UNİVERSİTETLƏRDƏ TƏŞƏBBÜSKARLIQ FƏALİYYƏTİNİN STİMULLAŞDIRILMASI VƏ TƏŞVİQİ




Bu gün cəmiyyətin sosial və iqtisadi inkişafında təşəbbüskarlıq fəaliyyətinin çox vacib rolu var. Universitetlər bu fəaliyyətin aparıcı qüvvəsi kimi dövlət və özəl sənaye şirkətləri ilə əməkdaşlıq edərək cəmiyyətdə müsbət dəyişikliklər yaratmağa çalışırlar. Sosial və iqtisadi dəyişikliklərin iştirakçısı olan universitetlərin dövlət və özəl sənaye şirkətləri ilə əlaqəsi innovasiyanın üç qat modelini (The Triplle Helix Model) yaradır. Bu modeli idarəetmə strukturlarında, təlim-tədris prosesində və beynəlxalq əlaqələrin gücləndirilməsində təməl prinsip kimi tətbiq edən universitetlər təşəbbüskar universitetlərdir. Məqalədə təşəbbüskar universitetləri xarakterizə edən komponentlər müzakirə edilir və bu müəssisələrin təşəbbüskarlığın təbliğindəki rolunun izahı verilir. Mövzu keyfiyyət tədqiqatı metodu ilə araşdırılıb, əldə edilən ədəbiyyatlar sənəd təhlili metodu ilə izah edilib.

GİRİŞ

Təşəbbüskar universitetlərin əsas mahiyyəti haqqında alimlər arasında müxtəlif fikirlər mövcuddur. Mautner bildirir ki, təşəbbüskar universitet məfhumunu ilk dəfə Clark “Təşəbbüskar universitetlərin yaradılması: dəyişikliyin təşkilati forması” adlı kitabında qeyd etmişdir (Mautner, 2004). Röpke universitetlərin təşəbbüskarlığının üç əsas formada izahını verir: 1) universitetlərin özünün təşəbbüskarlığı; 2) universitetdə təlim-tədris prosesinin iştirakçılarının təşəbbüskarlığı; 3) universitetlərin ətraf mühitlə olan əlaqələrinin genişliyi (Röpke, 1998). Onun fikirlərini dəstəkləyən Kirby və başqaları bildirir ki, təşəbbüskarlıq kimliyinə sahib olan bütün müəssisələrdə olduğu kimi, təşəbbüskar universitetlər də yenilik etmək, perspektivləri görmək və imkanlar yaratmaq, qruplarda işləmək, riskə getmək və problemlərin həlli yollarını tapmaq qabiliyyətinə malikdirlər (Kirby və b., 2011).

Bu müəssisələrdə professorlar, texniki işçilər və ya tələbələr yeni biznes təşəbbüsləri göstərirlər. Təşəbbüskar universitetlər gələcəkdə daha geniş perspektivlərə sahib olmaq üçün bir çox dəyişikliklər edir, yeni kəşfləri biznesə çevirməklə bərabər öz sahələrində seçilən universitet olmağa çalışırlar (Smith, 2004). Bəzi tədqiqatçılar bu universitetləri özəl şirkətlərlə əməkdaşlıq edən, patent alan və əmək bazarında araşdırmalar apararaq yeni maliyyə mənbələri yaradan, təhsilin bütün iştirakçılarının yenilik etməsinə kömək göstərən inkubator adlandırırlar (Etzkowitz, 2003). Hədəfi qlobal miqyasda xidmət göstərmək olan universitetlərin rəqabətdə önə çıxmaq üçün maliyyə cəhətdən güclü olması lazımdır.

Universitetlərin beynəlmiləlləşməsi onun təşəbbüsyönlü olmasının digər amilidir. İnkişaf etməkdə olan ölkələrin universitetləri üçün beynəlmiləlləşmə çox böyük əhəmiyyətə malikdir. Bu universitetlərdə xarici əlaqələrin inkişaf etdirilməsi, tələbə mübadilə proqramlarının keçirilməsi, xarici vətəndaşlığı olan müəllimlərin işlə təmin edilməsi, beynəlxalq konfranslarda tələbələrin iştirakının çox olması və yüksək indeksli xarici jurnallarda kollektiv üzvlərinin elmi məqalələrinin çap edilməsi onların uğur simvolu kimi götürülür (Czerniachowicz & Wieczorek-Szymańska, 2019).

Cəmiyyətdə baş verən sürətli dəyişikliklərin fonunda təşəbbüskar universitetlər müxtəlif çətinliklərlə üzləşir. Bu çətinliklərdən birincisi
sənaye və ali təhsil sahəsinin fərqli dinamikalara sahib olmasıdır. Daha dəqiq desək, sənaye şirkətləri daha çox bu günün tələblərinə uyğun istehsalat fəaliyyətində olsa da, universitetlər tələbələri gələcəyin perspektivlərinə uyğun hazırlayır (Razvan & Dainora, 2009). Bu ali təhsil müəssisələrinin qarşılaşdığı digər çətinlik isə, təşəbbüskar universitetlərin biznes və sənaye şirkətləri ilə əməkdaşlığının ali məktəblərin akademik fəaliyyətini kölgədə qoyacağı qorxusudur. Derek Bok universitet sənaye əməkdaşlığının ali təhsil müəssisələrinin akademik azadlıqlarına zərər gətirəcəyi, kommersiyalaşma ilə əldə etdikləri gəlirlərin universitet kollektivini təhsildən çox ticarətə yönəldəcəyi, nəticədə də yerləşdikləri mühitdə onlara olan inamı zəiflədəcəyi fikrini irəli sürür (Bok, 2007).

Bir çox təhsil müəssisəsi təşəbbüskarlıq fikrini dəstəkləsə də, universitetlərdə fəaliyyət göstərən akademik heyətin üzvləri bu universitet modelinə, xüsusilə də onun kommersiyalaşdırma fəaliyyətlərinə şübhəli yanaşırlar (Goldstein, 2008). Bu şübhələr isə universitetlərin təşəbbüskar olması yolunda ən böyük əngəl kimi görünə bilər. Çünki istər ənənəvi idarəçilik sisteminə sahib olan, istərsə də təşəbbüskarlıq fəaliyyəti göstərən universitetlərin işində və aldıqları qərarlarda akademik personalın rolu və onların istəkləri fəaliyyətin formalaşdırılmasına təsir göstərir (Clark, 2001).

Sadalanan problemlər bu universitetlərin formalaşmasına təsir göstərsə də, onların mövcudluğunun bir çox müsbət yönləri də var. Salem öz məqaləsində qeyd edir ki, bu universitetlər sənaye firmaları ilə əməkdaşlıq edərək yeni maliyyə mənbələri formalaşdırır və biliyi hər kəs üçün əlçatan etmək məqsədini doğruldurlar (Salem, 2014).

İDARƏETMƏ VƏ TƏŞƏBBÜSKARLIQ

Tələbələrə verilən təhsilin ölkə iqtisadiyyatına, o cümlədən sənayenin və texnologiyanın inkişafına təsiri böyükdür. Şübhəsiz, universitetlərdə güclü idarəçilik sisteminin və liderlik praktikasının olması həmin müəssisələrdə təşəbbüskarlıq mədəniyyətinin formalaşdırılması üçün vacibdir. Belə ki, universitetlərin liderlik modeli orada innovasiya və təşəbbüskarlığın mövcudluğuna habelə idarəçilik sistemində aparılacaq dəyişikliklərə müxtəlif şəkildə təsirini göstərir (O’Connor, 2012). Ali məktəblərin fəaliyyət missiyasında “təşəbbüskarlıq” anlayışı termin kimi işlənməkdən daha çox onların apardıqları quruculuq işlərində əks olunmalıdır. Müəssisələr təşəbbüskarlıq mühitini və idarəetmə prinsiplərini gücləndirmək üçün bir çox amillərə diqqət etməlidirlər. Əgər müəssisədə dəyişikliyə ehtiyac varsa, universitetlər bu ehtiyacı öncədən müəyyən etməyi bacarmalıdır.

Universitetlərin liderlik modellərinin innovasiya və təşəbbüskarlıq üzərində olan təsirini müəyyən etmək üçün öncə liderlik haqqında kiçik izah vermək əhəmiyyətli olar. Oksford İngilis dili lüğəti (Oxford English Dictionary) liderliyi “lider olma vəziyyəti və mövqeyi”, “lider olma bacarığı və ya liderlərin sahib olduğu keyfiyyətlərə sahib olmaq” və “xüsusi bir müəssisənin qrup lideri” kimi səciyyələndirir (Leadership, 2020). Amma bu təriflər liderliyin həqiqi mənasını başa düşmək üçün yetərli deyil. Belə ki, liderliklə əlaqəli müxtəlif ədəbiyyatlarda tədqiqatçıların fərqli düşüncələri mövcuddur. Gandolfi qeyd edir ki, verilən bu beş komponent liderliyin tərifini dəqiq vermək üçün kömək edə bilər: 1) Bir və ya birdən çox liderin olması vacibdir; 2) Liderin idarə etdiyi və onu izləyən insanlar olmalıdır; 3) Liderlik qanunlarla tənzimlənməlidir; 4) Xüsusi bir yanaşma tərzi olmalıdır; 5) Xüsusi məqsədləri və hədəfləri olmalıdır (Gandolfi, 2016). Bu beş komponentə əsaslanaraq aşağıdakı tərifin liderliyi çox ətraflı izah etdiyini düşünürük:

“Liderlər tabeliyində olan xüsusi qabiliyyətli və bacarıqlı insanları seçən, onların ehtiyaclarını təmin edən, lazım gəldiyində onlara davranışları ilə təsir göstərən, rəhbəri olduğu müəssisənin missiya və istəklərini həvəslə icra etməyə, bunun üçün onları öz emosional və fiziki güclərini sərf etməyə həvəsləndirməyi bacaran şəxs və ya bir qrup insanlardır” (Winston & Patterson, 2006).

Verilən tərifi daha dəqiq təhlil etsək, görərik ki, birinci növbədə, təhsil müəssisələrinə liderlik edən idarəçilər təhsil prosesinin bütün iştirakçılarını xüsusi kriteriyalara və məqsədlərə əsaslanaraq seçməli, lazım gəldiyində onlara öz liderlik bacarıqları ilə nümunə olmalıdırlar. Onların üzərinə düşən digər vəzifə bütün kollektivi universitetdə olan təşəbbüskarlıq fəaliyyətinə öz bacarıq və qabiliyyətləri çərçivəsində töhfə verməyə, intellektual potensialını seçilmiş məqsədlərə çatmaq üçün sərf etməyə həvəsləndirməkdir.

Universitetlər elə bir idarəetmə modeli formalaşdırmalıdır ki, həmin model müəssisənin bütün şöbələrində təşəbbüskarlıq fəaliyyətinin inteqrasiyasına xidmət etsin (O’Connor, 2012) və şöbələr arasında olan əlaqəni gücləndirərək, eyni məqsədli fəaliyyətlərin universitetlərin fərqli şöbələrində və yerli ekosistemdə eyni anda aparılmasının qarşısını alsın. Vacib olan digər bir məsələ, tətbiq ediləcək liderlik modelinin bürokratik əngəlləri aradan qaldıraraq, şöbələrin bir-birindən asılı olmadan müstəqil fəaliyyətinə icazə verməsidir. Bu, universitetdə yenilikçi və kreativ təşəbbüsləri sürətləndirər və müəssisə üzvlərində qrupla işləməklə birlikdə, fərdi təşəbbüskarlıq təfəkkürü də yaradar (Salem, 2014).

UNİVERSİTETLƏRİN TƏŞKİLATİ POTENSİALI: İŞTİRAKÇILAR VƏ TƏŞVİQLƏR

Universitetlərin müxtəlif struktur bölmələrində mövcud olan ənənəvi idarəçilik üsulları, müəssisələrin müəyyən etdikləri strateji hədəflərə çatmasına və təşəbbüskar universitetlərə çevrilməsinə əngəl yarada bilər. Müəssisə daxilində tətbiq edilən idarəçilik sistemində bəzi məsələlərə diqqət yetirməklə bu əngəlləri minimum səviyyəyə endirmək olar. Bunlara təşəbbüskarlıq fəaliyyəti üçün təşviqlərin təmini, prosesə düzgün şəxslərin cəlbi və onların həmin müəssisədə fəaliyyətinin davamlılığının təmin edilməsi və düzgün maliyyə strategiyalarının formalaşdırılması aiddir (O’Connor, 2012).

Universitetlər maliyyə qaynaqlarının formalaşdırılmasında dövlətin dəstəyindən daha çox müstəqil strategiya aparmaqla özlərinin formalaşdırdıqları resurslara arxalanmalıdır. Bu fikri əsaslandırmaq üçün təşəbbüskar universitetlərlə əlaqəli araşdırmalar aparmış tədqiqatçıların fikirlərinə diqqət yetirək:

  • Getdikcə universitetlərin çoxundan təşəbbüskarlıq və biliyə əsaslanan universitet mühiti formalaşdıraraq tədqiqatlar aparmaq, həmin tədqiqatların nəticələrini kommersiyalaşdırmaq tələb edilir (Kirby, 2015).
  • Təşəbbüskar universitetlər professorlar, texniki işçilər və tələbələr tərəfindən yeni biznes təşəbbüslərinin edildiyi təhsil müəssisələridir (Chrisman, 1995).
  • Təşəbbüskar universitet daha sıx universitet – biznes tərəfdaşlığı, xarici maliyyələşmə mənbələrinə çıxış üçün səylərin artırılması, habelə müəssisədaxili idarəetmədə, rəhbərlikdə və planlaşdırmada idarəetmə etikası ilə xarakterizə olunur (Subotzky, 1999).

Universitetlər o zaman təşəbbüskar təfəkkürə malik olur ki, onlar öz imkanlarından maksimum istifadə etməkdən çəkinmir, dövlət resurslarına söykənən fəaliyyətlərini azaldır, davamlı imkanlar və dəyərlər yaratmağa çalışırlar. Əlbəttə, burada yaradılan təşəbbüskarlıq ideyalarının sadəcə fikir olaraq qalmaması, daha çox bir cəhd olması əhəmiyyət kəsb edir. Bu universitetləri səciyyələndirən digər bir xüsusiyyət onların öz sərhədlərini aşaraq, öncə yerli kontekstdə, sonra isə regional mühitdə yeni əlaqələr və imkanlar yaratmasıdır. Buraya daxili və xarici tərəfdaşlar ilə əməkdaşlıq qurmaq və onların təhsilə verə biləcəyi töhfələrdən maksimum istifadə etməklə, bu imkanları daha da təkmilləşdirmək daxildir (O’Connor, 2012).

Təşəbbüskar universitetlərin formalaşması üçün vacib faktorlardan biri də təşəbbüskarlıq təcrübəsi olan insanları həmin müəssisələrə cəlb etmək və onları təşviq etməklə fəaliyyətlərini davam etdirmələrinə mühit yaratmaqdır (O’Connor, 2012). Əlbəttə, ali təhsil müəssisələrinin öz akademik heyətinin sahib olduğu yenilikçi fikirlərə verdiyi dəyərlə birlikdə, universitet xaricində təşəbbüskarlıq fəaliyyəti göstərən və təhsilə dəstək vermək istəyənlərin də düşüncələrini dinləmək, təcrübələrindən yararlanmaq önəmli məsələlərdəndir. Deməli, ali məktəblər qoyduğu hədəfi gerçəkləşdirmək üçün həm öz akademik heyətinə təlimlər keçməli, həm də onların imkan varsa, xarici ölkələrdəki universitetlərdə təlimlərdə iştirakını təmin etməli və onlarda cəmiyyətin inkişafını əsaslandıran dəyərlər formalaşdırmalıdırlar. Bu imkanlar sadəcə onları maliyyə dəstəyi ilə təmin etmək kimi başa düşülməməlidir. Ali təhsil müəssisələri xarici ölkələrin təcrübələrindən istifadə etmək üçün akademik heyətin beynəlxalq kitabxanalara çıxışına və onların tədqiqatçılıq fəaliyyətinə kömək etməli, aparılmış tədqiqatların nəticələrini ümumiləşdirmək, nəzəriyyənin praktikada tətbiqini həyata keçirmək üçün müxtəlif laboratoriyalar yaratmalıdırlar.

Təhsilin iştirakçılarının universitetlərdən gözlədikləri əsas məsələlərdən biri də məzunların əmək bazarında arzu etdikləri mövqeləri tuta bilməsidir. Buna səriştəli məzunlara ehtiyacı olan biznes və sənaye firmalarının hədəfi və arzusu kimi də baxa bilərik. Bu səbəbdən də təşəbbüskar universitetlər məzunların əmək bazarı ilə tanışlığına xüsusi diqqət yetirməlidirlər. Beləliklə, universitetlər müxtəlif biznes və sənaye şirkətləri ilə əməkdaşlığı gücləndirməklə öz akademik fəaliyyətlərinin nəticəyönlülüyünü təmin edə bilərlər.

TƏLİM-TƏDRİS PROSESİNDƏ TƏŞƏBBÜSKARLIQ

Universitetlərin qlobal iqtisadi vəziyyətin formalaşmasında və inkişafındakı rolu müasir dövrdə daha çox hiss olunur. Onlar yeni idarəçilik strategiyaları və təhsil siyasəti formalaşdıraraq tələbələrin təşəbbüskarlıq ruhunu və davranışlarını yüksəltməyə çalışır. Təşəbbüskarlıq təlimləri biznes müəssisələrinin qurulması və onların idarə olunması üçün yaradılan fəaliyyətlərdir. Bu, eyni zamanda təşəbbüs və şəxsi biznes mühitinin formalaşdırılması adlanır (QAA, 2012).

Təşəbbüskarlıq təlimləri üniversitetlərdə, əsasən, üç formada yerinə yetirilir: 1) təşəbbüskarlıq haqqında təlim; 2) təşəbbüskarlıq üçün təlim; 3) təşəbbüskarlıq vasitəsilə aparılan təlim. Təşəbbüskarlıq haqqında təlimlərdə daha çox təşəbbüskarlıq anlayışının məzmunu verilir və tələbələrə nəzəri biliklər öyrədilir (Mwasalwiba, 2010). Təşəbbüskarlıq üçün təlimlər yeni biznes formalaşdırmaq məqsədilə sahibkarlara lazım gələn bilik və bacarıqları verməyə yönəlmiş peşəyönlü bir yanaşma deməkdir. Təşəbbüskarlıq vasitəsilə təlimlər isə xüsusi bir prosesə əsaslanır. Bu proseslərdə tələbələr real təşəbbüskarlıq təlimləri alırlar (Kyrö, 2005).

Təşəbbüskarlığa verilən müxtəlif təriflərin mövcudluğu fərqli pedaqoji yanaşmaların formalaşdırılmasına səbəb olub. Bu isə müəllimlərə təşəbbüskarlıq təlimləri haqqında ətraflı məlumat verilməsini çətinləşdirir (Fayolle, Gailly, 2008). Ümumi olaraq demək olar ki, təşəbbüskarlıq təlimləri ənənəvi mühazirələrdən fərqli olaraq yeni yanaşmalar tələb edir. Belə ki, təşəbbüskar universitetlərdə təhsil alan tələbələr öz şirkətlərini yaradır, müxtəlif yarışmalarda, startap (işə salmaq) proqramlarında və ali məktəblərdə yaradılmış təşəbbüskarlıq klublarında iştirak edirlər. Burada fəaliyyət göstərən müəllimlər isə bu prosesdə tələbələrlə əməkdaşlıq etməli, onların təşəbbüskarlıq ideyalarının inkişafına kömək göstərməli, akademik nüfuzlarından istifadə edərək tələbələrin önündəki bürokratik çətinlikləri aradan qaldırmalıdırlar.

Bəzi universitetlər təşəbbüskarlıq təlimlərinin yerinə yetirilməsində yerli hakimiyyət orqanları, şirkətlər və cəmiyyətlə qurulacaq əməkdaşlıqların verə biləcəyi faydaları görməsə də, bunun böyük əhəmiyyəti var. Bu əməkdaşlıq universitetlərə müxtəlif sahələrdə mövcud olan müasir resurslardan və yanaşmalardan faydalanmaq üçün əlverişli imkan yaradır. Çünki sadaladığımız tərəfdaşlar təşəbbüskar universitetlərə yeni ideyalar təqdim edərək, onlara aparılan tədqiqatlar nəticəsində ortaya çıxan təklif və nəticələri xidmətə çevirməyə, təşəbbüskarlıq təliminin məzmununu yeniləməyə imkan yaradır (O’Connor, 2012).

Təşəbbüskarlıq təlimlərinin əsas məqsədlərindən biri də tələbələrdə təşəbbüskarlıq səriştələrinin inkişaf etdirilməsidir. Bu səriştələr ədəbiyyatlarda daha çox bilik, bacarıq və münasibətlər kimi izah olunur və təşəbbüskar şəxslərin yeni dəyərlər yaratmağa qarşı göstərdikləri cəhdə təsir göstərən komponentlər kimi qəbul edilir. Bu mövzuda daha ətraflı məlumat Cədvəl 1-də verilir.

Cədvəl 1 Təşəbbüskarlıq səriştələri. Bəzi əsas təşəbbüskarlıq səriştələrini və onların idraki və qeyri-idraki səriştələrlə olan əlaqələrini əks etdirən cədvəl (Lackeus, 2014).

BİLİK MÜBADİLƏSİ VƏ UNİVERSİTETLƏR

Biliyin dəyərinin çox sürətlə artdığı indiki dövrdə onun formalaşdırılmasında və mübadiləsində təhsilin bütün maraqlı tərəfdaşlarının iştirakını təmin etmək təşəbbüskar universitetlərə uğur gətirir. Universitetin potensialını yüksəltmək və bu hədəfə çatmaq üçün ali təhsilin xarici tərəfdaşları olan sənaye şirkətləri, peşəkar şirkətlər, dövlət sektorları və s. ilə əməkdaşlıq vacib amillər hesab olunur.

Etzkovitz beynəlxalq rəqabətdə universitetlərin dayanıqlı bir sistemə sahib olmasında təhsilsənaye əməkdaşlığının faydalarını vurğulayır. O həm təhsil müəssisələrinin, həm də sənaye şirkətlərinin sürətlə dəyişən bazarda rəqabət qabiliyyətli olması üçün təşəbbüskar universitetlərin yaradılmasına dəstək verilməsinin vacibliyini bildirir (Etzkowitz, 2012). Universitetlərin bu əməkdaşlıq fəaliyyəti sadəcə yerli kontekstdə olmaqla qalmamalı, xarici əlaqələr genişləndirilərək ölkə xaricindən partnyorlar cəlb edilməlidir. Minguillo və Thelwall kooperativ əməkdaşlıq və akademik biliyin texnoparklarda yeni innovativ texnologiyaların inkişafına və sosial rifaha müsbət təsirini qeyd edərək, universitetlərin təşəbbüskarlıq fəaliyyətinin əhəmiyyətini vurğulamışdır (Minguillo & Thelwall, 2013). Dan isə ali təhsil müəssisələrində kommersiya fəaliyyəti apararaq sənaye şirkətləri ilə əməkdaşlığın tələbələrin hərtərəfli inkişafına dəstək olduğu fikrini irəli sürür və universitetlərin bu mövzuda əvvəlcədən tənzimlənmiş strategiyalara sahib olmasının zəruriliyini bildirir (Dan, 2013).

Bu fikirlərə əsaslanaraq deyə bilərik ki, universitetlər daxili və xarici əlaqələr qurmaq, tələbələrin xaricə çıxışını təmin etmək üçün mərkəzlər yaratmalıdır. Bununla da, onlar əməkdaşlıq etdikləri xarici tərəfdaşların da istəklərinə uyğun gələn proqramlar tətbiq etməklə qarşılıqlı əməkdaşlığın bütün tərəflərə fayda verməsini təmin edə bilərlər.

UNİVERSİTETLƏRDƏ BEYNƏLMİLƏLÇİLİK 

Ali təhsil müəssisələrini xarakterizə edən bir xüsusiyyət də onların beynəlmiləl olmasıdır. Bu onların təşəbbüskar universitet olması üçün vacib komponentlərdən biridir. Beynəlmiləlləşmə universitetlərin üçüncü missiya əldə etməsi və o fəaliyyətin genişləndirilməsi kimi nəzərdə tutulur (Bryant, 2007). Universitetlər öz təlim-tədris proseslərini beynəlmiləl funksiyalar və mədəniyyətlərarası bilik mübadiləsi ilə zənginləşdirmək üçün bu prosesdən keçirlər. Salem qeyd edir ki, bir müəssisə təşəbbüskar olmadan beynəlmiləl ola bilər, amma beynəlmiləl olmadan təşəbbüskar ola bilməz. Bu o deməkdir ki, beynəlmiləlləşmə təşəbbüskarlıq strategiyasının ən önəmli komponentlərindən biri olmaqla qlobal, mədəniyyətlərarası təhsilin məqsədini, funksiyalarını və ümumilikdə prosesi əhatə edir (Salem, 2014).

Təşəbbüskar universitetlər tələbələrin və pedaqoji kollektivin beynəlxalq mobilliyini təmin edir (Gibb, Haskins & Robertson, 2013). Belə ki, bu təhsil müəssisələri xarici tələbələrin sayının artırılması ilə təhsil mühitində beynəlmiləlliyin formalaşacağına, nəticədə yeni çalarlar əmələ gətirəcəyinə inanırlar. Bunu nəzərə alaraq onlar, həm xarici tələbələrin cəlb edilməsi üçün universitetlərin xarici əlaqələr departamentini təşəbbüskarlıq fəaliyyətinə qatır, həm də yerli tələbələrin öz təhsilini təkmilləşdirmək və ya davam etdirmək məqsədilə xarici universitetlərə göndərilməsinə imkan yaradırlar. Onlar bu beynəlxalq mobilliyi formalaşdırmaq üçün universitetdə təşviqlər və təqaüd proqramları təklif edirlər (Guerrero & Urbano, 2011).

AZƏRBAYCANDA TƏŞƏBBÜSKAR UNİVERSİTETLƏRİN YARADILMASI ZƏRURİLİYİ

2004-cü ildə Azərbaycan Boloniya sisteminə qoşulmaq üçün təşəbbüs göstərmiş, ilk dəfə bakalavriat səviyyəsində bu sistemi tətbiq etməklə təhsilin keyfiyyətini yüksəltməyə və Avropa universitetlərinin idarəçilik təcrübəsindən bəhrələnməyə çalışılmış, 2005-ci ildən isə Boloniya prosesinin həqiqi üzvü seçilmişdir. Son 25 ildə universitetlərimizin idarəçilik sistemində keyfiyyətliliyin və şəffaflığın artırılmasında bu əməkdaşlığın faydası böyükdür. Bununla belə, ölkəmizdə olan universitetlərin heç birinin dünyanın ilk 500 universiteti içərisində yer almaması təəssüf doğurur. Dünya universitetlərinin 2021-ci ildə paylaşdığı yeni reytinq cədvəlinin nəticələrinə əsasən ölkəmizdə olan universitetlərdən sadəcə Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universiteti dünya universitetləri arasında yer alsa da, onların heç biri dünyanın ilk 1000 universiteti sırasına daxil ola bilməmişdir (Ağaverdiyeva, 2010). Bu fakt onu göstərir ki, universitetlərimizdə təşəbbüskarlıq mühitinin formalaşmasına və aparılan təlim-tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var. Bu məcrada aparılacaq işlər, ilk növbədə universitetlərin maddi-texniki bazasını inkişaf etdirmək və tələbələrin öyrəndikləri nəzəri bilikləri praktik biliklərə çevirməsinə imkanı yaratmaq olmalıdır. Universitetlərdə aparılan fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların sayının çoxaldılması və elmi nəşrlərə olan istinadların sayı da təşəbbüskar ali təhsil müəssisələrini digər universitetlərdən fərqləndirən cəhətlərdəndir. 

Ölkəmizdə olan universitetlərin beynəlmiləlliyinin artırılması bilavasitə universitetlərin təşəbbüskarlığı üçün atılacaq addımların tamamlanmasından sonra ortaya çıxa biləcək bir nəticədir. Belə ki, universitetlərin maddi-texniki bazasını gücləndirməsi, yüksək tədqiqatçılıq qabiliyyətinə malik tələbə və müəllim kollektivinin formalaşdırılması, innovativ təhsil modellərinin tətbiqi, beynəlxalq arenadakı proseslərdə iştirakı, məzunlarının sahib olduğu yüksək kompetensiyaların əmək bazarında onları rəqiblərindən önə çıxarması ölkə daxilində və xaricində onlara olan rəğbəti artırar.

NƏTİCƏ

Öz sosial məsuliyyətini anlayan, həm daxili, həm də xarici maraqlı tərəflərin ehtiyaclarını ödəməyi bacaran və yerləşdikləri ölkənin iqtisadi inkişafına təkan verən təşəbbüskar universitetlərin formalaşması XXI əsrin tələbidir. Bu universitetlər biliyin iqtisadi inkişafın əsası olduğunu bilir, onun digər mənbələri üstələyərək insan kapitalının və maddi resursların formalaşmasındakı rolunu anlayırlar. Bu səbəbdən də təşəbbüskarlığı ilə seçilən, sosial məsuliyyətini anlayan, fəaliyyət göstərdiyi cəmiyyətin dəyərlərinə və qloballaşma prosesinin ehtiyaclarına əsaslanaraq idarə olunan universitetlərin yaradılması təklif edilir.

Təşəbbüskar universitetləri digər ənənəvi universitetlərdən fərqləndirən xüsusi cəhətlər var. Bunlardan birincisi, həmin universitetlərdə sənaye və biznes sahəsində fəaliyyət göstərən şirkətlər ilə güclü əlaqələrin mövcud olmasıdır. Təşəbbüskar universitetlər qeyd olunan müəssisələrin tələblərinə uyğun kadr ehtiyatının formalaşdırılmasında aparıcı rola malikdirlər. Onları fərqləndirən bir başqa cəhət müstəqil maliyyə bazasına sahib olmaları və geniş miqyaslı maliyyə qaynaqlarından faydalana bilmələridir. Belə ki, bu universitetlər innovativ layihələr icra edərək həm bazarda mövcud olan ehtiyaclara cavab verir, həm də bu müəssisələrdə fəaliyyət göstərən bütün fərdlər üçün əlavə gəlir imkanları yaradır. Universitetdə olan bütün heyətin müəssisənin təşəbbüskarlıq fəaliyyətində aktiv iştirakının vacibliyini də qeyd etmək lazımdır. Belə ki, vəzifəsindən asılı olmayaraq idarə heyətinin üzvləri, akademik kollektiv və tələbələr universitetdə olan təşəbbüskarlıq fəaliyyətinə qoşularaq müəssisəyə və fərdi inkişaflarına dəstək ola bilərlər. Mövcud ədəbiyyatları tədqiq edərkən onların mövcudluğunu əsaslandıran dörd səbəbi müəyyən etdik:

1) Təşəbbüskar universitetlər sosial-iqtisadi inkişafı əngəlləyən faktorları aradan qaldırır, yenilikçi düşüncələrin və yeni texnologiyaların kəşf olunması üçün imkanlar yaradır.
2) Təşəbbüskar universitetlər yerləşdikləri mühitin və cəmiyyətin inkişafına dəstək ola bilmək üçün həmin mühiti düzgün analiz etməyi bacaran və dəyərlər yarada bilən fərdlər yetişdirir. 
3) Təşəbbüskar universitetlər qlobal dünyada mövcud problemlərlə mübarizə aparır, onların həlli yollarını ortaya çıxarmaq üçün sistematik dəyişikliklər edir və bu dəyişikliklərin əsas aparıcı qüvvəsinə çevrilir.
4) Təşəbbüskar universitetlər öz fəaliyyətlərini davam etdirmək üçün dövlət tərəfindən təmin edilən maddi-texniki baza və dəstəkdən daha çox, özləri yeni maliyyə qaynaqları yaradaraq müstəqil maliyyə sistemi formalaşdırır.

Hazırda ölkəmizdə təşəbbüskar universitetlər mövcud olmasa da, bu universitetlərin qurulması təşəbbüskar elmi mühitin yaradılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə, ali məktəblərdə hazırlanan kadr potensialının rəqabətliliyinə, ölkə iqtisadiyyatında mövcud olan inkişafın dinamikasının artırılmasına və ümumilikdə həyatın bütün sahələrində keyfiyyətli xidmətin formalaşdırılmasına müsbət təsir edəcəkdir.

İstifadə edilmiş ədəbiyyat

1 Ağaverdiyeva, N. (2010). “Ali Təhsildə Boloniya Sistemi”. “Səs” qəzeti, 16 iyun, s.10.
2 Bok, D. (2007). Piyasa ortamında üniversiteler. Yüksek öğretimin ticarileşmesi. İstanbul: İstanbul Bilgi Üniversitesi Yayınları.
3 Bowen, G.A. (2009). Document Analysis as a Qualitative Research Method, Qualitative Research Journal, 9(2), 26-40.
4 Bryant, Lewis V.F. (2007). Integrated Internationalism in UK higher education: interpretations, manifestations and recommendations. University of Bath, UK.
5 Czerniachowicz, B., & Wieczorek-Szymańska, A. (2019). Selected Problems of an Entrepreneurial University – a Theoretical Perspective, Balkan Region Conference on Engineering and Business Education, 3(1), 426-437.
6 Dan, M.C. (2013). Why should university and business cooperate? A discussion of advantages and disadvantages. International Journal of Economic Practices and Theories, 3(1), 67-74. 
7 Dill, D. (1995). University-industry entrepreneurship: The organization and management of American university technology transfer units. High Educ 29, 369–384.
8 Etzkowitz, H. (2003). The European entrepreneurial university: an alternative to the US model. Industry and Higher Education, 17(5), 325–335.
9 Etzkowitz, H. (2012). Triple helix clusters: boundary permeability at university–industry– government interfaces as a regional innovation strategy. Environment and Planning-Part C, 30(5), 766. https://doi.org/10.1068/c1182
10 Fayolle, A., & Gailly, B. (2008). From craft to science – Teaching models and learning processes in entrepreneurship education. Journal of European Industrial Training, 32, 569-593.
11 Gandolfi, F. (2016). “Fundamentals of leadership development,” Executive Master’s in Leadership Presentation, Georgetown University, June.
12 Gibb, A., Haskins, G., Robertson, I. (2013). Leading the Entrepreneurial University: Meeting the Entrepreneurial Development Needs of Higher Education Institutions. In: Altmann A., Ebersberger, B. (2013). (eds) Universities in Change. Innovation, Technology, and Knowledge Management. Springer, New York, NY. 

13 Goldstein, H.A. (2008). The “entrepreneurial turn” and regional economic development mission of universities. The Annals of  Regional Science, 44(1), 83–109.
14 Chrisman, J., Hynes, T., Fraser, S. (1995). Faculty entrepreneurship and economic development: The case of the University of  Calgary, Journal of Business Venturing, Volume 10, Issue 4, Pages 267-281,
15 Kirby, D. (2015). Creating Entrepreneurial Universities in the UK: Applying Entrepreneurship Theory to Practice. Journal of Technology Transfer 31(5): 599–603.
16 Kirby, D., Guerrero, M., & Urbano, D. (2011). Making Universities More Entrepreneurial: Development of a Model. Canadian  Journal of Administrative Sciences / Revue Canadienne Des Sciences del’Administration, 28(3), 302–316.
17 Kyrö, P. (2005). Entrepreneurial Learning in a Cross-Cultural Context Challenges Previous Learning Paradigms? In P. Kyrö & C. Carrier (ed.), The dynamics of Learning Entrepreneurship in a Cross-Cultural Univeristy Context (pp.68—103). University of Tampere
Research Centre for Vocational and Professional Education.
18 Lackéus, M. & Williams, M.K. (2014). Venture Creation Programs – Bridging Entrepreneurship Education and Technology Transfer. Education + Training, in press.
19 Leadership, N. (2020). Oxford Learner’s Dictionary online. Retrieved March 08, 2021, from Oxford University Press: https://www.oxfordlearnersdictionaries.com/definition/english/leadership?q=leadership 
20 Mautner, G. (2004). The Entrepreneurial University: A Discursive Profile of a Higher Education Buzzword, WorkingPapers, Vienna
University, Austria, 1-45.
21 Minguillo, D., & Thelwall, M. (2013). The entrepreneurial role of the university: A link analysis of York Science Park. In Noyons, E.,
Ngulube, P., Leta, J. (Eds.), Preceedings of the ISSI 2001 Conference – 13th International Conference of the International Society of
Scientometrics & Informetrics (pp. 570-583). July 4-8, 2011, Durban, South Africa.
22 Mwasalwiba, E.S. (2010). Entrepreneurship education: a review of its objectives, teaching methods, and impact indicators.  Education +
Training, 52 20-47.
23 O’Connor, A. (2012). A conceptual framework for entrepreneurship education policy: Meeting government and economic purposes. Journal of Business Venturing, 4(28), 546-563.
24 QAA. (2012). Enterprise and entrepreneurship education: Guidance for UK higher education providers. Gloucester, UK: The Quality Assurance Agency for Higher Education.
25 Röpke, J. (1998). The Entrepreneurial University: Innovation, Academic Knowledge Creation and Regional Development in a
Globalized Economy. Marburg: MC Verlag.
26 Salem, M.I. (2014). “Higher Education as a Pathway to Entrepreneurship”. International
27 Business & Economics Research Journal, vol. 13, no. 2, pp.289-294.
28 Sart, G. (2014). The new leadership model of university management for innovation and entrepreneurship. Eurasian Journal of
Educational Research. 57, pp.73-90.
29 Smith, D. (2004); Clark B.(1998). Creating Entrepreneurial Universities: Organizational Pathways of Transformation. Higher Education, 38 (3), 373-374.
30 Smith, A.J., Collins, L.A., & Hannon, P.D. (2006). Embedding new entrepreneurship programmes in UK higher education institutions: challenges and considerations. Education+ Training, 48, 555-567.
31 Subotzky, G. (1999). “Alternatives to the Entrepreneurial University: New Modes of Knowledge Production in Community Service
Programs”. Higher Education, 38(4): 401-440.
32 Wach, E. (2013). Learning about qualitative document analysis. Retrieved from https://opendocs.ids.ac.uk/opendocs/bitstream/handle/20.500.12413/2989/PP%20InBrief%2013%20QDA%20FINAL2.pdf?sequence=4.
33 Winston, B.E., & Patterson, K. (2006). “An integrative definition of leadership,” International Journal of Leadership Studies, 1 (2), pp. 6–66.
34 Razvan, Z., & Dainora, G. (2009). “Challenges And Opportunities Faced By Entrepreneurial University. Some Lessons From Romania And Lithuania,” Annals of Faculty of Economics, University of Oradea, Faculty of Economics, vol. 4 (1), pages 874-876, May.
35 Zeithaml, V.A., Berry, L.L., & Parasuraman, A. (1996). The behavioral consequences of service quality. the Journal of Marketing, 31-46.