ÇOX YATMAQ BEYİNİ GÜCLƏNDİRİR




Uzun müddətdir ki, tədqiqatçılar yeniyetməlik dövründə beyinin inkişafı ilə gec yatmaq və ümumilikdə az yuxu arasındakı əlaqəni araşdırırlar. Aydın olub ki, hətta ən yaxşı yuxu vərdişlərinə sahib olanlar da həkimlərin tövsiyə etdiyi qədər yatmır. Bu isə o deməkdir ki, əksər yeniyetmələr beyinin ən həssas dövründə yuxu çatışmazlığı yaşayır. Halbuki məhz bu dövrdə yuxu yalnız istirahət üçün deyil, öyrənilən məlumatların yaddaşa yazılması, emosional tarazlıq və sağlam beyin funksiyaları üçün həyati əhəmiyyət daşıyır. Təəssüf ki, dərs saatları, ekran qarşısında uzun müddət qalmaq və sosial həyatın tələbləri bu yaş qrupunun yuxusuna mənfi təsir göstərir.

“Nature” jurnalında dərc olunan məqalədə yeniyetmələrin yuxu pozuntularının koqnitiv funksiyalara təsiri araşdırılıb. Araşdırmada yuxu pozuntularının cavab reaksiyası və iş yaddaşı kimi funksiyaları zəiflətdiyi, nəticədə psixoz əlamətlərinin artdığı göstərilib. Qeyd olunub ki, böyük fizioloji dəyişikliklərlə müşahidə olunan yeniyetməlik dövründə uşağın həm bədəni, həm də beyni sürətlə inkişaf edir. Bu dövrdə gec və az yatmaq yeniyetmələr arasında adi haldır. Yuxu müddətindəki azacıq fərq belə onların idrak qabiliyyətlərində böyük dəyişikliklərə səbəb ola bilər.

Kembric və Şanxay Fudan Universitetinin birgə tədqiqatı yeniyetmələrin yuxu müddəti, onun keyfiyyəti ilə beyin inkişafı və idrak qabiliyyətləri arasındakı əlaqəni araşdırıb. ABŞ-də aparılan “Yeniyetmələrin beyin və koqnitiv inkişafı” (Adolescent Brain Cognitive Development (ABCD) adlı uzunmüddətli tədqiqat 11-12 yaş arası 3300-dən çox yeniyetməni əhatə edən məlumatlara əsaslanır. Araşdırmaya 13-14 yaş arası 1200 yeniyetmədən ibarət əlavə iki qrup da daxil edilib. İştirakçıların yuxu məlumatları beyin skanları, zehni testlər və Fitbit cihazları ilə əldə edilib.

BBC layihənin rəhbəri, professor Barbara Sahakiana (Kembric Universiteti, Psixiatriya fakültəsi) istinadla qeyd edir ki, yuxunun insan həyatında əhəmiyyəti danılmazdır, lakin “yeniyetməlik dövründə yuxu haqqında hələ də təəccüblü dərəcədə az məlumat var”.

Kembric Universitetinin araşdırmasında yeniyetmələr üç fərqli qrupa bölünüblər. Birinci qrup ən gec yatıb ən erkən oyananlar (təxminən 39 faiz) orta hesabla gecə 7 saat 10 dəqiqə yatıblar. Təxminən 24 faizi əhatə edən ikinci qrup orta hesabla 7 saat 21 dəqiqə yatıb. Ən tez yatan 37 faizlik üçüncü qrup 7 saat 25 dəqiqə yatıb.

"Cell Reports" jurnalının tədqiqatın təfərrüatlarına həsr etdiyi yazıda qeyd olunur ki, ən çox yatan qrupda həm beyin həcmi daha böyük, həm də beyin funksiyaları daha aktiv olub. Bundan əlavə, bu qrupda yuxu zamanı daha aşağı ürək döyüntüsü müşahidə olunub ki, bu da sağlamlıq üçün müsbət göstəricidir.Ən az yatan qrupda beyin həcminin daha kiçik və funksiyalarının daha zəifliyi qeyd olunub.

Maraqlıdır ki, dərslərdəki ümumi nəticələr baxımından qruplar arasında ciddi fərqlər qeydə alınmasa da, söz ehtiyatı, oxu və problem həlletmə sahələrini əhatə edən idrak testlərində daha çox yatan qrup daha yüksək göstəricilər əldə edib.

Fudan Universitetinin nümayəndəsi, doktor Qing Manın sözlərinə görə, “Bu araşdırma səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, yuxunun idrak bacarıqları və beyin funksiyaları ilə sıx əlaqədə olduğunu göstərən çoxsaylı elmi dəlilləri dəstəkləyir. Xüsusilə yuxunun yaddaşın möhkəmlənməsi prosesinə təsiri yaxşı məlumdur”.

Amerika Yuxu Tibb Akademiyasının tövsiyəsinə görə, 13-18 yaş arası gənclər gecə 8-10 saat yuxu yatmalıdırlar. B.Sahakian yeniyetmələrə yuxu keyfiyyətini yaxşılaşdırmaq və zehni bacarıqlarını artırmaq üçün müntəzəm idmanla məşğul olmağı, axşamlar mobil telefon və kompüterdən istifadə etməməyi məsləhət görür.

Oksford Universitetinin yuxu tədqiqatları üzrə professoru Kolin Espi bu araşdırmada iştirak etməsə də, yuxu ilə bağlı bir sıra başqa tədqiqatların müəllifidir. Onun fikrincə, “Çətin tapşırıqları yerinə yetirə bilən yüksək inkişaf etmiş beyinə sahib olmaq üçün xüsusilə uşaqlıq və yeniyetməlik dövründə yuxuya çox bağlı olmalıyıq. Bu tədqiqat göstərir ki, gec və az yatmaq insan üçün ciddi problem yaradır. Məktəb günlərində gənclər erkən oyanmalı olduqları üçün bu vəziyyət daha da pisləşir. Onlar həftəsonları yuxu boşluğunu daha çox yatmaqla doldurmağa çalışırlar – buna sosial jet-lag deyilir”.

K.Espi əlavə edib ki, “Cəmiyyət olaraq yuxuya daha çox diqqət yetirməliyik. Yuxu sağlamlığı mövzusunu orta məktəbdə şəxsi və sosial təhsilə daxil etməklə hamının diqqətini bura yönəltmək lazımdır”. Espinin başçılıq etdiyi Oksfordun Teensleep layihəsi yeniyetmələrin yuxu sağlamlığını yaxşılaşdırmaq yollarını təklif edir.

York Universitetindən psixologiya professoru Qaret Qaskell də erkən yeniyetməlik dövrünə diqqət yetirilməsini təqdir edib. Onun fikrincə, “Bu dövrdə müdaxilə tədqiqatları aparılmalıdır ki, optimal olmayan yuxu rejiminə sahib yeniyetmələrə kömək etmək yollarını öyrənək. Yuxu rejimini sadə dəyişikliklərlə, məsələn, ekran istifadəsini azaltmaqla yuxu vaxtını və müddətini yaxşılaşdırmaq mümkündür”.

Gec yatmağın, az yuxulamağın qarşısını almaq üçün yeniyetmələrə sadəcə gündəlik vərdişlərini dəyişmək, məsələn, axşamlar idman etmək və ekran qarşısında keçirdiyi vaxtı azaltmaq kömək edə bilər. Ümid edək ki, valideynlər, məktəblər və cəmiyyət birlikdə yeniyetmələrin sağlam yuxu vərdişləri qazanmasına dəstək olacaq, çünki sağlam yuxu fərdlər və gələcəyimiz üçün çox önəmlidir.

Zemfira Məmmədqızı