ACLIQ BEYNİ ZƏİFLƏDİR
İnsanın əzələlərinin güclənməsi üçün qidaya və idmana ehtiyacı olduğu kimi, beyninin də inkişafı üçün düzgün qida və fəaliyyətə ehtiyacı var.
Hazırda insanlar əvvəlki nəsillərdən daha ağıllı hesab olunurlar. “The Economist” jurnalında çap olunmuş məqalədə göstərilir ki, 72 ölkəni əhatə edən araşdırma 1948-2020-ci illər arasında orta IQ-nün hər on ildə 2,2 bal artdığını təsdiqləyib. "Flynn effekti" kimi tanınan bu dəyişiklik onu kəşf edən alim Ceyms Flynnin adını daşıyır. Əslində beynin təkamülü milyonlarla il çəkir. Odur ki, hazırda alimlər bir neçə onillikdə insan zəkasının bu qədər sürətli inkişaf etməsinin səbəbini axtarırlar.
Sualın ən qısa cavabı, əsasən, daha yaxşı qidalanma və zehni daha çox stimullaşdırmaqla bağlıdır.
Ölkədən-ölkəyə
Zəngin ölkələrdə “Flynn effekti” daha çox özünü göstərir. Kasıb və orta gəlirli ölkələrdə isə milyonlarla uşaq o qədər aclıq çəkir ki, öz koqnitiv potensialını reallaşdıra bilmir.
Dünyada beş yaşından kiçik uşaqların 22 faizi - təxminən 150 milyonu böyümənin sürətinin azalmasına səbəb olacaq qədər qidasızlıqdan əziyyət çəkir. Buna görə də onların beyinləri kifayət qədər inkişaf etməmək riski altındadır. Dünyadakı uşaqların yarısı mikroelement çatışmazlığı ilə üz-üzədir.
Ac uşaqlar daha tez-tez xəstələnirlər
Dünya kifayət qədər ərzaq məhsulları yetişdirsə də, bəzi maneələr üzündən onlar hamıya çatmır. Səbəblərdən biri də müharibələrdir. Sığınacaqlarda qalan ailələr məhsul əkib-becərə bilmir, üsyankar ərazilərdə yaşayanların aclıqdan ölməsinə göz yumulur. Xəstəliklər də mühüm faktordur. Ac uşaqlar daha tez-tez xəstələnir və enerjilərini mikroblarla mübarizəyə sərf etdikləri üçün intellektləri kifayət qədər inkişaf edə bilmir.
UNICEF-in məlumatlarına görə, çox məhdud qidalanma imkanlarına malik uşaqların yarısı həqiqətən yoxsul ailələrə aid olsa da, digər yarısı ilə bağlı vəziyyət fərqlidir. Zəif yemək vərdişlərinə digər amillər də təsir edir.
Hətta orta gəlirli ölkələrdə belə, bir çox valideynlər uşaqlarını zülal və mikroelement ehtiyacına məhəl qoymadan onların daha tez doyuran karbohidratlarla qidalanmasını normal sayırlar. Belə cəmiyyətlərdə seksizm də öz təsirini göstərir. Patriarxal cəmiyyətlərdə əvvəlcə kişilər süfrəyə oturur, zülallı qidaları yeyir, qadınlar isə onlara nisbətən daha zəif qidalanır. Nəticədə hamilə qadınlarda dəmir çatışmazlığı yaranır. Bəzi mədəniyyətlərdə gələcək anaların müəyyən qidaları qəbul etməsi tabudur. Məsələn, Efiopiyanın bəzi yerlərində hamilə qadınlar yumurta, İndoneziyada isə dəniz məhsullarını yeyə bilməzlər.
Demoqrafik vəziyyətin aktuallığı
Doğum nisbətinin yüksək olduğu ölkələr həm də qida çatışmazlığının ən çox yayıldığı ölkələrdir. Qidalanma sahəsində irəliləyiş olmasa, gələcək nəsil indiki ilə müqayisədə daha ciddi koqnitiv problemlərlə üzləşəcək. Bununla belə, mənfi nəticələrin qarşısını almaq çox asandır. Dünya Bankının hesablamalarına görə, qida çatışmazlığı ilə “hərtərəfli” mübarizə aparmaq üçün ildə cəmi 12 milyard dollar kifayətdir. Bu rəqəm ABŞ-nin kənd təsərrüfatı subsidiyalarına xərclədiyi pulun demək olar ki, üçdə birini təşkil edir.
Una edilən əlavələr həll yolu ola bilərmi?
Mütəxəssislərin fikrincə, problemin həlli üçün bir çox taktika var. Ən sadə yol un kimi əsas qidaları dəmir, sink və fol turşusu kimi mikroelementlərlə zənginləşdirməkdir. Bu ucuz üsul böyük fərq yarada bilər. Məsələn, duza yodun qatılması sayəsində bir vaxtlar Çindən İsveçrəyə qədər bir çox yerlərdə rast gəlinən kretinizm adlı zehni problem keçmişdə qalıb. Ölkələrin təxminən dörddə üçü heç olmasa kütləvi istehsal olunan bəzi qidaların vitaminlərlə zənginləşdirilməsini tələb edir.
Maddi yardım qida verməkdən yaxşıdır
Digər üsul isə azyaşlı uşaqları olan ailələrə və ya hamilə qadınlara kiçik maddi yardım göstərməkdir. Nağd pul vermək qida çatdırmaqdan daha səmərəli ola bilər. Çünki pul həm dərmana, həm də yeməyə xərclənə bilər. Pulun çatdırılması daha asan başa gəlir. Onu onlayn çatdırmaq və izləmək daha asandır. Yoxsullar üçün nəzərdə tutulan taxılın, unun maşınlarla bərabər oğurlanması və ya saxtalaşdırılmasına dair çoxlu nümunələr var.
Bəzi proqramlar yardımı peyvənd, valideynlərə qidalanma və gigiyena təhsili vermək kimi uşaqlara bilavasitə kömək edən şərtlərlə əlaqələndirirlər. İnsanların vərdişlərini dəyişdirmək çətindir, lakin əksər valideynlər övladlarının sağlam böyüməsini istəyir, odur ki, onların öyrənmək üçün ciddi səbəbi var.
Uşağın inkişafında həyati əhəmiyyət kəsb edən ilk 1000 gündə yaxşı qidalanma vərdişi və məlumatı təşviq edilməlidir. İdeal olaraq qadınlar hamilə qalmazdan əvvəl mikroelementlər və əllərin yuyulması kimi primitiv gigiyena qaydaları haqqında məlumatlandırılmalıdırlar. Gələcək atalara hansısa yeniliyi çatdırmaq daha çətindir. Həyat yoldaşları ilə yemək paylaşmağın doğulmamış övladlarının xeyrinə olduğunu izah etməklə, onları inandırmaq olar.
Bu sahədə tədqiqatlar da artmalıdır. Banqladeş alimləri yerli gecəqondularda yaşayan bir çox qadında bağırsaq iltihabı aşkar ediblər. Bu o deməkdir ki, onlarda qida maddələrinin düzgün mənimsənilməsini təmin edən bağırsaq bakteriyaları yoxdur. Həmin elm adamları faydalı bakteriyaları stimullaşdırmaq üçün iqtisadi yolları da sınaqdan keçirirlər. Afrikadakı mütəxəssislər də dəmirlə zəngin, lakin qanda daha asan yaranan malyariyanı artırmadan dəmir çatışmazlığı xəstəliyi olan anemiyanı müalicə etməyin yollarını axtarırlar.
İntellekt boş yerə sərf olunan bir şey deyil
“The Economist”ə istinad edən “Oksijen” qəzeti yazır ki, “süni intellektin hər gün daha çox həyatımıza daxil olduğu vaxtda insan zəkasının əhəmiyyətini itirəcəyini iddia edənlər də var. Ancaq bunu demək, 100 il əvvəl avtomobilin ixtirası ilə yeriməyə ehtiyac qalmayacağını iddia etmək qədər sadəlövhlük olardı. İnsan zəkası və süni intellekt, çox güman ki, biznesimizdə bir-birini tamamlayacaq. Üstəlik, beyin təkcə pul qazanmaq üçün deyil, həm də düşünməkdən həzz almaq üçün faydalıdır. Harvard Universitetinin təmsilçisi Stiven Pinker intellekti insanlara yeni çağırışlara və dəyişən mühitə uyğunlaşmağa kömək edən “külək” kimi təsvir edir. Gələcək nəsil çox münasib qiymətə daha güclü küləyə sahib ola bilər. Onları bundan məhrum etmək yalnız səhv yox, həm də ağılsızlıq olar”.