PANDEMİYA DÖVRÜNDƏ AZƏRBAYCANIN TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ QARIŞIQ ÖYRƏNMƏ ÜSULUNUN TƏTBİQİ


DÜNYA ƏHMƏDOVA, Azərbaycan Dillər Universiteti. e-mail: [email protected] https://orcid.org/0000-0002-4740-4040 NƏZRİN BABAYEVA, Azərbaycan Dillər Universiteti. e-mail: [email protected] https://orcid.org/0000-0003-3028-4879




Tədris texnologiyalarının geniş vüsət aldığı indiki dövrdə ənənəvi tədris metodları öz xüsusiyyətlərini dəyişmiş, COVID-19  pandemiyası təhsil müəssisələrində dərslərin onlayn şəkildə təşkil olunmasını qlobal miqyasda zəruri etmişdir. Məqalənin yazılmasında məqsəd həm müəllimlərin distant öyrənməyə olan münasibətini dəyərləndirmək, həm də Azərbaycandakı təhsil müəssisələrində qarışıq öyrənmənin zəruri olub-olmadığını müəyyən etməkdir. Məqalə nəşrə hazırlanarkən məlumatların toplanmasında kəmiyyət metodu tətbiq edilmişdir. Google anket formalarında hazırlanmış suallar, əsasən, çoxsaylı seçim və qeyd xanaları növlərindədir. Sosial media mesajlaşma platformaları (əsasən, WhatsApp və Telegram) vasitəsilə sorğunun bağlantısı Abşeron yarımadasındakı (Bakı, Xırdalan və Sumqayıt) beş fərqli özəl təhsil müəssisəsinin müəllimlərinə təqdim edilmişdir. Toplanan məlumatlar cədvəl şəklində əyani olaraq təsvir edilmiş və ətraflı müzakirə olunmuşdur. Bu tədqiqatda 147 müəllim iştirak etmiş və aydın olmuşdur ki, texnologiyanın olduqca inkişaf etdiyi bir dövrdə rəqəmsal məntiqə əsaslanan şagirdlərə (tələbələrə) dərs demək çətindir. Tədqiqatda həm də qarışıq öyrənmə məsələlərinə toxunulur, tədqiq olunan mövzular təhlil edilir və bu cür öyrənmənin müasir təhsil sistemindəki əhəmiyyətindən bəhs olunur. Bu nəticəyə gəlinir ki, müəllimlər onlayn şəkildə təhsilin tərəfdarı deyil, buna görə də qarışıq öyrənmə tədris prosesindəki tarazlığın qorunması üçün daha faydalıdır.