AZƏRBAYCANDA İNKLÜZİV TƏHSİL: XÜSUSİ TƏHSİL EHTİYACLARI OLAN ŞAGİRDLƏRİN İNKLÜZİV TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏKİ TƏCRÜBƏLƏRİ
Tədqiqat Azərbaycanda inklüziv təhsil kontekstində xüsusi təhsil ehtiyacları olan şagirdlərin məktəb təcrübəsini öyrənmək məqsədi daşıyır. Məqalədə həmyaşıdlarının münasibətlərinə, təhsil ehtiyacları olan şagirdlərdə məktəbə mənsubiyyət hissinə, inklüziv təhsilin imkanlarına və qarşılaşdıqları maneələrə aydınlıq gətirilir. Qeyd olunur ki, bu tədqiqatın aparılmasına zərurət Azərbaycanda inklüziv təhsil haqqında kifayət qədər elmi araşdırmaların olmaması səbəbindən yaranıb. Tədqiqat xüsusi təhsilə ehtiyacı olan şagirdlərlə aparılan işin nəticəsinə uyğun olaraq yazılıb. Əlilliyin sosial modeli və mənsubiyyət nəzəriyyəsi xüsusi təhsilə ehtiyacı olan şagirdlərin məktəb təcrübəsini araşdırmaq üçün uyğunlaşdırılıb. Tədqiqatın metodları: etnoqrafik dizayn, müşahidə, şagird və müəllimlərlə müsahibə, uşaqlara aid sənədlərin təhlili, inklüziv təhsillə bağlı normativ-hüquqi sənədlərin araşdırılması, ümumiləşdirmə, şagirdlərin fəaliyyət məhsullarının təhlili.