“AZƏRBAYCAN MƏKTƏBİ”NİN PEDAQOQ VƏ PSİXOLOQLARIN YETİŞMƏSİNDƏ MÜSTƏSNA XİDMƏTLƏRİ VAR
Bu günlərdə “Azərbaycan məktəbi” jurnalının ötən dövrdəki fəaliyyətinə nəzər salmaq və gələcək yaradıcılıq planlarını müzakirə etmək məqsədilə redaksiya heyəti üzvlərinin görüşü keçirilib. Jurnalın baş redaktoru Arzu Soltan bildirib ki, eyni zamanda, Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevin jurnalın 2024-cü ilin dekabrında keçirilmiş 100 illik yubiley tədbirindəki çıxışından irəli gələn tapşırıqların icrası ilə bağlı planlaşdırmaya ehtiyac var: “İndi biz növbəti 100 ilin 1-ci ilindəyik. Üzərimizə yeni tarix yazmaq missiyası düşür”.
Baş redaktor nazir E.Əmrullayevin həmin tədbirdəki çıxışından bəzi məqamları xatırladıb:
- jurnalın məhz Azərbaycan dilində nəşr olunması təqdirəlayiq haldır. Bu, jurnalın ölkənin hər yerində oxunub-başa düşülməsinə şərait yaradır.
- jurnalda metodik dəstək (təhsilalanların yaş xüsusiyyətləri, milli öyrənmə xüsusiyyətləri və s. ilə bağlı empirik tədqiqatlar, orijinal və tərcümə olunmuş məqalələr) məzmunlu məqalələrə yer verilməsi vacibdir;
- PISA, PIRLS, TALIS, TIMS kimi beynəlxalq qiymətləndirmə proqramlarının nəticələrinin təhlilinə həsr olunmuş məqalələrə ehtiyac var.
Arzu Soltan bu istiqamətlərdən başqa ali məktəblərin pedaqogika fakültələrində gedən proseslər, aparılan tədqiqatlar, onların nəticələri, Xaricdə Təhsil üzrə Dövlət Proqramı məzunlarının jurnala cəlb olunması ilə bağlı məsələlərə diqqət çəkib.
Pedaqoji ictimaiyyət adından fikrini ifadə edən ARTİ-nin şöbə müdiri İntiqam Cəbrayılov son illərdə jurnalda təhsillə bağlı aktual problemlərə toxunulduğunu bildirib. O, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik” ili kimi qeyd ediləcəyini vurğulayaraq həm bu, həm də Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya ilə bağlı mövzulara diqqət yetirilməsini təklif edib. Ən vacib məsələlərdən biri kimi İ.Cəbrayılov təhsil müəssisələrinin idarə olunmasında rəqəmsal platformalardan istifadə ilə bağlı araşdırmalara ehtiyac olduğunu söyləyib.
İ.Cəbrayılovun başqa bir təklifi Qərbi Azərbaycan təhsilinin tarixi və milli kurikulumla bağlı tədqiqatlarla bağlı olub.
Professor Müseyib İlyasov ölkədəki qabaqcıl məktəb və müəllimlərin təcrübəsinin təbliğinə diqqət yetirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bununla bağlı jurnalda rubrika açmaq və həmin təcrübənin təbliğinə başlamaq lazımdır. O, qeyd edib ki, “hər ay 3-4 tədqiqatçı elmlər doktoru və ya fəlsəfə doktoru adı alır. Onların elmi məqalələrinin jurnalda çap olunmasına səy göstərilməlidir”. M.İlyasov psixologiya və pedaqogikanın problemlərinin işıqlandırılmasını zəruri hesab etdiyini bildirib.
Professor Fərrux Rüstəmov Redaksiya Heyətinin görüşü təşəbbüsünü yüksək qiymətləndirərək bunun ənənəyə çevrilməsini təklif edib. O, ölkədə sosial media vasitəsi ilə yaradılan təhsil ekspertləri obrazlarını və görüntü xatirinə görülən işləri “su üzərindəki boş butulkalara” bənzədib.
F.Rüstəmov məktəbəqədər təhsil mütəxəssislərinin ehtiyacları ilə bağlı tədqiqatların vacibliyinə diqqət çəkib. “Azərbaycan məktəbi” jurnalının Azərbaycanda pedaqoq və psixoloqların yetişməsində müstəsna xidmətlərini vurğulayaraq “biz bu dəyəri qorumalıyıq” deyib.
ARTİ-nin şöbə müdiri, professor Hümeyir Əhmədov “keyfiyyətli təhsil istəyiriksə, bu sahəyə vəsait qoyulmalı, ümumi təhsilin məzmununa yenidən baxılmalı və dəyişməlidir. Təhsil işçilərinin məqsədi şagirdlərlə necə davranmağın metodikasını öyrətmək olmalıdır. Təkcə əxlaq tərbiyəsi, əmək tərbiyəsi və s. ilə işlər bitmir. Yeni baxış və yanaşmalar olmalıdır.
H.Əhmədov islamaqədərki dövrün təhsil tarixinin araşdırılmasının vacibliyinə də diqqət çəkib.
ADA Universitetinin dekanı, fəlsəfə doktoru Ülviyyə Mikayılova “Azərbaycan məktəbi” jurnalı ilə birlikdə mütəxəssislərin iştirakı ilə aktual mövzuların müzakirəsinə həsr olunmuş görüşlər təşkil etməyin vacibliyini vurğulayıb və ADA Universitetinin bu istiqamətdə dəstək ola biləcəyini deyib. O, digər türk dövlətlərində gedən prosesləri izləməyi və bu sahədə əməkdaşlığı təklif edib.
Sumqayıt Dövlət Universitetinin prorektoru Könül Abaslı magistrant və dissertantların tədqiqatlarının “Azərbaycan məktəbi” jurnalında çap etdirməyin üstünlüyünü nəzərə çatdırıb. Onun fikrincə, Azərbaycan dilində pedaqogika sahəsi üzrə ədəbiyyat məhdud olduğundan bu məqalələr ucqarlardakı məktəb müəllimləri üçün çox faydalı ola bilər.
Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Anar Mustafazadənin sözlərinə görə, bu gün Azərbaycan məktəbinin 4 problemi var: məzmun, qiymətləndirmə, metodika, münasibətlər (şagird-müəllim, müəllim-şagird, valideyn və s.). Araşdırmalar da daha çox bu istiqamətləri əhatə etməlidir.
Dosent Qalib Şərifov elmi məqalələrin müqayisəli-təhlil üzərində yazılmasının vacibliyinə diqqət çəkib. Onun fikrincə, məqalələrin IMRAD modeli çərçivəsində olması tədqiqatçıların qarşısında tələb kimi qoyulmalıdır.
Q.Şərifov bildirib ki, xarici universitetlərdə sinif idarəçiliyi ilə bağlı “classroom management” deyilən əlavə fənn tədris olunur. Onun fikrincə, jurnal bu sahədəki prosesləri nəzərdə tutan araşdırmalara diqqət yetirməli, bu istiqamətdə məqalələrə yer verməlidir.
ARTİ-nin şöbə müdiri Leyla Sultanlı Dövlət Proqramı məzunlarının jurnalla əməkdaşlığı ilə bağlı təkliflərini səsləndirib.
ARTİ-nin şöbə müdiri İlahə Tağıyeva tətbiqi tədqiqatlara uyğunlaşmış məqalələrə ehtiyac olduğunu söyləyib. İ.Tağıyeva bildirib ki, Təhsil İnstitutunda müasir metodika işinin təşkili ilə bağlı yeni addımlar atılır. Onun fikrincə, məktəblərdə metodistlərin yetişdirilməsi və bunun şəbəkələşməsi ilə bağlı mövzular da ayrılıqda böyük bir tədqiqat obyekti ola bilər.
Redaksiya Heyəti belə görüşlərin başqa ali məktəblərlə birgə keçirilməsinin zəruriliyini də vurğulayıblar.