“ŞƏRİKLİ ÇÖRƏK” VƏ TƏCRÜBƏ ƏSASLI ÖYRƏNMƏ

Bu dəfəki qəhrəmanımız “Şərikli çörək” fiminin Vaqifidir. 1969-cu ildə Sovet Azərbaycanında çəkilən bu film çoxumuza məlumdur. Çox sadə süjet xətti olsa da, rejissor Şamil Mahmudbəyov 1970-ci ildə layiq görüldüyü Azərbaycan SSR Dövlət Mükafatının təsadüfi olmadığını film boyunca səhnə-səhnə, epizod-epizod nümayiş etdirir. Filmdə hadisələrə rejissorun həm psixoloji, həm pedaqoji, həm də sosial aspektdən yanaşması aktyor işinin möhtəşəmliyindən də çox diqqət çəkir. Əsəri bu qədər təsirli edən isə ötürdüyü qarışıq duyğulardır. Sanki filmdə uşaqlar yetkinliyi təmsil edir, yetkin insanlar isə uşaqları. Bu da Ş.Mahmudbəyovun incə detallara olan həssas münasibəti ilə açıqlana bilər.
Filmin başlanğıc epizodu xaosu göstərir, heç kim bilmir ki, vedrə haradan gəldi, su niyə töküldü. Bilinən isə odur ki, kiçik bir anlaşılmazlıq insanların daxilində toplanan gərginliyin biruzə verilməsi üçün bəhanə rolunu oynaya bilər. Məhəllənin cəmiyyəti simvolizə edən kompakt yaşayış tərzi səmimiyyəti ifadə etməklə yanaşı, qəfil bir qığılcımın böyük yanğına çevrilmə potensialını da əks etdirir. Bunun ardınca isə məhəllənin nə üçün kompakt halda yaşadığına işarə edilir - “almanlar gəlir!”. Bəli, eyni kökdən, dildən, irqdən, inancdan olan insanların toplu halda yaşamasını zəruri edən ən vacib faktor – “düşmən”. Dostluğu zəruri edən də məhz düşmənçilikdir. Bu, fəlsəfə və psixologiyada “Self and other” (Mən və başqası) konsepsiyası ilə izah edilir. Bu, bir növ dost və düşmənin həyati əhəmiyyətinə işarə edir. Filmdə də “almanlar gəlir!” ifadəsindən sonra mübahisə dayanır, səs-küy kəsilir və xaos müşahidə mərhələsinə keçir.
Sosialist bir toplumda insanların dəyər və əxlaq normalarının necə formalaşdığını göstərən bu filmdə sistemin boşluqları da gizli şəkildə tənqid edilir. A. Maslounun “İnsan ehtiyacları” nəzəriyyəsinə əsasən bir fərdin və fərdlərin təşkil etdiyi qrupların tamlığa çatması üçün onların müəyyən ehtiyacları mərhələ-mərhələ təmin olunmalıdır. Bu təminat fiziki ehtiyaclardan başlayır və emosional ehtiyaclarla tamamlanır. Əsas ehtiyaclardan biri olan “yemək ehtiyacı” məhz buna görə də filmdə önə çıxarılır. Buradakı yemək ehtiyacı həyatı, Vaqifin itən çörək talonu isə yaşamaq istəyini təmsil edir. Atasını itirmiş, anası yanında olmayan bir uşağın həyatda qalmaq mübarizəsi həm onun daxili aləmi, həm də məhəllədəki insanların göstərdiyi münasibətdə əks olunur.
Vaqif də digər filmlərin personajları və ümumiyyətlə, həyatda insanlar kimi bir seçim qarşısındadır: Gena, yoxsa qırçı Məhəmməd?
Gena şər qüvvələri təmsil edir. Oğurluq etmək, yalan danışmaq, asan yolla qazanc əldə etmək onun xarakterinə xasdır. Məhəmməd isə əməyi, dürüstlüyü və ədaləti təmsil edir. Bu yol daha əziyyətli və təhlükəlidir. Məhəmmədin də dediyi kimi “Başıboş insanlardan uzaq durmalısan, “cəhənnəmə ki!” deməyi bacarmalısan”, əks təqdirdə qır qazanının özünü yandırması ehtimalı böyükdür. Filmdə rejissor Məhəmmədin ölümü epizodunu çox dəqiq və incə detallarla ifadə edir. Fikirli olan və zəif qidalanan Məhəmməd havanın temperaturunu və köməkçisinin uşaq olduğunu diqqətdən qaçırır... Vaqif ona edilən hər iki təklifi dəyərləndirir: Məhəmmədin köməkçisi olmağı da, Genanın dediyi yerdə su satmağı da. Bu iki hadisə onun şüuraltında öyrənmə sistemini daha aktiv hala gətirir. Buna təcrübə əsaslı öyrənmə deyə bilərik. Təcrübə əsaslı öyrənmənin ən üstün cəhəti qazancın ömürlük olması, mənfi tərəfi isə öyrənmə prosesində alınan yaralar və görülən zərərlərin dərəcəsidir. Qəhrəmanımız Vaqif də bu proseslərin hər birindən özü üçün dərslər çıxarır.
Filmin ortaya qoyduğu digər məsələ isə sözlə öyrətməyə çalışan və əməl ilə öyrədən insan modelləridir. Bu baxımdan Gena, İsmayıl baba və qırçı Məhəmməd personajları diqqət çəkir. Gena və Məhəmməd doğru və ya yanlış olmasından asılı olmadan birbaşa əməl ilə “öyrədən insan” rolundadır. İsmayıl baba isə danışmağa gələndə pəhləvan, icra zamanı isə qeybə çəkilən personajdır. Vaqif İsmayıl babadan məcburi laqeydliyi, Məhəmməddən isə paylaşmağı öyrənib sonda öz seçimini edir. Bu seçimə aparan yolda yaşadıqları və həyat mübarizəsi onu yetkin bir insana çevirir.
Filmdə psixologiyanın predmeti olan “alter eqo” və “super eqo” konsepsiyaları da təhlil edilir. Vaqifin qüruru və yaşadığı çətinlikdə apardığı mübarizə onun daxilində “iki şəxsiyyət”in formalaşmasına səbəb olur. Bu iki şəxsiyyət onun daxilindəki “xeyir və şər”i təmsil edir. “Super eqo” isə yetkin adama məxsus “qürur və məğrurluq” hissidir. Bu vəziyyəti Vaqifin yeşiklərini qırdığı insanların ona başmaqlarını təklif etdikləri epizodda görürük. Başmaqları alıb-almamaqla bağlı tərəddüd yaşayır və qüruru onları geri verməyə sövq edir, amma qürurunu göstərməyə heç kimin olmadığını görəndə başmaqları sürüyə-sürüyə yoluna davam edir. Eyni zamanda, ac olmasına rəğmən qənddanın dibində qalan şəkər tozunu yeyib yatması, nə İsmayıl babanın, nə də qonşuların evində yemək yeməyə getməməsi onun xarakterinin bir hissəsinin artıq formalaşdığını göstərir.
Şər əməlləri rejissor filmdə “oğurluq” kimi ifadə edir. Bazarda dostunun piştaxtadan meyvə oğurladığının şahidi olan Vaqif ona heç nə demir, lakin meyvəni də qəbul etmir. Bu da onun haqq və nahaq ilə bağlı təməllərinin əvvəldən atıldığına işarə edir. Vaqifin seçimlərinə sadəcə içində olduğu vəziyyət deyil, aldığı tərbiyə, aid olduğu məhəllə və uşaq çevrəsi təsir edir. Qanunsuz əməllərə qarşı məhəllə sakinlərinin davranış tərzi cəmiyyətin yanaşma formasını təmsil edir. Cinayət görülür, amma bu barədə məlumat verilmir, şikayət edilmir, hər kəsə öz seçimini etmək imkanı verilir. Kim zəhmətkeş, kim oğru olacağına özü qərar verir.
Rejissorun sistemlə bağlı etdiyi ən böyük tənqid isə fokusçunun aparatda şəkillər göstərdiyi səhnədir – “İzahsız 2 manat, izahla 3 manat”. Bu da aparat sahibinin sosialist cəmiyyətdəki kapitalist yanaşmasıdır. Qiymətin xidmətə uyğun dəyişməsindən əlavə bütün uşaqların izləmək imkanı məsələsi də diqqət mərkəzindədir. Sosialist cəmiyyətdə olması gərəkən hamılıqla hərəkət burada gerçəkləşmir və yalnız Arifin anasının Vaqif üçün də Arifə pul verməsi ilə nəticə əldə edilməsinə ümid edilir. Arifin pulu özü üçün xərcləmək istəyi isə kollektiv düşüncə və hərəkətin çətinliyinin təməlində yatan duyğunu əks etdirir.
Filmin sonunda isə bir çox şeyi özündə ehtiva edən mahnı səslənir: “Sən, ey uşaqlıq, sən bizdən uzaq düşdün artıq!”
Qasım Qurbanov

