TƏŞƏBBÜS: “Bilik Günü”nündə otaq bitkilərinə üstünlük verək
Dərs ilinin ilk günündə məktəbə gül buketi ilə gəlmək ənənəsi keçmiş sovet rejimindən qalıb. Azərbaycanda bu köhnə ənənə sıradan çıxmaq əvəzinə ildən-ilə miqyasını və formasını daha da genişləndirir. “Bilik Günü”ndə müəllimlərə gül dəstələri təqdim etmək az qala normaya çevrilib. Özü də məişətin başqa sahələrində olduğu kimi valideynlər burada da ifrata varırlar. Çox vaxt simvolik gül dəstəsi yerinə böyük və daha əzəmətli buketlərlə başqa valideynlərdən fərqlənmək istəyi nəzərə çarpır. Cəmiyyətimizdə müəllimlər üçün gül dəstəsi bayramın dəyişməz atributu və diqqət rəmzi, valideynlər üçün isə müəllimə minnətdarlığın maddi ekvivalenti sayılır.
İnkişaf etmiş ölkələrdə dərs ilinin başlanması münasibəti ilə müəllimlərə gül dəstəsi və ya hər hansı hədiyyə vermək qəbuledilməzdir. Amma bəzi ölkələrdə birinci sinif şagirdinin ilk dərs günü müəllimə bir ədəd gül verməsi normal qarşılanır.
Planetin üzləşdiyi ciddi ekoloji problemlərin diqqət mərkəzində olduğu, Azərbaycanın COP29-a ev sahibliyi etdiyi vaxtda ölkədə ekoloji savadlılığın artırılması üçün müxtəlif layihələr həyata keçirilir. Bu yazıda irəli sürülən təşəbbüsün məqsədi də əslində həmin maarifçiliyin daha da genişlənməsinə xidmət etməkdir. Fikrimcə, Bilik Günündə məktəbə gül aparmaq istəyən valideynlərin onu dibçək gülü – otaq bitkisi ilə əvəzləməsi daha faydalı olar. Bir həftə ömrü olan güllərdənsə, illərlə yaşayacaq, sinifdə uşaqlarla bərabər böyüyəcək, bəzi dərslərdə onlar üçün əyani vasaitə çevriləcək otaq bitkiləri təkcə Bilik Günündə deyil, Müəllim Günündə, 8 martda, son zəngdə də ən yaxşı hədiyyə ola bilər. Bu bitkilər artdıqca, böyüdükcə paylaşıla, bir otaq bitkisindən alınan yeni tinglər xeyli insanı sevindirə və təbiətə fayda verə bilər.
Onu da nəzərə almaq lazımdır ki, yüzlərlə uşağın gətirdiyi buket bir neçə gündən sonra zibil qutusuna atılır, bu həm təbiət, həm insanların ailə büdcəsi, həm də zibil emalı ilə məşğul olanlar üçün problem yaradır. Qızılgül dəstəsinin yerinə məktəb həyətinə qızılgül tingi, tülpan soğanları, çoxillik kollar əkmək təkcə məktəbə deyil, bütövlükdə kiçik parçası olduğumuz planetə xidmətdir. Bəri başdan deyək ki, bunu da bir öhdəliyə çevirmək lazım deyil. Bu, valideynlərin könüllü görəcəyi bir iş olmalıdır.
Otaq bitkiləri estetik görünüş və sakitləşdirici atmosfer təmin etdiyi üçün bütün dünyada trendə çevrilməkdədir. Amma onların faydası düşünüldüyündən daha böyükdür. Bitkilər karbon qazını oksigenə çevirməklə karbon emissiyalarını azaltmağa kömək edirlər. Bəzi bitkilər havadakı karbonmonoksit kimi toksinləri belə udur. Bu da daha asan nəfəs almağa imkan verir və iqlim dəyişikliyinin təsirlərini azaldır.
ABŞ tədqiqatçılarının araşdırmasına görə, atmosferdə karbon qazının artması üzündən bitkilərdə daha çox fotosintez prosesi getməyə başlayıb. Bu isə iqlim dəyişikliyinin sürətini azaltmağa kömək edir.
NASA-nın araşdırmalarında da otaq bitkilərinin benzol, formaldehid və trikloretileni udaraq qapalı məkanlarda havanın keyfiyyətini yaxşılaşdırdığı təsdiqlənib. Sidney Texnologiya Universitetində aparılan araşdırma böyük ölçülü otaq bitkisinin ildə 1,3 kiloqrama qədər karbon qazı uda biləcəyini göstərib. Happyhouseplants.com saytı yazır ki, bu, planet üçün əhəmiyyətli bir ölçü kimi görünməyə bilər, amma istixana qazları emissiyalarının azaldılmasına müsbət töhfədir.
İqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası ilə bağlı narahatlıqlar artdıqca, fərdlər və təşkilatlar bunun planetə mənfi təsirini azaltmağın fərqli yollarını axtarırlar. Bir çox həll yolları bərpa olunan enerji və dayanıqlılıqla bağlı genişmiqyaslı təşəbbüslərə diqqət yetirsə də, fərdlərin fərq yaratmağa təsir göstərmək üçün edə biləcəyi daha kiçik miqyaslı tədbirlər də var.
Bitkilər otaqdakı istiliyi udmaq və kölgə verməklə daxili temperaturun tənzimlənməsinə də kömək edə bilər. Bu, yayda kondisioner, qışda isitmə ehtiyacını azalda bilər, enerji xərclərinə qənaət etməyə imkan verər.
Otaq bitkilərinin ən böyük faydalarından biri də stress və narahatlığı azaltmaq, əhval-ruhiyyəni yaxşılaşdırmaqla psixi sağlamlığa təsiridir. Böyük Britaniyadakı Ekseter Universitetinin araşdırmasında evlərində bitki olan insanların, olmayanlara nisbətən daha az stress və narahatlıq keçirdiyi təsdiqlənib. Bitkilərin mövcudluğunun zehni qabiliyyəti yaxşılaşdırdığı və iş mühitində məhsuldarlığı artırdığı göstərilib.
Təbiətdən uzaqda yerləşən, biomüxtəliflik haqqında öyrənmək imkanları olmayan uşaqlar üçün bitkilər ekoloji təhsilin təşviqində mühüm rol oynaya bilər. Bitkilər təbiətlə nəzərəçarpacaq əlaqə təmin etməklə uşaqlara ətraf mühiti qiymətləndirməyə və sağlam planetin inkişafında özlərinin oynadığı rolu daha dərindən dərk etməyə kömək edə bilər.
Tədqiqatlar göstərib ki, təbiətlə iç-içə olmağın uşaqlar üçün bir sıra faydaları, o cümlədən koqnitiv funksiyaların yaxşılaşması, stress və narahatlığın azalması, fiziki aktivliyin artması kimi təsiri var. Bundan əlavə, bitkilər biomüxtəlifliyin əhəmiyyəti və sağlam ekosistemlərin qorunmasındakı rolu ilə uşaqlarda tənqidi düşünmə bacarıqları, ətraf mühitə qarşı məsuliyyət hissinin formalaşmasına da təsir edə bilər.
Ekoloqlar bildirir ki, şəhər mühitində otaq bitkiləri uşaqlara təbii dünya haqqında məlumat əldə etmək və onunla əlaqə yaratmaq üçün mühüm imkan yarada bilər. Bitkiləri təhsil proqramlarına və fəaliyyətlərinə daxil etməklə, pedaqoqlar və valideynlər ekoloji savadlılığın təşviqinə kömək edə və yeni nəsil ətraf mühit mühafizəçilərini ruhlandıra bilərlər.
Sonda qeyd edək ki, sadəcə otaq bitkiləri ilə planeti xilas etmək mümkün olmasa da daha sağlam və dayanıqlı bir dünyanın təşviqində rol oynaya bilər. Daxili havanın keyfiyyətini yaxşılaşdırmaq, karbon emissiyalarını azaltmaq, biomüxtəlifliyi təşviq etmək, enerji istifadəsini azaltmaq və psixi sağlamlığı artırmaqla otaq bitkiləri daha davamlı gələcəyə töhfə verə bilər.
Övladınızın daha təmiz havalı sinif otağında oturması, sağlam ruha sahib olması və təbiətin kiçik parçası ilə bir yerdə böyüməsi üçün buket və ya bitki dilemması qarşısında qaldıqda bir daha düşünməyiniz faydalı olar.
Zemfira Məmmədqızı