TƏHSİLDƏ ƏSAS KEYFİYYƏT FAKTORLARI




Məqalədə təhsilin keyfiyyətində əsas rol oynayan amillərdən, bu sahədə mövcud olan nöqsanlardan və onların aradan qaldırılmasından bəhs edilir. Qeyd olunur ki, təhsilin qarşısında duran əsas vəzifə müasir standartlara cavab verən yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etməkdir. Bu sahədə yeni imkanlar əldə etmək üçün informasiya-kommunikasiya texnologiyalarının, habelə müəllim və tələbə əməyinin stimullaşdırılmasının mühüm rolu vardır. Məqalədə respublikamızın beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyi və Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırıldığı da vurğulanır. Qeyd olunur ki, müasir təhsil bütün detalları ilə innovativ təhsildir. Tətbiq olunan interaktiv təlim üsulları, müəllimin bələdçilik fəaliyyəti, müəllim-şagird münasibətlərində yeni yanaşmalar, konseptuallığı ilə səciyyələnən kurikulum islahatı, təhsil və tədris prosesinə yeni elmi-texniki avadanlıqların tətbiqi, qiymətləndirmə islahatı və bu sahədəki yeniliklər, təhsilalanların və təhsilverənlərin məzmunca dəyişməsi, İKT-dən istifadənin daha geniş vüsət alması bütövlükdə təhsilin innovasiyalaşdırılmasına xidmət edir. Belə nəticəyə gəlinir ki, təhsilin keyfiyyəti üçün hər kəs öz üzərinə düşəni yerinə yetirməli, müasir standartlara cavab verən tədris prosesindən istifadə edilməli, eləcə də təhsilin keyfiyyətinə təsir göstərən əsas amillər – müəllimlər, valideynlər, şagirdlər, motivasiya, liderlik, mühit, tədris qiymətləndirmə metodları və tədris planı – hər zaman  diqqət mərkəzində olmalıdır.

Giriş
“Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyəti
başlıca strateji prioritet elan olunub, ümumi
təhsil müəssisələrinin şagird və məzunlarının
keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual
məsələ kimi irəli sürülüb. Aparılan tədqiqat
işinin məqsədi müasir dövrdə ən aktual
problemlərdən olan təhsildə keyfiyyətin əsas
amillərini müəyyənləşdirmək və onlardan
səmərəli şəkildə istifadəni təmin etməkdir.
Hazırda təhsildə əsas məqsədlərdən biri
onun keyfiyyətinin yüksəldilməsidir. Təhsilin
keyfiyyətinin yüksəldilməsi ona təsir edən
amillərin məhsuldarlığını təmin edən tədris
prosesinin kompleks xarakteristikası kimi
müəyyənləşdirilir. Keyfiyyətə nail olunmasında
müəllimin biliyinin və pedaqoji bacarıqlara
yiyələnməsinin, habelə təhsilalanlarının akademik
fəaliyyətinə müsbət təsir göstərən effektiv
tədris metodlarının əhəmiyyəti böyükdür.
Təhsildə keyfiyyət hər zaman aparıcı amil
olmuşdur. Bununla yanaşı, müvəffəqiyyət əldə
etmək, təhsil prosesinin vəziyyətini və effektivliyini
artırmaq üçün digər amillərdən də
geniş istifadə olunmalıdır.

Təhsilin keyfiyyəti anlayışı

Təhsilin başlıca məqsədlərindən biri olan keyfiyyətin yüksəldilməsi şagirdlərdə həyati bacarıqların inkişaf etdirilməsini, şəriştəliliyin səmərəli təşkilini təmin edən tədris prosesinin kompleks xarakteristikası kimi müəyyənləşdirilir. Con Dyuinin təbirincə desək, təhsil həyata hazırlıq deyil, həyatın özüdür. Elm inkişaf etdikcə, təcrübə artdıqca təhsil anlayışı geniş məna kəsb edir, həyatın onun qarşısında qoyduğu yeni tələblər nəticəsində vəzifələr optimallaşır (Məmmədzadə, 2010).

Təhsil sisteminin və onun məzmununun ölkənin gələcəyinə xidmət göstərməsi fikrini xüsusi dəlillərlə əsaslandırmağa ehtiyac yoxdur,
çünki cəmiyyətin çoxəsrlik tarixi bunu sübut edir. Aristotel yazırdı ki, qanun verənlər gənclərin tərbiyəsinə xüsusi diqqətlə yanaşmalıdırlar, hansı dövlətlərdə bu problemlər diqqət mərkəzində deyil, həmin ölkədə dövlət quruluşu ziyanlarla üzləşir. Aydındır ki, dövlət quruluşu formasından asılı olmаyaraq, tərbiyənin forma və məzmununa möhtacdır (Məmmədzadə, 2010).

Təlimdə müvəffəqiyyət əldə etmək üçün son zamanlar xüsusi metodlardan, məsələn təlimtərbiyə prosesində tətbiq edilən proqramların və ümumiyyətlə, müxtəlif sahələrdə qazanılmış biliklərin qiymətləndirilməsində bəzi testlərdən geniş istifadə olunur. 2005-ci ildən etibarən keyfiyyət təminatında, eləcə də kvalifikasiya çərçivəsində, təlim nəticələrinin tanınması və təşviqi kimi həyata keçirilən digər Boloniya tədbirlərində əhəmiyyətli irəliləyişlər baş vermişdir.

Ölkəmizdə 15 mart 2021-ci ildən etibarən təhsilin keyfiyyətinə təsir edən amilləri müəyyən etmək üçün sorğu keçirilmiş və bu məqsədlə 10812 rəy qəbul edilmişdir. Sorğunun nəticəsinə əsasən demək olar ki, təhsilin keyfiyyətinə təsir edən amillər sırasında müəllimlərin peşəkarlıq səviyyəsi 33,3 faiz olmaqla üstünlük təşkil etmişdir. Bununla yanaşı, keyfiyyətə təsir edən başqa amillər arasında məktəbin maddi-texniki təchizatı (17,3 faiz), valideyn amili (15,2 faiz), məktəb rəhbərlərinin fəaliyyəti (10 faiz), məktəbdə psixoloji mühit (8,2 faiz) və dərsliklər də (5,5 faiz) var.

Beləliklə, sorğunun nəticələrindən də aydın olduğu kimi, səmərəli dərs deyə biləcək ixtisaslı və təcrübəli müəllimlərin olması təhsilin keyfiyyətinə təsir göstərə biləcək əsas amildir.

Təhsilin keyfiyyətinə təsir edən digər amil zəruri təlimat materiallarının olmamasıdır. Tədris prosesini səmərəli şəkildə həyata keçirmək üçün onu lazımi avadanlıq, dərslik və digər tədris materialları ilə təmin etmək lazımdır. Lockheed də dərsliklərin və digər tədris materiallarının təhsilin keyfiyyətini artırmaq üçün vacib olduğunu bildirmişdir (Tefera, 2019).

Təhsildə keyfiyyətin artırılmasında digər amillərlə yanaşı motivasiyanın tətbiq edilməsi və düzgün planlaşdırmanın aparılması da zəruridir. Çünki qarşıya qoyulmuş məqsədə nail olmaq üçün perspektiv planlaşdırma və motivasiyadan istifadə edilməsi uğurlu və məhsuldar tədris prosesinə öz töhfəsini verə bilər. Dərsin keyfiyyətinin yüksəldilməsində və şagirdlərdə təfəkkürün inkişaf etdirilməsində motivasiyanın rolu inkaredilməzdir. Planlaşdırılma amilinin bu funksiyada mühüm əhəmiyyətə malik olması qeyd edilməlidir. Hər bir məqsədin əldə edilməsi onun həyata keçirilməsi üsullarının seçilməsindən, əldə etmək istəyinin müəyyənləşdirilməsindən, bu məqsədlə prosesin ardıcıllığının təmin edilməsi üsullarının düşünülmüş şəkildə həyata keçirilməsi tədbirlərinin təyin edilməsindən asılıdır. Plan layihədir, onu müzakirə etmək, mütəxəssislər tərəfindən qiymətləndirməyə vermək, düzəlişlər aparmaq və praktiki fəaliyyətdə səhvlərə yol verməmək üçün optimal səviyyəyə qaldırmaq lazımdır. Unutmaq olmaz ki, planlaşdırma zamanı buraxılmış səhvləri sonradan düzəltmək çox çətindir. Planlaşdırma, sözün əsl mənasında, proqnozlaşdırma, proqramlaşdırma və işçi planının hazırlanmasından ibarətdir (Məmmədzadə, 2010). Plan imkan yaradır ki, qarşıya qoyulmuş məqsəd uğrunda standartlar, göstəricilər müəyyənləşdirilsin. Planın göstəriciləri nəzarətin həyata keçirilməsinə imkan yaradır. Planlaşdırma düzgün həyata keçirilibsə, idarəetmə fəaliyyəti düzgün istiqamətlənir, yaxşı nəticələr əldə edilir və vaxta qənaət olunur. Son təcrübələr göstərir ki, təhsil müəssisələrinin bəzilərində təlim-tərbiyə işlərinin planlaşdırılması məktəbin fəaliyyəti, inkişafı proqramının hazırlanması və həyata keçirilməsi ilə əvəz olunur.

Yüksək motivasiya olunmuş öyrənənlərlə keyfiyyətli nəticə əldə etmək asan olduğu halda, zəif motivasiyalı öyrənənlərlə təlimin məqsədlərinə nail olmaq çətinləşir. Fəal təlim prosesində motivasiya açar rolunu oynayır və o ən güclü təhrikedici, təsiredici faktordur. Bütün öyrənənlər motivasiyalı ola bilər, lakin onların motivasiya mənbələrinin fərqli olması gözləniləndir. Bu fərqləri bilən müəllim öyrənənlərin öyrənmə həvəsini tənzimləmə bacarığına malik olur. Ona görə də təhsilalanlarla motivasiyanı yaradan səbəbləri bilmək pedaqoji prosesin təşkilatçıları üçün vacibdir.

Təhsilin keyfiyyətinə və tədris prosesinə təsir edən faktorlardan biri də, mühüm pedaqoji vasitə kimi qəbul edilən qiymətləndirmədir. Qiymətləndirmə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə, şagirdlərin nəyi mənimsədiklərini, nələri öyrəndiklərini, hansı bacarıqlara malik olduqlarını və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirməyə obyektiv şərait yaradır. Məhz qiymətləndirmə vasitəsilə təhsil müəssisəsi rəhbərləri müəssisədə təlim-tərbiyə işinin səviyyəsi, müəllim və şagirdlərin fəaliyyəti haqqında lazımi informasiya toplayır və bunun əsasında işin yaxşılaşdırılması üçün müvafiq qabaqlayıcı tədbirlər həyata keçirirlər. Göründüyü kimi, təhsildə qiymətləndirmə sistemi təhsil işçisinin səmərəli fəaliyyətinin müəyyənləşdirilməsi və pedaqoji prosesin təkmilləşdirilməsi üçün vaxtında tələb olunan tədbirlərin görülməsi məqsədini daşımalıdır. Çünki qiymətləndirmə pedaqoji prosesi tənzimləməyə, keyfiyyəti yüksəltməyə, həm də mövcud çatışmazlıqlar barədə təhsili idarə edənlərin və valideynlərin məlumatlandırılmasına xidmət edən yeganə pedaqoji vasitə olduğundan, onun düzgün təşkili mühüm rol oynayır. Ona görə də ümumtəhsil məktəblərində elmi, pedaqoji və psixoloji cəhətdən əsaslandırılmış monitorinq və qiymətləndirmənin aparılması təhsil prosesinin keyfiyyətinin yüksəldilməsində atılan ən mühüm addımlardan biridir (Hüseynova, 2020).

Müəllim-şagird və ya müəllim-tələbə arasındakı əlaqə yaxşı qurulmazsa, bu nüans uşaqların aldığı təhsilin keyfiyyətinə mənfi təsir göstərəcəkdir. Öyrənənlərin uğurlu fəaliyyətinə mane olan məqamlara tədris materialları və tədris metodlarının uyğun tətbiq edilməsində çətinliklər, müəllimlərin iş şəraitinin pis olması səbəbindən motivasiyanın alınmaması, öyrənənlərin tədris müəssisəsinə gəlməməsi kimi hallar da daxildir.

Təhsilin müasir vəziyyəti, problemlər və onların aradan qaldırılması

Ə.Ə. Əlizadə və H.Ə. Əlizadə psixo-pedaqoji araşdırmalarında müasir təhsil konsepsiyasının özünəməxsus cəhətlərindən danışaraq qeyd edirlər ki, müasir təhsil konsepsiyası şəxsiyyətin formalaşdırılmasını təhsil sisteminin başlıca vəzifəsi hesab edir (Əlizadə, 2008).

Müasir təhsil bütün detalları ilə innovativ təhsildir. Tətbiq olunan interaktiv təlim üsulları, müəllimin bələdçilik fəaliyyəti, müəllim-şagird
münasibətlərində yeni yanaşmalar, konseptuallığı ilə səciyyələnən kurikulum islahatı, təhsil və tədris prosesinə yeni elmi-texniki avadanlıqların tətbiqi, qiymətləndirmə islahatı və bu sahədəki yeniliklər, təhsilalanların və təhsilverənlərin məzmunca dəyişməsi, İKT-dən istifadənin daha geniş vüsət alması bütövlükdə təhsilin innovasiyalaşdırılmasına xidmət edir.

Təhsilin keyfiyyətinə təsir edən amillərdən biri də pedaqoji təhlildir. Onun məqsədi pedaqoji prosesin vəziyyətini aşkara çıxarmaqla onu düzgün qiymətləndirməkdən və görüləcək işləri müəyyənləşdirməkdən ibarətdir. İdarəetmənin effektivliyi təhsili idarə edənlərin pedaqoji təhlilin metodikasına necə yiyələnməsindən asılıdır. Pedaqoji təhlil düzgün aparılmazsa, bu halda vəziyyəti düzgün qiymətləndirmək, gələcək addımları düzgün müəyyənləşdirmək və yaranmış problemin optimal həlli yollarını tapmaq çətin olar. Vaxtında və lazımi səviyyədə aparılmayan təhlil idarəetmənin sonrakı mərhələlərində yanlış hərəkət etməyə, fəaliyyətin məqsədini və planını düzgün müəyyənləşdirməməyə, əsassız qərar və ya proqram qəbul etməyə gətirib çıxara bilər. Bunu nəzərə alaraq, məktəb rəhbərləri pedaqoji təhlil qabiliyyətinə yiyələnməli, pedaqoji fakt və hadisələri hərtərəfli araşdırmalı, müqayisə və ümumiləşdirmələr aparmalı, pedaqoji prosesin səmərəli idarə olunmasına nail olmalıdırlar. Bunun üçün analitik təfəkkürə yiyələnmək lazım gəlir (İsmixanov, Bəxtiyarova, 2012).

Təhsil müəssisəsini idarəetmə nəzəriyyəsi həmin müəssisənin menecment nəzəriyyəsi ilə əhəmiyyətli şəkildə tamamlanır. Məktəbi idarə edənin fəaliyyəti öz əməkdaşlarına hörmət və etibar etməklə, işdə uğur qazanmaq üçün onlara şərait yaratmaqla qurulur. İdarəetmənin mahiyyətini aşağıdakı prinsiplər tam və hərtərəfli əks etdirir:

  • kollegiallıqla vahid rəhbərliyin əlaqələndirilməsi;
  • idarəetmədə dövlət və ictimai əsasların əlaqələndirilməsi;
  • idarəetmədə elmilik, nəzəriyyə ilə praktikanın qırılmaz qarşılıqlı əlaqəsi;
  • idarəetmədə planlılıq;
  • idarəetmədə sistemlilik və komplekslilik;
  • idarəetmədə səmərəliliyə, yekun nəticələrə nail olmaq meyli;
  • idarəetmədə mərkəzləşdirmənin və desentralizasiyanın rasional əlaqələndirilməsi;
  • idarəetmədə demokratikləşdirmə və humanistləşdirmə.

Təhsildə informasiya texnologiyalarından istifadə

Təhsil sahəsində informasiya və kommunikasiya texnologiyalarından (İKT) düzgün istifadə etmək və bu bacarıqların təkmilləşdirilməsi yollarının araşdırılması olduqca əhəmiyyətli məsələdir. Qeyd edək ki, İKT ilə bağlı biliyə mükəmməl yiyələnməyin ən optimal yolu məhz ümumi təhsildən keçir. Məktəb illərində bu texnologiyalara yiyələnmək informasiya cəmiyyəti quruculuğunda məzunların fəal iştirakını təmin edir .

İKT müstəqil qavrama qabiliyyətini təmin etmək üçün də yeni imkanlar açır. Bununla əlaqədar olaraq müəllimin rolu dəyişir: o, təhsil prosesinin konsultantı (öz ixtisasına uyğun məsləhət verən mütəxəssis) və koordinatoru (əlaqələndirici) olur. Kompüterlə aparılan  dərslər daha çox yadda qalır. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar şagirdlərin idrak aktivliyinə müsbət təsir göstərir və olimpiadalarda, müxtəlif intellektual yarışlarda göstərdikləri nəticələrin keyfiyyətini artırır. Tədris prosesində interaktiv lövhə və virtual laborator proqramlarından istifadə edilməsi dərsin əsas prinsiplərindən birini, onun əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu, yəni hissiyyatlı səthinə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla onun üzərində kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar.

Keyfiyyətin əldə edilməsində tələbə və müəllim əməyinin stimullaşdırılması da vacib amillərdəndir. Ona görə ki, tədris prоsеsi hаzır biliklərin müəllimdən şagirdə (tələbəyə) ötürülməsi dеyil, öyrədənlərlə öyrənənlər аrаsındа əlаqəli fəаliyyət оlub, öyrənənlər tərəfindən еlmi biliklərin fəаliyyət prоsеsində istifаdə qаydаlаrını mənimsəməkdir. Bu prоsеs insаnlığın əldə еtdiyi təcrübənin öyrənənlər tərəfindən mənimsənilməsini, оnlаrın хаrici və dахili fəаllığının stimullаşdırılmаsını və idаrə оlunmаsını tələb еdir (Məmmədzadə, 2010). Ona görə də stimullаrdаn istifаdə etmək, onu müəyyən fəаliyyətə yönəltmək lаzımdır. Məqsəd hеç də öyrənənin hаnsısа tədbirlər vаsitəsilə təlimə yönəldilməsi dеyil, оnun fəаliyyətinin lаzım оlаn mоtivlərini stimullаşdırmаqdır. Dərkеtmə prоsеsinin stimullаşdırılmаsı bunа əsаslаnmаlıdır. Bu zаmаn müəllim uşаqlаrın еhtiyаcını, tələbаtlаrını müəyyənləşdirə bilmirsə, аydındır ki, оnların fəаliyyətini də stimullаşdırа bilməz. Təlimin stimullаşdırılmаsı üsullаrını pеdаqоji nöqtеyi-nəzərdən hаzırlаmаq üçün məktəblilərin еlmlərə mаrаğını və оnlаr tərəfindən mənimsənilmiş biliklərin yаddа sахlаnılmаsını, strаtеji vəzifə kimi müəyyənləşdirmək lаzımdır. Оnu dа unutmаq оlmаz ki, müаsir dövrdə öyrənənin tədris prоsеsində аldığı biliklərin hеç də hаmısını yаddа sахlаmаğа еhtiyac yохdur (Məmmədzadə, 2010).

Beynəlxalq təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və onların ölkəmizin təhsil sisteminə tətbiqi

Azərbaycanda həyata keçirilən islahatların əsas məqsədi təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, ötən əsrin 90-cı illərindən bəri respublikamız beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Onlardan biri də təhsil islahatlarının həyata keçirilməsində Azərbaycan Respublikasının tərəfdaşı olan Dünya Bankıdır. İslahatların həyata keçirilməsi aşağıdakı 3 istiqamət üzrə planlaşdırılmışdır: 1) tədris planı və proqramları, tədris və metodik dəstək; 2) müəllimlərin ixtisaslaşması; 3) layihənin monitorinqi və qiymətləndirilməsi. 

Dünya Bankı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında imzalanmış kredit müqaviləsi əsasında “2004-2009-cu illərdə Təhsil Sektorunun İnkişafı Layihəsi” əməkdaşlığın ikinci mərhələsi kimi qəbul edilmişdir. Bu layihə əhatə edir: 1) təhsilin idarə edilməsinin təkmilləşdirilməsini; 2) məktəblərin madditexniki bazasının gücləndirilməsini; 3) müəllimlərin hazırlanması, tədris planı, dərslik strategiyası və digər sahələri.

Prezident İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” dünya təhsilinə inteqrasiya yolunu seçmiş milli təhsilimizin metodoloji əsasını özündə birləşdirən konseptual sənəddir. Bu strategiyada göstərilmiş beş mühüm istiqamət və müvafiq prinsiplər əsasında hazırlanmış “Fəaliyyət Planı” təxminən 10 il ərzində mərhələli şəkildə təhsilin əksər pillələrində milli məzmun standartlarının və kurikulumların yaradılması, ekspertizası və həyata keçirilməsini əhatə edir.

Təhsilin keyfiyyətinin artırılmasında iştirak edən əsas tərəflərin hüquq və vəzifələri

Planlaşdırılmış işləri reallaşdırmaq üçün kontinget seçilməli, subyektin həyata keçirəcəyi tədbirlər formalaşdırılmalı, onun funksional vəzifələri müəyyənləşdirilməlidir. Subyektin üzərinə düşən vəzifələrin həyata keçirilməsi üçün o, müəyyən səlahiyyətlərə malik olmalı,
bununla yanaşı onun hüquqları da müəyyənləşdirilməlidir. Bu zaman məsuliyyətin predmeti də aydın olmalı, fəaliyyətin son məhsulu və ya subyekt tərəfindən görüləcək işin növü qeyd edilməlidir, çünki o bu işin keyfiyyətinə görə məsuliyyət daşıyır. Funksional hüquq və vəzifələrdən aydın olmalıdır ki, nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi və ya keyfiyyətsiz yerinə yetirilməsi digər subyektlər – öyrənənlər üçün hansı nəticələrə gətirib çıxara bilər.

İdarəçilik fəaliyyətini təşkilati baxımdan həyata keçirmək üçün aşağıdakı cədvəl köməkçi rolunu oynaya bilər (Məmmədzadə, 2010):

Nəticə

Ümumi təcrübə göstərir ki, arzuolunan nəticə əldə etmək üçün tədrisin keyfiyyətində qarşılıqlı vəhdət olmalıdır. Yəni tədris prosesində təhsilin məzmunu, pedaqoji texnologiya və təhsilin keyfiyyətinə nəzarət amilləri arasında harmoniya varsa, tələb olunan keyfiyyəti təmin etmək olar.

İndiki dövrdə keyfiyyətin qorunması və idarə olunması yalnız ali təhsil müəssisələrinin deyil, həm də kolleclərin və ümumi təhsil məktəblərinin qarşılaşdığı əsas problemdir. Bu nöqteyinəzərdən istər ali məktəblərdə, istər orta-ixtisas təhsil müəssisələrində, istərsə də ümumi təhsil məktəblərində təhsilin keyfiyyəti daim diqqət mərkəzində olmalı və mühüm məsələ kimi bu işdə məsul olan şəxslər tərəfindən nəzarətdə saxlanılmalıdır.

Ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafının təmin olunması istiqamətində bir sıra ciddi addımlar atılır. Məktəbdə müasir
təlim-tədris prosesinin qurulmasında həlledici faktorlardan biri olan keyfiyyətin idarə olunması məsələsinə xüsusi diqqət yetirilir. Son  dövrlərdə təhsil qanunvericiliyinə edilən dəyişikliklərin əksəriyyəti cəmiyyəti düşündürən məsələlərdir. Təhsil müəssisələrində psixoloji xidmətin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, təhsilverənlərin sertifikatlaşdırılması, təqvim ilinin sonunadək altı yaşı tamam olan uşaqların məktəbə müsabiqəsiz qəbulu, eləcə də birinci sinfə qəbulun sadələşdirilməsi və elektronlaşdırılması ilə bağlı Təhsil Qanununa dəyişikliklərin edilməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması təhsilin stimullaşdırılması və vətəndaş məmnunluğuna xidmət edən əsas göstəricilərdəndir. Ümumiyyətlə, bu sahədə aparılan bütün islahatlar əhalinin keyfiyyətli təhsilə əlçatanlığını artırır və sosial müdafiəsini gücləndirir.

Qeyd: Məqalə Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə 22-25 aprel 2021-ci ildə keçirilən Təhsil İdarəçiliyi Beynəlxalq Konfransında təqdim edilib.

İstifadə edilmiş ədəbiyyat

1 Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar (ESG). (2015).
2 Əlizadə, Ə.Ə. (2008). Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş. Bakı.
3 https://www.muallim.edu.az/news.php?id=6400 
4 Hüseynova, N. (2020). Keyfiyyətin yüksəldilməsində qiymətləndirmənin rolu. Elm və İnnovativ Texnologiyalar Jurnalı (12). s.39-47.
5 İsmixanov, M., Bəxtiyarova, R. (2012). Məktəbin idarə edilməsi. Bakı.
6 Məmmədzadə, R. (2010). Təhsildə keyfiyyət apаrıcı istiqamətlərdən biri kimi. “Müəllim” nəşriyyatı. 169 s.

7 Təhsil Problemləri qəz. (2014). 16 fevral.
8 Lockheed, M.E., & Verspoor, A. (1991). Improving primary education in developing countries. Washington D.C Oxford University press.
9 MoE. (2002). Education Sector Development Program (ESDP-II). Addis Ababa. 
10 Tefera, G.N. (2019). Input factors affecting education quality in general secondary schools of East Wollega zone. Gida Ayana  Woreda. 67p.
11 Voronin, A.S. (2006). Ümumi və sosial pedaqogika terminlərinin lüğəti. Yekaterinburg: GOU VPO USTU-UPI.