ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Mütaliə pedaqoji problem kimi

Araşdırmanın məqsədi mütaliənin pedaqoji problem olduğunu və məktəblilərin
mədəniyyətinin formalaşmasında oynadığı rolu müəyyənləşdirməkdir. Bu sahədə
apardığımız tədqiqatın dayanıqlığına nail olmaq üçün Azərbaycan Respublikasının
Təhsil Nazirliyinin 2015-2019-cu illərdə ümumtəhsil məktəblərinin VIII-XI sinif
şagirdlərinin iştirakı ilə təşkil etdiyi “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb,
rayon (şəhər) və ölkə mərhələsinin imkanlarından istifadə etdik. Məktəb mərhələsi,
bədii əsər oxumağa meyil və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı
nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkara çıxarılmasına həsr
edilmişdir. Şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları
(oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi
əhəmiyyəti və s.) yazılı cavablandırmışdırlar. VIII-IX siniflər üzrə 10-dan, X-XI
siniflər üzrə 15-dən artıq mütaliə etmiş şagirdlərin adlı siyahısı hazırlanmışdır.
Hər məktəbdən ən çoxu 3 şagird seçilmiş, onların adlı siyahısı (adı, soyadı,
atasının adı, oxuduğu məktəb, sinif) rayon (şəhər) mərhələsində iştirak etmək
üçün təhsil şöbəsinə (idarəsinə) təqdim edilmişdir. Müsabiqənin rayon (şəhər)
mərhələsi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatı (klassik ədəbiyyat, XX
əsr ədəbiyyatı, müasir dövr ədəbiyyatı, görkəmli ədəbi şəxsiyyətlər və onların
əsərləri, yaradıcılıq istiqamətlərinə görə onların müqayisəsi və s.) haqqında
biliklərinin aşkara çıxarılmasına, oxuduqları bədii əsərlərin ictimai mahiyyətinin,
insanların mənəvi tərbiyəsində rolunun, ədəbiyyat tarixində tutduğu yerin hansı
səviyyədə dərk olunmasına yönəlmiş, həmin əsərlər və onlarda əks etdirilmiş
surətlər barədə müstəqil fikirlərinin öyrənilməsini əhatə edən tapşırıqlar
hazırlanmışdır. Tapşırıqlar 15 sual olmaqla 2 və daha artıq variantda hazırlanmış,
hər bir sual yazılı cavablandırılmışdır. Tapşırıqların müvafiq meyarlar əsasında
qiymətləndirilməsi başa çatdıqdan sonra hər iki şifrə tutuşdurulmaqla şagirdlərin
nəticəsi müəyyən edilmiş, həmin nəticələr əsasında reytinq cədvəli tərtib
olunmuş və qaliblər ölkə mərhələsinə göndərilmişdir. Ümumtəhsil məktəblərinin
VIII-XI sinif şagirdlərinin iştirakı ilə ölkə mərhələsi Bakı şəhərində təşkil olunmuş,
bu mərhələdə 2016-cı ildə 93, 2017-ci ildə 111, 2018-ci ildə 110, 2019-cu ildə isə 125
nəfər iştirak etmişdir. Apardığımız araşdırma göstərir ki, son vaxtlar təhsil
sahəsində həyata keçirilən məqsədyönlü islahatlar uşaqların mütaliə mədəniyyətinin
inkişafına da təsir göstərmişdir. Bu işdə inkişafa nail olmağın səbəbi mütaliəninoxunun
fəlsəfəsinin və metodikasının dəyişməsidir. Tədqiqatda mütaliə
mədəniyyətinin formalaşdırılması mərhələləri və 2019-cu ilin ölkə mərhələsinin
nəticələrinin riyazi-statistik ümumiləşdirilməsi də aparılmışdır.

Açar sözlər: Mütaliə mədəniyyəti, mənəvi-əxlaqi tərbiyə, intellektual inkişaf, sinifdənxaric iş, ədəbi əsər.

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ