DƏRS MATERİALI ŞAGİRDİN ƏHVALINA UYĞUNLAŞACAQ




1801-ci ildə şotlandiyalı məktəb müdiri Ceyms Pillansın dərs keçdiyi sinifdə ilk qara taxtanı asması təhsil tarixində böyük bir inqilab hesab edilirdi. İndi də müasir texnologiyaların tədris prosesinə tətbiqi inqilablar yaradır. Bu texnologiyalar gənc nəsli riyaziyyat, elm və mühəndislik öyrənməyə ilhamlandırır.

Bəs gələcək siniflərdə nələr olacaq və hansı texnologiyalar təhsilalanların düşüncə tərzinin formalaşmasına təsir edəcək?

“Edutopia” saytının proqnozlarına görə gələcəkdə təhsil prosesində bir sıra texnologiyalar istifadə olunacaq:

Biometrik texnologiya. Gələcəkdə bu texnologiya təhsilalanların fiziki və emosional vəziyyətini anlamağa kömək edən ağıllı proqramların inkişafına imkan yaradacaq. Təhsilalanların biometrik siqnallarına əsasən onlara təqdim olunan dərs materialları həmin an dəyişdirilə və fərdi ehtiyaclarına uyğunlaşdırıla bilər. Üz ifadəsi, ürək döyüntüsü, dəri nəmliyi və hətta qoxu kimi fiziki xüsusiyyətlər onlar haqqında hesabat hazırlamağa kömək edəcək. Yazı yazmaq sürəti, yeriş tərzi və səs tonu kimi davranış göstəriciləri müəllimlərə təhsilalanların əlavə dəstəyə ehtiyacı olub-olmadığını bildirəcək və hər bir fərd üçün hansı tədris üsulunun daha təsirli olduğunu anlamağa kömək edəcək.

Ağıllı eynəklər vasitəsilə təhsilalanlar dərs materiallarını interaktiv şəkildə öyrənə biləcəklər. Məsələn, tarix dərsində bu eynəkdən istifadə edərək tarixi şəxsiyyətləri virtual şəkildə “canlandırmaqla” onların həyat hekayələrini və tarixi hadisələrə münasibətlərini özlərindən öyrənəcəklər. Bu, dərslərin vizual baxımdan daha cəlbedici və interaktiv olmasına şərait yaradacaq və təhsilalanlar üçün daha maraqlı olmasına kömək edəcək. Biologiya dərslərində bu eynəklər vasitəsilə canlı orqanizmləri üçölçülü şəkildə öyrənmək və orqanizmlərin daxili strukturlarını araşdırmaq mümkün olacaq. Bu, kitablar və şəkillərlə müqayisədə daha dərin öyrənmək təcrübəsi təmin edir.

Hibrid öyrənmə modelleri. Gələcəkdə həm ənənəvi, yəni müəllimin danışıb, şagirdlərin dinləməsi – “chalk and talk” modelindən, həm də interaktiv öyrənmə metodlarından istifadə olunacaq. Şagirdlər layihə əsaslı qruplarda işləyərək daha aktiv öyrənmə imkanları əldə edəcəklər. Məsələn, siniflər Amazon meşələrində ekosistemin mühafizəsi mövzusunda virtual tur təşkil edə  və şagirdlər müzakirələr apararaq mövzunu daha dərindən öyrənə bilərlər.

Məlumatın çatdırılmasında yeniliklərdən biri də müəllimlərin müxtəlif yerlərdə eyni anda dərs deməsinə imkan yaradan texnologiyalardır. Holoqram texnologiyaları vasitəsilə elə hiss yaradılacaq ki, sanki müəllim fiziki olaraq sinifdədir.

İnklüziv təhsil. “Gələcəyin sinifləri” ideyasının hədəfi  bütün təhsilalanlar üçün əlverişli mühit yaratmaqdır. Məsələn, eşitmə çətinliyi olan şagirdləri altyazı və transkripsiya ilə təmin olunacaq. Beləliklə, bütün şagirdlər eyni tədris imkanlarına sahib olacaqlar.

Siniflərin gələcəyi ilə bağlı ideyalar fantastik görünə bilər. Ancaq texnoloji yeniliklər dəyişiklikləri qaçılmaz edir. Eyni zamanda gələcək siniflərdə süni intellektin istifadə olunmasının daha da artacağı gözlənilir. Mütəxəssislərin qənaətinə görə, bu texnologiyalar dərsləri və tədris metodlarını daha maraqlı edəcək. Gələcək nəsil üçün öyrənmə sinif divarları və məktəb binası ilə məhdudlaşmayacaq. Dünya uşaqların dərs otağı olacaq.

Edinburq Napier Universitetinin Tədris və Öyrənmə üzrə dosenti Sam İllinqvort vurğulayır ki, təhsilalanlar OpenAI proqramlarından, məsələn, ChatGPT-dən tədqiqat məqsədilə eyni zamanda gündəlik həyatlarında da istifadə edirlər. Onun fikrincə, proqramdan istifadə etməklə təhsilalanlar tərcümələr edir, riyazi məsələləri və digər tapşırıqları yerinə yetirə bilirlər. AI proqramlarından istifadə təkcə şagird və tələbələr üçün deyil, eyni zamanda müəllimlər üçün də əlverişlidir. Onlar proqram vasitəsilə dərs materiallarını hazırlaya və yeni qaynaqlar əldə edə bilərlər.

Mütəxəssislər qeyd edir ki, AI proqramlarının həm müsbət, həm mənfi cəhətlərinin  olacağı gözləniləndir. AI öyrənmək, məlumat almaq üçün  nə qədər əlverişli olsa da, məktəbin yerini tuta bilməz. Siniflərdə müəllim-şagird əməkdaşlığı, müəllimdən dəstək almaq, qruplar halında çalışmaq onların sosiallaşmasına imkan yaradır. Bu proqramların istifadəçiləri arasında aparılan sorğuda maraqlı, bir o qədər də təəssüfləndirici məqamlar üzə çıxıb. ChatGPT-nin buraxılışından yalnız bir neçə ay sonra, şagirdlərin sadə suallar üçün əl qaldırmadığı aydınlaşıb. Onların əksəriyyəti məlumatı müəllimdən deyil, ChatGPT-dən almağa meyilli olurlar.

Bu proqramlar vasitəsilə təhsilalanlar operativ məlumat hazırlasalar da, gələcəkdə dərslərin keçirilməsi təhlükə altına düşə bilər. Çünki sinifdə müəllimlər və təhsilalanlar arasında dialoqlar, qarşılıqlı əlaqə və ünsiyyət əsas şərtlərdən biridir. Bunlar dərsin daha səmərəli olmasına imkan verir. Amma AI proqramları passiv öyrənmə mühiti yaradır. Burada təhsilalanlar sadəcə dinləyir və qeydlər aparır, aktiv şəkildə problem həlletmə ilə məşğul olmurlar. Üstəlik burada fərdi fərqliliklər və bacarıqlar nəzərə alınmır. Bu da bəzi təhsilalanların dərsdə geri qalmasına, bəzilərinin isə başa düşmədiklərinə görə marağının azalmasına səbəb olur. Ənənəvi siniflərdə isə təhsilalanlar öyrəndiklərini tətbiq etmək üçün bir-biriləri və müəllimlə əməkdaşlıq edirlər.

Tədris prosesində AI-nin üstünlüyünü göstərmək istəyən Kaliforniya Universitetinin tarix professoru Benjamin Breen tələbələri epidemiya dövründə yaşamağa “məcbur edib”. O, ChatGPT-dən istifadə etməklə “Qara Ölüm” simulyatoru yaradıb. Simulyatoru bəyənən tələbələr kəndli üsyanları təşkil etməklə, epidemiya əleyhinə ilk vaksinlərin hazırlanmasında iştirakı simulyasiya etməklə sürprizlər hazırlayıblar. AI olmadan bu cür təhsil təcrübələrinin əldə edilməsini təsəvvür etmək çətindir.

COVID-19 dövründən sonra tədris prosesində texnoloji metodların tətbiqini araşdıran mütəxəssislərin fikrincə, ənənəvi yanaşmalardan uzaqlaşmaq və biliyin daha çevik  əldə edilməsi yollarının yayılması zəruridir. Onların fikirləri pandemiya dövründə təhsil sistemlərinin yeni yanaşmalara keçidi üçün stimul yaradıb. Yaranmış vəziyyət təhsilin gələcəyi ilə bağlı geniş müzakirələrə yol açıb və yeni metodların, texnologiyaların, eləcə də strateji yanaşmaların tətbiqini inkişaf etdirib.