MEYMUNLA BAŞLAYAN SAĞLAMLIQ HƏRƏKATI




İnsanın heyvan hərəkətlərini təqlid edərək dörd ayaqla yeridiyi, qaçdığı və müxtəlif fəndlər göstərdiyi videolarla hamımız rastlaşırıq. Qeyri-rəsmi idman növü sayılan bu hərəkətləri daha inandırıcı etmək üçün “idmançılar” tülkü, canavar, pişik və digər heyvanların maska və quyruğunu taxırlar. Son illər yeniyetmələr arasında geniş yayılan və populyarlıq qazanan yeni əyləncə növlərindən biri də kvadrobikadır (Quadrobica). “Kvadrobika" anlayışı latınca “quattuor” - "dörd" və "aerobika" sözlərinin birləşməsindən yaranıb. Kənar müşahidəçiyə bu hobbi qəribə görünə bilər. Amma o, akrobatik fəndlər və parkur elementləri ilə doludur və bədənin bütün əzələ qruplarına gərginlik gətirir. Burada böyük fiziki fəaliyyət olduğuna görə onu idman əyləncəsi kimi də təsnif edirlər. Kvadrobika basketbol və ya futbol kimi ənənəvi idman növü olmasa da, gənclər arasında fiziki aktivliyi təşviq edən, ümumi sağlamlığı ön plana çıxaran hərəkat sayılır.

Aerobika, krossfit, döyüş sənəti və gimnastikanın müxtəlif elementlərini özündə birləşdirən kvadrobika hərəkatının yaradıcılarından biri “meymun adam” kimi tanınan yapon Keniçi İto hesab olunur. O, təmizlik xidmətində çalışdığı zooparkda dördayaq üstə böyük sürətlə qaçan meymunu müşahidə edənə qədər yeni bir hərəkat yaradacağı heç ağlına da gəlməyib. Gördüyü mənzərə onu unikal qaçış texnikası yaratmağa ruhlandırıb. İto təkcə stadionda deyil, həm də küçələrdə bu qaçışı məşq etməyə başlayıb. Hətta buna görə bir vaxtlar “ictimai asayişi pozan şəxs” kimi həbs olunub. Lakin bu onu həvəsindən döndərə bilməyib. 2015-ci ildə İto 100 metrlik məsafəni dörd ayaqla 15,71 saniyəyə qaçaraq Ginnesin “Rekordlar Kitabı”na daxil olub.

Kvadrobikanın digər ilhamçısı bütün dünyada geniş yayılmış “Animal Flow” gimnastikasını inkişaf etdirən amerikalı fitnes məşqçi Mayk Fitçdir. Yeniyetmələrin dördayaqlıların hərəkət və davranışını təqlid edən sosial media videolarından sonra hərəkat bütün dünyada məşhurlaşıb. TikTok platformasında uşaqların bu həştəq ilə paylaşdığı videolara milyonlarla insan baxır.

Mütəxəssislərin qənaətinə görə, kvadrobika dözümlülüyü, gücü, hərəkətlərin koordinasiyasını öyrədir, həmçinin ürək-damar sistemini və ümumi fiziki hazırlığı yaxşılaşdırır. Kvadrobika kimi fəaliyyətlər sinə gücünə, qol və ayaq əzələlərinin inkişafına yardım edir. Onunla məşğul olanlar həm idman zalında, həm də açıq havada məşq edirlər. Dərslər zamanı idmançılar qaçır, maneələrin üstündən tullanır, suda üzür, kəndirlə və ya xüsusi qurğularla divara dırmaşırlar. Adətən məşqlər kifayət qədər intensiv və yüksək templə aparılır.

Qeyri-adi görünməyinə baxmayaraq, kvadrobikanın çoxlu fiziki faydaları var. O, yüksək intensiv məşqlə yanaşı, çeviklik, tarazlıq və incə motor bacarıqlarını da üzə çıxarır. Bu oyunlarda iştirak övladınızın psixi sağlamlığına da faydalı ola bilər. Digər tərəfdən dörd ayaqlı hərəkət insanlar üçün normal olmadığından, heyvan kimi qaçmaq, hoppanmaq müəyyən prinsiplərə uyğun aparılmasa, zədə riski yarada bilər. Odur ki, mütəxəssislər bu idmana meyil edənlərə müəyyən tövsiyələr açıqlayıblar:

  • Özünüzü həddindən artıq yükləməyin. Kiçik addımlarla başlamaq, yəni gündə beş-on dəqiqə hərəkət etmək kifayətdir;
  • Bol su içmək vacibdir;
  • Bədəninizin imkanlarını araşdırın və onlardan kənara çıxmayın;
  • Heyvan pəncələrini təqlid edərkən baş barmağınızı yumruğunuzun içində sıxmayın;
  • Sərt səthdə məşq edərkən əllərinizi qançırlardan qorumaq üçün əlcək taxın;
  • Biləkləri qoruyan breketlərdən istifadə edin;
  • Çox sərt və ya sürüşkən səthlərdən uzaq durun - ot və ya xalça üzərində məşq etməyə çalışın.

Kvadrobika tərəfdarlarının dediyinə görə, bu oyunların uşaqların sosiallaşmasına da müsbət təsiri var. Kvadrobikaçılar öz icmalarını yaratmaqla sosial əlaqələrini genişləndirir və komanda ruhunu gücləndirirlər. Oyunlar həm də uşağın sənətkarlıq, yaradıcılıq potensialı və təxəyyülünü üzə çıxarır. Bir görüntü üzərində düşünmək, atributlar hazırlamaq və video məzmun üçün performans proqramı yaratmağa fantaziya tələb olunur. Bundan əlavə, bu oyunlar stressi aradan qaldırmaq üçün də yaxşı yoldur.

Yeniyetmələrlə işləyən bir çox mütəxəssislər yeni nəslin nümayəndələrinin canlı ünsiyyətdən uzaqlaşdığından, ekran qarşısında çox vaxt keçirdiklərindən, açıq havada az olduqlarından, idmana əhəmiyyət vermədiklərindən və əlləri ilə heç bir şey etməyi sevmədiklərindən şikayətlənirlər. Kvadrobika məktəbliləri həmfikirlərin əhatəsində, meydanlarda və parklarda vaxt keçirməyə, mürəkkəb fəndlər öyrənməyə və yaradıcılıqla məşğul olmağa sövq edirsə, bunu qadağan etmək məsləhətdirmi? Bu hərəkata qoşulan məşqçilər sosial normalara zidd olmamaq şərti ilə uşaqların özünüifadəsinə imkan verməyin tərəfdarlarıdır.

Yeni tendensiyanın tənqidçiləri isə bunun uşağın oturmaq vərdişini, konsentrasiyasını poza biləcəyini iddia edirlər.

Övladınızın kvadrobikaya marağı varsa, onunla bu barədə söhbət edin. Ondan bunu niyə bəyəndiyini və nəyə nail olmaq istədiyini soruşun. Bu, övladınızın baxışlarını açıqlamasına imkan verər. Uşaqlar anlamalıdır ki, istənilən fitnesin məqsədi sağlamlıq olmalıdır, həddindən artıq fiziki aktivlik və ətrafdakıların diqqətini cəlb etmək deyil.

Zemfira Məmmədqızı