DÜNYANIN TANIDIĞI AZƏRBAYCANLI YAZIÇI




“Dünya uşaq ədəbiyyatı” silsiləsindən mütaliə üçün vacib sayılanlar siyahısında Səməd Behrənginin “Balaca qara balıq” əsəri xüsusi yer tutur.

Bu il Səməd Behrənginin anadan olmasının 85 illiyi tamam olur. 30 avqust isə onun dünyasını dəyişdiyi gündür. Məşhur “Balaca qara balığ”ın müəllifi Cənubi Azərbaycan ədəbiyyatının tanınmış siması, İran uşaq ədəbiyyatının cığır açanı sayılır. Tənqidçilər əslində qara balığı Səmədin prototipi kimi qiymətləndirirlər. O balıq ki, “12000 xırda balığın yuxuya getdiyi çuxurdan uzaqlaşıb azadlıq axtarışına çıxır” ...

O, 18 yaşında Təbriz Universitetində ingilis dili və ədəbiyyatı fakültəsində təhsilə və eyni zamanda müəllimliyə başlayıb. Tələbəlik illərindən hekayələr yazmaqla yanaşı, S.Behrəngi ingilis və Azərbaycan dillərindən farscaya və əksinə tərcümələr də edib. O, həm Azərbaycan folklorunun tədqiqatçısı, həm də pedaqoji və ictimai-siyasi problemlərlə bağlı məqalələrin müəllifi kimi tanınıb. Müəllimlik fəaliyyəti dövründə S.Behrəngi İran təhsil sistemindəki nöqsanların aradan qaldırılması yollarına dair maraqlı pedaqoji yanaşmalar təklif edib. Yazdığı pedaqoji məqalələr ölümündən sonra “İran tərbiyə sistemi barədə fikirlər” adlı kitabında toplanıb. Onun məqalələri, hekayə və topladığı folklor nümunələri dövrün qəzet və jurnallarında bir çox təxəllüslərlə dərc olunub. Bu nağıl və hekayələrdə ədalət və bərabərlik mövzularından bəhs edən müəllif ictimai fəaliyyəti ilə İran şah rejiminin təhlükəsizlik qüvvələrinin diqqətini çəkməyə başlayıb. Cəza olaraq onun müəllimlik fəaliyyəti bir neçə aylıq məhdudlaşdırılıb. 1967-ci ildə Araz çayında çimərkən boğulan 29 yaşlı Səməd Behrənginin ölümü həmişə şübhə və müzakirə mövzusu olub: “balaca qara balığın böyük arzuları kiçik cisminin sakit qalmasına icazə vermirdi. O dəryaya sarı yola çıxdı, ancaq ölümü də düşünürdü:

Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardığım qədər yaşamalı, ölümdən qaçmalıyam. Düzdür, ölümlə də qarşılaşa bilərəm. Önəmli deyil... Önəmli olan budur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcək”.

Qara Balığın dili ilə deyilən bu sözlər Səməd Behrənginin həyat fəlsəfəsi idi.

S.Behrəngi dünyada pedaqoq, tərcüməçi, folklorşünas kimi fəaliyyəti ilə yanaşı, daha çox hekayələri və nağılları ilə tanınır. Onun “Ulduz və qarğalar”, “Çuğundur satan oğlan”, “Ulduz və danışan kukla”, “Quşbaz keçəl”, “Təlxun”, “Koroğlu və Keçəl Həmzə” hekayələri dünyanın müxtəlif dillərinə tərcümə olunub.

Behrənginin əsərləri arasında ən məşhuru “Balaca qara balıq” 1968-ci ildə İranda “İlin uşaq kitabı” adına, 1969-cu isə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə müəllifin kitabları italyan, fransız, ingilis, türk dillərinə tərcümə olunaraq nəşr edilib.

S.Behrəngi yaradıcılığını tədqiq edənlər vurğulayır ki, təkcə Qara Balıq deyil, onun bütün qəhrəmanları uşaqlar üçün yolgöstərən rolunda çıxış edir.

Behrənginin “Ulduz və qarğalar” hekayəsinin qəhrəmanı atası və ögey anası ilə yaşayır. Ulduz pəncərədən baxanda qarğa ona yaxınlaşıb söhbətə başlayır. Kuklası yoxa çıxdığına görə məyus olan Ulduza yumurtadan təzə çıxmış balalarından birini hədiyyə gətirəcəyini deyir. Qarğa gələndən sonra Ulduzun həyatı dəyişir. İndi onun əsas işi bala qarğanın qayğısına qalmaq, yemləmək olur. Ana Qarğa tez-tez onları ziyarətə gəlir. Belə günlərin birində Ulduz bağçada ögey anasının Ana Qarğanı döydüyünü görür.

Hekayədə ögey ana şər qüvvələrin, Ana, Ata Nənə qarğalar isə mərhəmət və ədalətin təmsilçisi kimi göstərilir. S.Behrəngi tanış olduğu bir uşağın həyatından ilham alaraq yazdığı bu əsər İranda böyük marağa səbəb olmuşdu. Yazıçı uşaqlara izah edirdi ki, cəmiyyətdəki bütün ictimai bəlaların - zorakılıq, yalançılıq, rüşvət və oğurluğun sonuna çıxmaq üçün mübarizə aparmaq lazımdır.

“Bir şaftalı, min şaftalı” da Behrənginin kiçik dostuna danışdığı nağıldır. Hekayədə iki uşağın əkdiyi bir şaftalı tumunun cücərib böyüyərək ağac olana qədər keçdiyi yol təsvir olunur: “Mən hərarətli əllərdən torpağa düşdüm, torpağın altında şirin yuxuya getdim ki, yazda daha qüvvətli ayılım, cücərim, torpaqdan çıxıb Polad və Sahibəli üçün çoxlu meyvə gətirən ağac olum”.

Cəmiyyətdə sosial bərabərlik və azadlıq ideyası Səməd Behrənginin “Qarı və çil fərəsi”, “İyirmi dörd saat yuxuda və ayıqlıqda”, “Məhəbbət əfsanəsi” və s. hekayələrinin də əsas mövzusudur.

Böyük ideallarla yaşayıb yeni nəsil yetişdirmək üçün mübarizə aparan müəllim-yazıçının xatirəsini yaşatmağın ən yaxşı yolu əsərlərini təbliğ etmək, onları oxumaq və oxutdurmaqdır. Azərbaycanda bir neçə kitabı çap olunan Səməd Behrənginin yaradıcılığı ilə məktəbliləri tanış etmək üçün Youtube platformasındakı kanalların imkanlarından da istifadə etmək olar.

 

Zemfira Məmmədqızı