BEYİN XƏRİTƏNİZİ BAŞQALARI HAZIRLAMAYACAQ
Təhsil, şəxsi inkişaf, karyera planlamasında istifadə olunan məşhur texnikalardan biri də beyin xəritəsinin (Mind Map) çəkilməsidir. Mütəxəssislər onu yaddaşı gücləndirən, konsentrasiya və yaradıcılığı artıran bir texnika kimi qiymətləndirirlər. İş və hədəf planlamasında istifadə olunan bu üsul öyrənmə qabiliyyətini inkişaf etdirməyə, əldə edilən məlumatları yadda saxlamağa xidmət edir.
Mind Map beyinin potensialını açmaq üçün universal açar rolunu oynayan güclü qrafik texnikadır. O, bütün bacarıqlardan - söz, təsvir, rəqəm, məntiq, ritm, rəng və məkan anlayışlarından birlikdə istifadə olunan unikal və güclü texnika sayılır. Bu xəritə ilə beyinin sonsuz genişliklərində dolaşa, qaranlıq hissələrinə işıq sala bilərsiniz.
1970-ci ildə Toni Buzan tərəfindən yaradılan beyin xəritələri indi dünyanın hər yerində milyonlarla insanın məlumat toplamaq, ötürmək, topladığı informasiyanı ətraflı xatırlamaq və beyin fırtınası aparmaq üçün istifadə olunur. Beyin xəritəsini beyinin neyron quruluşu, ürək-damar sistemi və ya bir şəhərin planı ilə müqayisə etmək olar.
Bu xəritələrdən hansı məqsədlə istifadə olunur?
T.Buzanın yazdıqlarına əsasən demək olar ki, beyin xəritəsi araşdırdığınız mövzu haqqında ümumi məlumat verməklə məzmunu planlaşdırmağa, seçimlər etməyə, indi harada olduğunuzu və hara getdiyinizi aydınlaşdırmağa imkan verir. O, yeni yaradıcılıq yollarını göstərməklə problemin həllinə yardım etməyə, müxtəlif mövzular haqqında hərtərəfli düşünməyə sövq edir. Baxmaq, izləmək, oxumaq, meditasiya etmək və yadda saxlamaq üçün bu xəritələr əyləncəli bir yoldur. Göz-beyin koordinasiyası ilə şəklə baxıb onu bütöv yadda saxlamağa yardım göstərir.
Beyin xəritəsi beyində saxlanılan məlumatların vizual görüntüsünü meydana çıxarır. Bunun sayəsində beyindəki məlumatlar yaddaşda uzun müddət saxlana, kağıza daha asan ötürülə bilər.
İnsanlar bu texnikanı öyrəndikdə, öyrənmə və planlaşdırma, problem həll etmə, çıxış və təqdimatlara hazırlıq və ümumiləşdirmə kimi bir çox sahədə müvəffəqiyyət qazana bilərlər. Burada formalar, rənglər, simvollar və təsvirlər də həlledici rol oynayır.
Məktəb və iş həyatında əvəzsiz rolu olan bu texnikanın faydaları:
- Məlumatı yadda saxlamağa, yeni anlayışlar öyrənməyə kömək edir;
- Öyrənməyin əyləncəli yollarını təklif edir;
- Mürəkkəb fikirlərin başa düşülməsini asanlaşdırır;
- Təqdimat bacarıqlarını inkişaf etdirir;
- Yaradıcılığı və məhsuldarlığı artırır;
- Beyin qabığındakı bütün sahələri aktivləşdirir.
- Beynin sağ və sol yarımkürələrindən eyni vaxtda istifadəni mümkün edir.
Bu üsuldan müxtəlif sahələrdə yararlanmaq olar:
- Məqsədlərin müəyyənləşdirilməsi: gündəlik işlərin, plan və ya uzunmüddətli hədəflərin təyin edilməsi;
- Təqdimata hazırlıq: insanlar təqdimatdan, ictimaiyyət qarşısında danışmaqdan çəkinirlər, danışacaqlarını unutmaqdan, səhv etməkdən qorxurlar. Odur ki, beyin xəritəsi sayəsində mövzuları müəyyənləşdirmək və cəlbedici üsullardan istifadə etməklə çatdırmaq daha asandır.
- Ümumiləşdirmə: bənzər anlayışları bir yerə toplayıb, ümumiləşdirməyə nail olmaq mümkündür.
- Qeyd etmə: beyin xəritəsinin ən çox istifadə olunduğu sahədir. Burada qısa qeydlərlə məlumatlar daha asan yadda qalır.
- Beyin fırtınası: yaradıcı düşüncədə və yeni ideyaların tapılmasında çox təsirlidir. O, beyin xəritəsi ilə birlikdə istifadə edildikdə, daha güclü olur.
Beyin xəritəsini necə hazırlamaq olar?
Xəritədə əsas ideya və onunla əlaqəli fikirlər qeyd olunur. Burada fərdi simvol və açar sözlər budaq, ox və ya bağlayıcılarla birləşdirilir. Bunlar yaddaşla əlaqələndirilir, yeni məlumat yaratmağa və yadda saxlamağa kömək edir. Bu, həm də insana vaxta qənaət etməyə imkan yaradır.
Dünyanın bir çox ölkələrində beyin xəritəsi hazırlamağı öyrədən xüsusi təlimlər keçirilir. Onlayn şəxsi inkişaf platformalarında da bu təlimlərə qoşulmaq mümkündür.