AQRESSİYA MƏYUSLUQDAN YARANIR
Son günlər Bakıda baş verən dəhşətli kriminal hadisə cəmiyyətdə böyük ağrı və sarsıntıya səbəb olub. Təəssüf ki, inkişaf etmiş və etməkdə olan cəmiyyətlərin ən aktual problemlərindən biri də aqressiyalı fərdlərin davranışlarıdır.
Dünyanın müxtəlif ölkələrində kütləvi qətllərə səbəb olan belə hərəkətlər barədə xəbərlərlə tez-tez rastlaşırıq. Araşdırmalar göstərir ki, insanların mövcud psixoloji durumu onları aqressivliyə sövq edən amillər sırasında ilk yerdədədir.
Aqressiya (latınca “agressio” – hücum, təcavüz) insanların cəmiyyətdə birgəyaşayış norma və qaydalarına zidd, canlı və cansız obyektlərə zərər vuran, insanlarda gərginlik, narahatlıq, qorxu, depressiya halları yaradan duyğulardır.
Psixoloji ədəbiyyatda təcavüz və aqressiv davranışın vahid tərifi yoxdur. Z.Freyd, K.Yunq da daxil olmaqla, bir çox psixoloqlar aqressivliyə fərqli təriflər veriblər. Amma onların hamısının gəldiyi ümumi nəticəyə görə, cəmiyyətdən aqressiyanı və aqressiv fərdləri tamamilə yox etmək mümkün deyil. Bu, cəmiyyətin inkişaf xüsusiyyətlərindən biridir.
Amerikalı psixoloq Arnold Bass və Anna Darki öz elmi məqalələrində aqressiyanın 5 növünü göstəriblər - fiziki (kiməsə qarşı fiziki hərəkətlər), dolayı (qeybət, zərərli zarafatlar), istiqamətsiz (izdiham içərisində qışqırıqlar), neqativizm (müxalif kobud davranış), şifahi aqressiya (təhdid, qışqırıq və nalayiq ifadələr). Həmin psixoloqların hazırladıqları testlər 60 ilə yaxındır ki, 14 yaşdan yuxarı insanların aqressivlik səviyyəsinin müəyyənləşdirilməsi üçün tətbiq olunur.
Aqressiya əsasən şəxslərlərarası (qruplararası) ünsiyyət prosesində yaranan xüsusi sosial çevrələrdə ortaya çıxır. Bəzən belə çevrələrdə heç təbiətcə aqressiv olmayan insanlarda da aqressiv davranışlar özünü göstərə bilər.
Aqressiyanın səbəbini araşdıran alimlərin fikrincə, bu davranış hər yaşdan olan insanlarda müşahidə olunsa da, onun əsası bir çox hallarda erkən uşaqlıqda qoyulur. Tətbiqi psixologiya tədqiqatçıları aqressiv davranışın altında yatan bir sıra amilləri vurğulayırlar: fərdin bioloji-genetik, fərdi psixoloji xüsusiyyətləri, tərbiyənin, subkulturanın təsiri, kütləvi informasiya vasitələrinin rolu və s.
“Azərbaycan məktəbi” olaraq subkultura, media və sosial medianın uşaqların aqressiv davranışına təsiri ilə bağlı mövzuları dəfələrlə işıqlandırmışıq. Elə həmin yazılarda həm məktəblərdə, həm də bütövlükdə cəmiyyətdə yeniyetmələrin aqressiv davranışına tez-tez rast gəlindiyi və bunun səbəbləri göstərilib. Təhsil sistemində şagirdlərin aqressivliyini erkən mərhələdə aşkarlamağın yollarından biri məktəblərdə vaxtaşırı psixoloji diaqnostik testlərin aparılmasıdır. Məktəb psixoloqları vaxtaşırı şagirdlər arasında skrininq testlər keçirməklə aqressivliyə meyilli uşaqları müəyyənləşdirə bilərlər. Bu ekspress testlər, bütün respondentlər qrupuna daxil olan müxtəlif psixoloji çətinliklər yaşayan şagirdləri aşkarlamağa, diaqnoz qoymağa, onların təhsil və inkişaf problemlərinin həllinə imkan verir. Bu zaman yeniyetmənin qeyri-adekvat davranışının, aqressivliyə meyil və asılılıqlarının aradan qaldırılması üçün proqram hazırlanmalı və müvafiq iş aparılmalıdır.
Unutmaq lazım deyil ki, yeniyetməlikdə üzə çıxan aqressiyanın əsası əslində uşaqlıqda qoyulur. Yetkinliyə qədəm qoyan yeniyetmə ağlında mövcud olan dünya ilə reallıq arasında ziddiyyət yaşayır. Bu dünyalar bir-birindən nə qədər çox fərqlənirsə, uşaq bir o qədər ağır psixi diskomfort vəziyyətinə düşə bilər. Yeniyetmənin həyatla, gerçək hadisələrlə bağlı məlumatların təhrif edidiyi, yalanla müşayiət olunduğu, böyüklərin real davranışlarının əslində onların təbliğ etdikləri ideyalardan uzaq olması ilə bağlı ortalığa çıxan məyusluğu onları həm özləri, həm də ətrafındakılar üçün son dərəcə sərt və zərərli hərəkətlərə sövq edə bilər. Bu, adətən həm məktəbin, həm də ailənin, psixoloji mikroiqliminə ciddi təsir göstərir. Məyusluq hissi uşaqlarda ətrafdakı böyüklərə, hətta valideynləri olsa belə, mənfi münasibətə, onların idarəetməsinə qarşı üsyana meyilli gözlənilməz hərəkətlərə səbəb olur. Belə bir məqamda antisosial şəxsiyyət öz yaşıdlarının gözündə “qəhrəman”a çevrilmək üçün kriminal dəyərlərə əhəmiyyət verən və onu həyata keçirən birinə çevrilə bilər. Psixoloqların qənaətinə görə, bu halda cinayət meyilləri təbii istəkdən deyil, aqressiya və hiperaktivliyin davamı, ödənilməmiş ehtiyacların və sosial-psixoloji uyğunsuzluğun əlaməti kimi meydana çıxa bilər.
Aqressiv davranışın motivlərini araşdıran rusiyalı psixoloqlar E.Smirnov və V.Xolmoqorov burada bir neçə səbəbi fərqləndirirlər:
- öz üstünlüyünü vurğulamaq məqsədilə başqa şəxsin ləyaqətinə toxunmaq, zərər yetirmək;
- diqqəti özünə cəlb etmək;
- müdafiə və qisas;
- rəhbərlik arzusu;
- istədiyi əşyanı əldə etmək istəyi.
Müəlliflərin qənaətinə görə, aqressiya psixoloji amillərdən çox, sosial faktorlardan qaynaqlanır. Ona görə də ailə, təhsil sistemi və bütövlükdə cəmiyyətdə gərginliyin azalmasında psixoloqlarla yanaşı, hər kəsin üzərinə böyük məsuliyyət düşür.