkbaşına gələ bilmədiklərini anladığından müəllimlə əlaqəyə ehtiyac duyurlar və ondan yardım gözləyirlər. Bu onların davranışlarına təsir edən əvəzolunmaz vasitədir. Davranış pozuntulu uşaqlar sizə yaxınlaşmaq istədiyində əlinizdəki işi kənara qoyub onları dinləyin və gözlərinə baxın.