ELMİ-NƏZƏRİ
PEDAQOJİ JURNAL
Oxu təlimi diferensial yanaşmanı təmin edən effektiv tədris metodu kimi

Məktəbdə şagirdlərin akademik hazırlıq səviyyələri fərqli olur və bu da
mövcud tədris materialının yüksək səviyyədə mənimsənilməsini təmin
etməyə çalışan müəllimlər üçün müəyyən çətinliklər yaradır. Vəziyyətdən
çıxış yolu kimi, təhsilverənlər dərs planını daha çox orta statistik
şagirdin bilik və bacarıqlarını rəhbər tutaraq tərtib etsələr də, bu,
istedadlı şagirdlərin, eləcə də nisbətən zəif hesab olunan şagirdlərin
diqqətdən kənar qalmasına səbəb olur. Məqalədə tədris prosesində
müəllimlərin üzləşdiyi bu problemin həllinə töhfə verə biləcək model
kimi oxu təlimi (Reader’s workshop) təklif və müzakirə olunur. Bu model
oxumağı öyrənmə zamanı şagirdlərə diferensial yanaşmağa, o
cümlədən onları fəal şəkildə öyrənmə prosesinə cəlb etməyə imkan
verir. Oxu təlimi zamanı təhsilalanlar öz oxu səviyyələrinə uyğun olaraq
istər cütlərlə, istərsə də müstəqil formada oxuyurlar və bu zaman
müəllim eyni bilik səviyyəsinə malik şagirdlərdən təşkil olunmuş qrupla
işləyir. O bu cür qruplarla iş zamanı dərsi şagirdlərin fərdi ehtiyaclarına
uyğun təşkil etmək imkanı əldə edir. Bu təlim modeli öyrənmək, oxu
kitabını seçmək, kitab haqqında yazmaq və fikirlərini yoldaşları ilə
paylaşmaq, habelə qrupda müzakirə etmək kimi komponentləri
özündə ehtiva edir. Tədqiqatlar göstərir ki, oxu təlimi zamanı şagirdlərin
oxu bacarıqları və oxuya münasibətləri inkişaf edir, müəllimlər isə təlimi
diferensiallaşdırmaq üçün müəyyən vaxt qazanır. Məqalənin əsas
məqsədi “oxu təlimi” məfhumuna aydınlıq gətirmək, bu modelin
komponentlərini müzakirə etmək, eləcə də təlim çərçivəsində müəllim
və şagirdlərin rolunu müəyyənləşdirməkdir. Seçim, zaman və çevikliyin
oxu təliminin əsas elementləri kimi qeyd olunduğu bu məqalədə
öyrənmənin “təlim” şəklində təşkili və müvafiq ədəbiyyatların qısa
təhlili də öz əksini tapmışdır. Məqalədə oxu təliminin faydaları və
çətinliklərindən də bəhs edilir, eyni zamanda onun müvəffəqiyyətlə
həyata keçirilməsini təmin etmək üçün tövsiyələr verilir.

Açar sözlər: Oxu təlimi, diferensial yanaşma, seçim, zaman, çeviklik.

«Azərbaycan məktəbi» Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi akademik jurnaldır. Jurnal aşağıdakı tədqiqat sahələri üzrə orijinal məqalələr dərc edir: təhsil idarəçiliyi; təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi; təhsil siyasəti; kurikulum; təhsil texnologiyaları; pedaqogika; təhsilin sosiologiyası; təhsil tarixi; xüsusi təhsil; müəllim hazırlığı; qiymətləndirmə və s. Jurnalda, həmçinin təhsillə bağlı yerli və xarici nəşriyyatlarda çap olunan kitablar haqqında icmallara yer verilir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasındadır.

TƏRƏFDAŞLARIMIZ