ICILS BEYNƏLXALQ QİYMƏTLƏNDİRMƏ NƏTİCƏLƏRİNİN TƏHLİLİ VƏ TƏHSİLİN İDARƏ OLUNMASINDA ROLU




Müasir dövrümüzdə həyatın bütün sahələrində kompüter texnologiyalarından geniş istifadə olunur. Belə bir  şəraitdə İKT avadanlıqlarından təhsil müəssisələrində də geniş istifadə edilməsi, bu barədə biliklərin inkişaf etdirilməsi aktualdır. Məhz bunun üçün Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı Tədqiqatı (International Computer and Information Literacy Study – ICILS) həyata keçirilir. ICILS iştirakçı ölkələrə şagirdlərin XXI əsrin tələblərinə uyğun kompüter və informasiya sahəsi üzrə bilik və bacarıqlarını, bu bacarıqlara yiyələnmək üçün lazım olan ev və məktəb mühitini qiymətləndirmək imkanı verir. Tədqiqatın məqsədi ICILS qiymətləndirmə nəticələrini müxtəlif ölkələr üzrə təhlil etmək və bu nəticələrdən təhsilin idarə olunmasında istifadə istiqamətlərini müəyyənləşdirməkdir. Mövzunu tədqiq etmək üçün ədəbiyyat araşdırması aparılaraq məlumatlar əldə edilib. Məlumatlar əsasında ICILS nədir, necə həyata keçirilir, 2018-ci ildə həyata keçirilən ICILS nəticələrinin təhlili və bu nəticələrdən təhsilin idarə olunmasında istifadə mexanizmindən bəhs edilir.

GİRİŞ

Dünya ölkələri inkişaf etdikcə, iqtisadi və siyasi sahələrdə ciddi dəyişikliklər baş verdikcə təhsilin  prioritetlərində də əhəmiyyətli yeniliklər meydana gəlir. Buna misal olaraq, müasir texnologiyanın təhsil sahələrinə daxil edilməsini, biliklə yanaşı bacarığa əsaslanan tələbatın çoxaldığı yeni bazar formasını və s. göstərə bilərik. Bəhs olunan bu dəyişiklikləri biz təhsil müəssisələrində təhsilverənlərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləməsində, müasir təhsil proqramlarının və bunlara uyğun dərs vəsaitlərinin hazırlanmasında görə bilərik (Abbaslı, 2021). Rəqəmsallaşmanın baş verdiyi bu dövrdə əksər sahələrdə dataların yaradılması və ötürülməsində İKT-nin rolu əvəzsizdir. Mövzu bu səbəbdən olduqca aktualdır və İKT haqqında biliklər, onlara çıxış, onlarla işləmək bacarığı təhsilin tərkib hissəsinə daxil edilib.

ICILS – Kompüter və İnformasiya Savadlılığı üzrə Beynəlxalq Tədqiqat 8-ci sinif şagirdləri arasında aparılır (Frallion və b., 2013). Dünyanın əksər ölkələrinin təhsil sistemlərində 8-ci sinifdə təhsilalanların orta yaşı 13,5 və daha yüksək olduqda, bu tədqiqat həmin siniflərdə oxuyan şagirdlər üzrə, 8-ci sinifdə təhsilalanların orta yaşı 13,5-dən kiçik olarsa, o zaman 9-cu sinif şagirdləri üzrə aparılır. Bu tədqiqat Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən təşkil olunur (İEA, 2018). Müxtəlif ölkələr ICILS tədqiqatına qoşulmaqla təhsilalanların kompüter və informasiya savadlılığı üzrə sahib olduqları bilik və bacarıqların nə səviyyədə olduğunu müəyyən etməklə bərabər, onlarda bunu inkişaf etdirmək üçün məktəb və ev şəraitinin nə dərəcədə əlverişli olub-olmadığını müəyyən edir. İlk tədqiqat 2013, ikincisi isə 2018-ci ildə təşkil olunub. Bu beynəlxalq qiymətləndirmə hər 5 ildən bir keçirildiyi üçün üçüncü tədqiqatın bu il (2023-cü ildə) keçirilməsi nəzərdə tutulub.

ICILS informasiya və kommunikasiya texnologiyaları bacarıqlarını 2 meyar əsasında qiymətləndirir:

1) CİL (computer and information literacy) Kompüter və informasiya savadlılığı meyarı – kompüterin avadanlıqlarının istifadəsi, məlumatların toplanması və istifadə edilməsini qiymətləndirir. Bu meyar evdə, məktəbdə, iş yerində və başqa yerlərdə araşdırmalar, kommunikasiya yaratmaq, habelə istehsal etmək məqsədi ilə kompüterlərdən fərdi istifadə bacarıqlarını müəyyən edir.
2) CT (computational thinking) Hesablama düşüncəsi meyarı – şagirdlərin hesablama düşüncəsinin ölçülməsinə, yəni problemlərin konseptuallaşdırılmasına və həlli əməliyyatlarının icrasına yönəlib.

2013-cü ildə keçirilən ilk ICILS-in əsas məqsədlərindən bəzilərinə nəzər salaq (Andreyevna, 2017):

1. Texnologiyanın cəmiyyətdə geniş yayıldığı müasir dövrdə şagirdlərin təhsilə, işə və həyata hazırlıq dərəcəsinin monitorinqi;

2. Müxtəlif ölkələrin təhsilalanlarının kompüter və informasiya sahəsi üzrə bilik və bacarıq səviyyələrinin ölkə daxilində müəyyən edilməsi və digər ölkələrin nəticələri ilə qarşılaşdırılması;

3. Müxtəlif ölkələrin təhsilalanlarının kompüter və informasiya sahəsi üzrə bilik və bacarıqlarına təsir edən əsas faktorların müəyyən edilməsi;

4. Təhsilalanların kompüter və informasiya sahəsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsində məktəb təhsilinin rolunun qiymətləndirilməsi və s.

Azərbaycanın ICILS tədqiqatında iştirakı 2023-cü il üçün nəzərdə tutulub. Ölkəmiz ICILS beynəlxalq qiymətləndirməsinin yalnız kompüter və informasiya savadlılığı (CİL) meyarı üzrə qiymətləndirməsində iştirak edəcək. Beləliklə, azərbaycanlı şagirdlərin kompüter və informasiya texnologiyaları ilə əlaqədar bilik və bacarıqları müəyyən edilərək, bu sahə üzrə ölkədəki ümumi vəziyyət təhlil olunacaq və müvafiq tədbirlərin görülməsinə imkan yaradılacaq (İbrahimov, 2021).

ICILS BEYNƏLXALQ QİYMƏTLƏNDİRMƏ pROSESİ VƏ İŞTİRAKçI öLKƏLƏRİN ƏLDƏ ETDİYİ TƏCRÜBƏLƏR

ICILS tədqiqatı vasitəsilə hesablama düşüncəsinin qiymətləndirilməsi şagirdlərin məktəbdə kompüterlərlə problemi həlletmə bacarıqlarını necə inkişaf etdirdikləri barədə məlumatlar toplamaq və beynəlxalq səviyyəli müqayisələr aparmaq üçün bir fürsətdir. Bu qiymətləndirmə tədqiqatında da digər beynəlxalq tədqiqatlarda olduğu kimi müəllimlər və şagirdlərdən sorğu anketləri vasitəsilə müəyyən məlumatlar toplanır. Şagirdlər İKT avadanlıqlarının əlçatanlığı, evdə və məktəbdə İKT-dən istifadə və s., müəllimlər tədrisdə İKTdən istifadə ilə  bağlı yanaşmalar və bu sahədə peşəkar inkişafa dair sorğu anketlərini doldururlar. Təhsil müəssisələrindəki İKT koordinatorları isə məktəbdə İKT avadanlıqları və öyrənmə prosesinə dəstək vermək üçün onlardan necə istifadə edildiyi barədə sorğu anketini doldururlar. İştirakçı ölkələr milli səviyyədə İKT-yə dair kurikulum, resurslar, tədris proqramları, həmçinin kompüter və informasiya savadlılığının inkişafı ilə əlaqəli məlumatları
bölüşürlər.

ICILS-də iştirak edən ölkələr keçirilən qiymətləndirmə prosesinə əsasən aşağıdakı təcrübələrə yiyələniblər (Andreyevna, 2017):

• test çərçivəsinin, qiymətləndirmə vasitələrinin və kompüter-informasiya savadlılığının inkişaf etdirilməsi istiqamətində görülən işlərlə tanış olunması;

• təhsilalanların ICILS qiymətləndirməsi üçün seçilmə formalarının öyrənilməsi;

• ICILS tədqiqat materialları ilə təhsil müəssisələrinin təlim-tədris materiallarının əlaqələndirilməsi prosesinin izlənilməsi;

• dataların əldə olunması, emalı, nəticələrin qiymətləndirilməsi və tədqiqatın monitorinqi üçün xüsusi kompüter proqramlarından istifadə edərək meta-mövzu üzrə praktiki tapşırıqların yerinə yetirilmə dərəcəsinin öyrənilməsi;

• hər hansı ölkənin digər ölkələrlə müqayisədə özünün kompüter və informasiya savadlılığı üzrə inkişaf səviyyəsini görməsi.

2018-Cİ İLDƏ KEçİRİLƏN ICILS BEYNƏLXALQ QİYMƏTLƏNDİRMƏSİNİN NƏTİCƏLƏRİNİN TƏHLİLİ

2018-ci ildə aparılan ICILS beynəlxalq tədqiqatında yalnız CİL meyarı üzrə Çili, İtaliya, Qazaxıstan, Uruqvay  ölkələri və Rusiya Federasiyasının Moskva şəhəri; hər 2 meyar üzrə Danimarka, Finlandiya, Fransa, Almaniya, Koreya Respublikası, Lüksemburq, Portuqaliya, ABŞ dövlətləri və Almaniyanın Şimali Reyn-Vestfaliya vilayəti iştirak edib. Dünyanın 12 ölkəsində 46 mindən çox şagird və 26 min müəllimi əhatə edən 2018-ci il ICILS təqdiqatlarının nəticələri dünya üzrə bu sahədə vəziyyəti və ölkələrin gələcək inkişafının  səviyyəsinə dair olduqca maraqlı məqamları üzə çıxarır (Diaqram1). Qiymətləndirmə nəticələrinə görə bu  sahədə liderlik 557 bal ilə Danimarkaya məxsusdur. Sonrakı yerləri isə 549 balla Rusiya və 542 balla Koreya Respublikası tutur (Fraillon, 2018).

Nəticələr göstərir ki, tədqiqatda iştirak edən şagirdlərin 18%-i kompüter və informasiya savadlılığı (computer and information literacy – CIL) meyarının şkalasının ən aşağı səviyyəsinə belə, çata bilməyib. Ümumilikdə,  şagirdlərin 25%-i qeyd olunan meyar üzrə ən aşağı nəticəni əldə edib. Onların 21%-i isə CIL meyarı üzrə iki  dəfə daha yüksək səviyyəyə çataraq, kompüterlərdən məlumat toplama və idarəetmə vasitəsi kimi istifadəyə  dair müstəqil işləmək bacarığına sahib olduğunu göstərib. Tədqiqatda iştirak edən şagirdlərin yalnız 2%-i CIL meyarı üzrə ən yüksək nəticəyə nail olub (Diaqram 2) (Andreyevna, 2017).

Cədvəl 1-dən göründüyü kimi, bütün ölkələr üzrə orta hesabla, şagirdlərin ən azı həftəlik istifadə etdiyi xüsusi proqramlar bunlardır: sənədlərin yazılması və redaktə edilməsi (33%), elektron cədvəldən istifadə etmək (21%), “slayd şou” təqdimatları yaratmaq (19%), videoların yazılması və ya redaktə edilməsi (28%), kompüter proqramları və ya tətbiqlər yazmaq (12%), rəsm və rəngləmə proqramından istifadə (20%) və  musiqi istehsalı və ya redaktə edilməsi (20%). Şagirdlərin daha az faizi kompüter proqramları və ya skriptlər  yazmağa (12%), veb-səhifə yaratmaq və ya redaktə etməyə (8%) vaxt ayırıb. Çilidə şagirdlərin həftə ərzində
“musiqi istehsal etmək və ya redaktə etmək” üzrə göstəricisi 38%, Qazaxıstanda 39% olduğu halda, inkişaf etmiş ölkələr olan Finlandiyada 4%, Danimarka və Koreya Respublikasında isə 7% təşkil edir. Maraqlıdır ki, Danimarkada ümumi proqramlardan həftəlik istifadənin göstəricilərinin yüksək olmasına baxmayaraq, musiqi və veb-sayt istehsalı və ya redaktəsi üçün həftəlik İKT-dən istifadənin göstəriciləri çox aşağıdır. 2013 və 2018-ci illər üzrə göstəricilərin müqayisəsi zamanı Çili, Almaniya və Koreyada rəsm çəkmək və qrafik proqramlardan həftəlik istifadədə artımların olduğu ortaya çıxdı. Ümumiyyətlə isə bütün göstəricilər üzrə istifadəni əks etdirən ən yüksək ballar Danimarka və Qazaxıstanda, ən aşağı isə Koreya, Finlandiya və Şimali Reyn-Vestfaliyada (Almaniya) müşahidə olunub. Mütəxəssis tətbiqlərinin istifadəsinə dair ən yüksək bal Qazaxıstanda, ən aşağı bal isə Finlandiyada qeyd edilib (Fraillon, 2018). İştirak tələblərinə cavab verən iştirakçılar arasında ən aşağı göstərici 1% ilə “veb-sayt yaratmaq və ya redaktə etmək” kateqoriyası üzrə Finlandiyada müşahidə olunduğu halda, ən yüksək göstərici 84% ilə “sənədlər yazmaq və ya redaktə etmək” kateqoriyası üzrə Danimarkada müşahidə olunub.

Cədvəl 1 İnformasiya məhsullarını yaratmaq və ya redaktə etmək üçün müxtəlif ölkələrdəki şagirdlərin məktəbdə və ya məktəbdən kənarda həftəlik olaraq İKT-dən istifadə etmə faizləri

Cədvəl 2-dən göründüyü kimi, orta hesabla ICILS-2018 ölkələri üzrə birbaşa sinif təlimatı vasitəsilə məlumat təqdim edən müəllimlərin demək olar ki, 2/3-si tez-tez və ya həmişə İKT-dən istifadə etdiyini bildirir (64%).  Həmin müəllimlərin 1/3-dən çoxu aşağıdakı kateqoriyalar üzrə İKT-dən tez-tez və ya həmişə istifadə ediblər:

• Şagirdlərin öyrənmələri ilə bağlı valideynlər və ya qəyyumlarla ünsiyyət qurulması (45%);

• Şagirdin bütün sinif qrup müzakirələrinin və təqdimatlarının dəstəklənməsi (43%);

• Fərdi və ya qrup halındakı şagirdlərə düzəliş və ya təkmilləşmə işləri apararkən dəstək verilməsi (40%);

• Öyrənməni dəstəkləmək üçün sorğu-sual aparılması (40%);

• Şagirdlərin öyrənməsinin testlər vasitəsilə qiymətləndirilməsi (38%).

Cədvəl 2 ICILS qiymətləndirilməsi üçün sorğu götürülən müxtəlif ölkələrdəki müəllimlərin dərslərdə
müxtəlif öyrətmə texnikalarından istifadə üçün İKT-dən istifadə faizləri 

Müəllimlərin 1/3-dən azı aşağıdakı kateqoriyalar üzrə İKT-dən daha tez-tez istifadə etdiyini bildirib:

• Şagirdlərə işləri ilə bağlı rəy bildirilməsi (32%);

• Şagirdlər arasında əməkdaşlığın dəstəklənməsi (31%);

• Şagirdlərlə ekspertlər və ya kənar mentorlar arasında ünsiyyətə vasitəçilik edilməsi (26%).

Danimarka, Qazaxıstanda və Rusiya Federasiyasının Moskva şəhərində müxtəlif tədris təcrübələrində İKT-dən daha çox istifadə olunduğu halda, İtaliya və Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində daha aşağı  olub.
İştirak tələblərinə cavab verən iştirakçılar arasında ən aşağı göstərici 7% ilə “şagirdlərlə ekspertlər və ya  kənar mentorlar arasında ünsiyyət” kateqoriyası üzrə Şimali Reyn-Vestfaliyada müşahidə olunduğu halda, ən yüksək göstərici 67% ilə “birbaşa sinif təlimatı vasitəsilə məlumat təqdim etmək” kateqoriyası üzrə Koreya
Respublikasında müşahidə olunub (Fraillon, 2018).

TƏHSİLİN İDARƏ OLUNMASINDA ICILS BEYNƏLXALQ QİYMƏTLƏNDİRMƏ NƏTİCƏLƏRİNİN İSTİFADƏSİNƏ DAİR TöVSİYƏLƏR

Yuxarıda da qeyd etdiyimiz kimi, ICILS qiymətləndirilməsinin keçirilməsində əsas məqsədlərdən biri odur ki, müxtəlif ölkələrdə 8-ci sinif şagirdlərinin kompüter və informasiya savadlılığının səviyyəsi, bu sahədə vəziyyətin nə yerdə olduğu müəyyən edilsin və buna müvafiq olaraq təkmilləşdirmə tədbirləri görülsün. Bu da birbaşa olaraq təhsilin idarə olunmasında öz əksini tapır. Belə ki, təhsilin idarə olunmasında ICILS qiymətləndirməsinin nəticələrindən müxtəlif ölkələrdə ən çox iki istiqamətdə istifadə olunur:
1) Kurikulumda (təhsil proqramında) dəyişikliklər etmək. Bu özünü xüsusilə informatika fənninin kurikulumunda göstərir. Belə ki, informatika fənninin kurikulum çərçivəsini ICILS tədqiqatının çərçivəsi ilə uyğunlaşdırmaq, bu qiymətləndirmədə yüksək nəticə əldə etmiş ölkələrin təcrübəsinə yiyələnmək və bunu təkmilləşdirmə işləri aparmaq istəyən ölkələrin öz ölkəsinə uyğunlaşdırmasına çalışması nümunə kimi göstərilə bilər.

2) Şagirdlərin İKT avadanlıqlarına əlçatanlığını artırmaq. ICILS nəticələrinə görə, şagirdlərin İKT  avadanlıqlarına evdə də, məktəbdə də əlçatanlığı ilə onların bu sahədə savadlılığı arasında əlaqə mövcuddur. Belə ki, şagirdlərin kompüterlə həm evdə, həm məktəbdə, həm də istənilən başqa bir yerdə məşğul ola bildiyi ölkələrdə daha yaxşı nəticələr əldə edilib. Buna görə də İKT resurslarına şagirdlərin əlçatanlığını artırmaq yönündə işlər görmək lazımdır. Məhz Danimarkanın ən ön sırada olmasını şagirdlərin kompüter və digər avadanlıqlara çıxışının əlçatanlılığı ilə əlaqələndirə bilərik. Müxtəlif ölkələrdə məktəblər, xüsusilə də kənd məktəbləri kompüter avadanlıqları ilə tam təmin olunmayıb və mövcud avdanlıqlar işlək deyil və ya şagirdlər üçün əlçatan deyil. Şagirdlərin kompüterlərə əlçatanlığını artırmaq üçün dövlət məktəbləri kompüterlərlə təmin edə, həmçinin maraqlı tərəflərdən investisiyalar qəbul edə bilər. Məktəblər ənənəvi kağız-qələm formatından planşet, kompüter formatlı dərslərə keçid edə bilərlər (Haqverdiyev, 2010). Digər tərəfdən, kompüter  avadanlıqlarının əlavə dəyər vergisindən azad olunması onların qiymətinin aşağı düşməsinə səbəb olar, bu isə şagirdlərin onları əldə etmə imkanlarını artırar.

Şagirdlərin İKT savadlılığına nail olmaq üçün əvvəlcə müəllimlərin İKT savadlılığını təmin etmək lazımdır. Bir  çox ölkələrdə müəllimlərin İKT-dən istifadə bacarıqları aşağı səviyyədədir. Bunu pandemiya zamanı distant dərslərin təşkilində onların kompüterdən, müxtəlif proqramlardan istifadədə problemlə üzləşməsi də bir daha sübut etdi. Bu məqsədlə təhsili idarə edən şəxslər müəllimlərin İKT savadlılığını yüksəltmək üçün onları mütəmadi olaraq müxtəlif təlimlərə cəlb etməlidir. Müəllimlik ixtisasına hazırlaşan tələbələrin təhsil aldıqları müddətdə bu bacarıqların yüksəldilməsi yönündə işlər də görülməlidir (Haqverdiyev, 2010).

Tədqiqatlar nəticəsində məlum olub ki, şəhər və kəndlərdən qiymətləndirmədə iştirak edən şagirdlərin CİL balları müxtəlif olub. Şəhərdə yaşayan şagirdlərdə bu daha yüksəkdir. Həmin şagirdlərin nəticələrinin daha üstün olmasının səbəbini tək İKT avadanlıqlarına çıxış ilə əlaqələndirmək düzgün olmazdı, burada həmçinin sosiallaşmaq amilini də nəzərə almaq lazımdır. Bəzi kəndlərdə lazımi avadanlıqların olmasına baxmayaraq, şagirdlər onlardan düzgün istifadə edə bilmir. Düşünürük ki, daha tez və effektiv nəticə almaq üçün onlayn təlimlər təşkil oluna, şagirdlərin fikir mübadiləsi, eyni zamanda baş verən yeniliklərlə bağlı məlumatların ötürülməsi üçün vahid platforma yaradıla bilər.

NƏTİCƏ

Tədqiqatda ICILS beynəlxalq qiymətləndirmə prosesi, bu prosesdə müxtəlif ölkələrin əldə etdiyi təcrübələr, 2018-ci ildə keçirilən qiymətləndirmədə müxtəlif ölkələrdə müvafiq meyarlar üzrə həm şagirdlərlə keçirilən imtahanlar, həm də müəllimlərlə və şagirdlərlə aparılan sorğuların nəticələri nəzərdən keçirilib, 8-ci sinif şagirdlərinin məktəbdə və məktəbdənkənar, müəllimlərin isə dərsin təşkili zamanı İKT-dən istifadəyə üstünlük verdikləri istiqamətlər müəyyən edilib. ICILS nəticələrindən təhsilin idarə olunmasında, əsasən, iki istiqamətdə istifadə olunduğu müəyyən edilib: 1) kurikulumların təkmilləşdirilməsində; 2) şagirdlərin İKT avadanlıqlarına əlçatanlığının artırılmasında. Təhsilin idarə olunmasında bu nəticələrdən müəllimlərin İKT savadlılığının artırılması, şəhər və kənddə təhsil alan şagirdlərin sosiallaşması arasındakı fərqin azaldılması üçün onlayn platformaların yaradılması. Təhsilalanların İKT avadanlıqları ilə daha çox vaxt keçirməsi məqsədilə dərslərin kağız-qələm formatından kompüter-planşet  formasına keçirilməsi aktual və prioritet vəzifələrdən biridir.

İstifadə edilmiş ədəbiyyat

1 Abbaslı, İ. (2021). Beynəlxalq qiymətləndirmə tədqiqatlarının təhsil sistemlərinin inkişafında rolu. Azərbaycan müəllimi. https://muallim.edu.az/news.php?id=17699 

2 Andreyevna, M.R. (2017). Mezhdunarodnoye issledovaniye komp’yuternoy i informatsionnoy gramotnosti ICILS. Nauka v megapolise elektronnyy nauchnyy zhurnal dlya obuchayushchikhsya goroda Moskvy Science In A Megapolis.

3 ARTİ. (2022). https://www.arti.edu.az/az/newsd/1791-azarbaycanin-beynalxalqqiymatlandirmalarda-istiraki  

4 Fraillon, J., Ainley, J., Schulz, W., Friedman, T., Duckworth, D. (2018). IEA International Computer and Information Literacy Study International Report.

5 Fraillon, J., Ainley, J., Schulz, W., Friedman, T., Gebhardt, E. (2013). IEA International Computer and Information Literacy Study International Report.

6 Haqverdiyev, V. (2010). Orta məktəblərdə İKT-nin rolu. Rabitə dünyası. http://anl.az/down/meqale/rabitadunyasi/2010/dekabr/150294.htm 

7 İbrahimov, T. (2021). Azərbaycan ICILS 2023-də iştirak edəcək. Azərbaycan müəllimi. https://muallim.edu.az/news.php?id=15546 

8 İEA. (2018). https://www.iea.nl/studies/iea/ICILS  

9 Qarayeva, S. (2021). Təhsildə qiymətləndirmə tədqiqatları: əsas meyar keyfiyyətdir. 525-ci qəzet. https://525.az/news/181159-tehsildeqiymetlendirme-tedqiqatlari-esas-meyarkeyfiyyetdir